![]()
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov çıxışında Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb, Dahi Rəhbərin siyasi fəaliyyəti dövründə azərbaycanlıların milli birliyi və vahid milli ideya ətrafında birləşməsi yolunda yorulmadan çalışdığını bildirib. E.Məhərrəmov Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin dünya birliyinin layiqli üzvünə çevrildiyini vurğulayıb. Həmçinin, qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu həm 44 günlük Vətən müharibəsində, həm də cəmi bir günlük antiterror tədbirlərində tarixi Zəfər qazanaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə qeyd edib ki, zəngin idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli inkişaf konsepsiyasını işləyib hazırlayıb və onu dəqiqliklə həyata keçirib. Bugünkü müstəqil, demokratik və sürətlə inkişaf edən Azərbaycan Ümummilli Liderin şah əsəridir.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov çıxışında həyatının mənasını xalqa və dövlətə xidmətdə görən, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirən Ulu Öndərin böyük ehtiramla, rəğbətlə xatırlandığını, bundan sonra da milyonlarla insanın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov xalqımızı zamanın çətin sınaqlarından uğurla çıxarıb müstəqilliyə qovuşduran Ümummilli Liderin mənalı ömür yolundan, Vətən və xalq qarşısında müstəsna xidmətlərindən ətraflı bəhs edib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin mənalı həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Daha sonra Bakı Regional Mərkəzinin ərazisində Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş iməcilik və ağacəkmə aksiyası keçirilib.

Subyekt.az