![]()
1 avqust tarixində Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur. Bu gün, ana dilimizin və onun yazılı ifadə vasitəsi olan əlifbamızın inkişafına verilən önəmi vurğulamaq üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dili xalqımızın milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını yaşadan ən vacib amillərdəndir. Əsrlər boyu müxtəlif əlifbalarla yazılan dilimiz 2001-ci ildən rəsmi olaraq latın qrafikalı Azərbaycan əlifbası ilə rəsmiləşdirilib. Məhz bu səbəbdən, ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı sərəncama əsasən, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilib.
Bu gün ölkənin bütün bölgələrində, təhsil və mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilir, ana dilimizin qorunması və zənginləşdirilməsi istiqamətində layihələr təqdim olunur. Eyni zamanda, bu tarix cəmiyyətin diqqətini dilə olan münasibətə, onu düzgün və səlis şəkildə istifadə etməyin vacibliyinə yönəldir.
Azərbaycan dili – bizim milli sərvətimizdir. Onu qorumaq və gələcək nəsillərə layiqincə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Firəngiz Sabirqızı
Subyekt.az