![]()
5 Oktyabr – Günlərdən Müəllimlər Günü…
Müəllim – cəmiyyətin memarı, gələcəyin yolgöstərəni, insan həyatında silinməz iz qoyan böyük şəxsiyyətdir. Hər birimizin həyatında bizə ilk əlifbanı öyrədən, ilk addımlarımıza işıq tutan, həyatın enişli-yoxuşlu yollarında doğru istiqamət verən bir müəllim var. Müəllim yalnız bir peşə deyil, bu, böyük məsuliyyət, fədakarlıq və sevgi tələb edən ali bir missiyadır.
Müasir dünyada texnologiya, informasiya və dəyişən təhsil metodikaları içində müəllimin rolu nəinki azalmır, əksinə, daha da əhəmiyyət qazanır. Çünki insan yalnız bilgi ilə deyil, şəxsiyyətlə formalaşır. Bunu isə yalnız ürəklə çalışan, sevgi ilə dərs deyən, təkcə ağıllara deyil, qəlblərə də toxuna bilən müəllimlər bacarır.
Bu müqəddəs peşənin daşıyıcıları, zamanın bütün çağırışlarına baxmayaraq, gələcəyin təməlini qoymağa davam edirlər. Onların əməyi kağız üzərində deyil, insan talelərində, uğurlu gələcəkdə, həyata hazır gənc nəslin yetişməsində əks olunur.
Müəllim olmaq – sadəcə bir fənni tədris etmək deyil, insan yetişdirməkdir. Ən çətin anda şagirdinə ümid vermək, onunla birgə sevinmək, ağrısını bölüşmək, hər uğurunu öz övladının uğuru kimi yaşamaqdır. Bütün bunlar ancaq böyük ürək sahiblərinin işidir.
Bu əlamətdar gündə bütün müəllimlərə sonsuz təşəkkürümüzü bildiririk. Sizin əlinizdən keçən hər bir uşaq, sabahın vətənə yararlı vətəndaşıdır. Etdiyiniz hər bir iş, söylədiyiniz hər bir söz bir ömür boyu yaşamağa qadirdir.
Bayramınız mübarək, əziz müəllimlər!
Siz həmişə nur saçan mayak kimi yollarımıza işıq tutacaqsınız…
Firəngiz Sabirqızı
Subyekt.az