![]()
Fazil Mustafa müəllif olaraq birdən-birə üç kitabını oxuculara təqdim etdi. Belə elmi, ədəbi-publisistik məhsuldarlıq nəinki millət vəkilləri və siyasi xadimlər, hətta məşhur qələm adamları arasında da nadir hadisələrdəndir. “Anladım, Tanıdım, Yaşadım”, “Cəhalət gülləsi, aydınlıq çiləsi” və “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə”. Kitablar müxtəlif mövzulara həsr olunsa da, onları bir ümumi qayənin birləşdirdiyini görmək olar. Bu, iki yüz illik işğaldan sonra azadlığına qovuşmuş Azərbaycanın tarixi keçmişi, bu günü, gələcəyi, xalqımızı ayaqda saxlayan mənəvi sütunlar, vətənimizin birliyi və bütövlüyüdür. Elmi-publisistik dil, rəvan təhkiyə, hadisə və faktların dərin analizi mövzuların təhlil dinamikasını artıraraq kütləvi oxucunu da özünə cəlb edə bilir.
“Anladım, Tanıdım, Yaşadım” kitabı Fazil Mustafanın yüksək dəyər verdiyi, əsərlərindən, həyat və mübarizəsindən bəhrələndiyi tarixi şəxsiyyətlər və onun müasirlərinin bir qismi haqqında məqalələr toplusudur. 50 nəfərlik bu böyük sıralamada Aşıq Ələsgər, Əli bəy Hüseynzadə, Mehmet Akif, Nabokov, Sokrat, eləcə də müəllifin şəxsən tanıyıb ünsiyyətdə olduğu Anar, Əbülfəz Elçibəy, Flora Kərimova, Xəlil Rza kimi görkəmli adamların adı var. Məqalələrin bəziləri bizə dövri mətbuat və sosial şəbəkələrdən tanışdır.
Geniş mənada isə məqalələr bu şəxsiyyətlərin elmi-ədəbi, ictimai-siyasi və mədəni irsi üzərində Fazil Mustafa idrakı və düşüncəsinin inikasıdır. Burada orijinal fikirlər, indiyədək çoxlarının görə bilmədiyi xarakter cəhətləri çoxdur. Məqalələr fakt və biliklərin, fikir və metaforaların təkrarı yox, şəxsiyyətlərə və onların irsinə özünəməxsus yeni baxışın, dərin psixoloji nüfuzun təzahürüdür. Əminəm ki, gələcəkdə bu kitabın bir çox səhifələri Fazil Mustafanın yaşadığı zamanın fakturası kimi həm oxucular üçün maraqlı olacaq, həm də tədqiqatçılar üçün dürüst və qiymətli məxəz rolunu oynayacaq. Mən bu yaxınlarda təsadüfən rastlaşdığım bir fakt haqqında yazmışdım: yaşlı nəslin şəxsən tanıdığı məşhur Bakı meri Əliş Ləmbəranski və onun Cümhuriyyət parlamentinin üzvü olmuş, sonralar tibb sahəsində böyük vəzifələr tutmuş həkim atası Cəmil bəy Ləmbəranski… Hər ikisi çox mənalı ömür sürüb, çar Rusiyası və sovet sisteminin qanlı-qadalı illərini yaşayıb, lakin özlərindən sonra istinad ediləcək bircə dənə də yazılı cümlə qoyub getməyiblər. Təkcə onlar yox, əksər siyasi xadimlərimiz gördüklərini, bildiklərini özləri ilə qəbirə aparıb. Fazil Mustafanın bu şəxsiyyətlər haqqında yazdıqları bəzi boşluqları doldura bilir.
Məsələn, Azərbaycanın ən çətin dövrlərində çiyin-çiyinə mübarizə apardığı Əbülfəz Elçibəy haqqında yazır: “Bir çoxları Elçibəyi mübarizə simvolu kimi təqdim etməyə çalışsalar da, o, əslində xarakter olaraq barış və tarazlıq obrazı idi. Fikrimcə, Elçibəy heç vaxt hakimiyyət uğrunda amansız mübarizənin simvolu ola bilməz”. Bu, Əbülfəz bəyin siyasi portreti fonunda mənəvi lider obrazına tutulan güzgüdür. Zənnimcə, Elçibəyi sevdirən ən mühüm amillərdən biri də məhz bu obrazıdır.
Bu sırada ən maraqlı mətnlərdən biri də müəllifin Heydər Əliyevlə iki görüşü haqqında yazdığı məqalədir. İki-üç səhifəlik xatirə-təhlil üslublu yazıda böyük bir epoxanın ictimai-siyasi mənzərəsi dolğun publisistik boya və səmimi cizgilərlə təsvir edilib, Heydər Əliyevin müdrik rəhbər və böyük liderlik xüsusiyyətləri önə çəkilib.
Bəziləri iddia edir ki, XX əsr dünyaya Atatürk, Qandi, Mao, Stalin, Çörçil kimi rəhbərləri verməklə bəşəriyyətin inkişafında şəxsiyyətlər dövrünü bitirdi. Onların fikrincə, internetin kəşfi XXI əsri kütlə əsrinə çevirdi və geriqayıdış artıq mümkün deyil. Bu iddiaların qarşısında da Fazil Mustafanın yaratdığı tarixi şəxsiyyət və müasirlərinin obrazları canlı, sağlam və fundamentaldır. Necə deyərlər, əlyazmalar yanmır.
M.F. Axundov, Sabir, Seyid Əzim portretlərində müəllif bu şəxsiyyətlərin zamanı qabaqlayan, əksər hallarda onunla münaqişəyə girən ədəbi fəaliyyətləri ilə yanaşı, dövrün əksər dini motiv və prioritetlərinin əsasən xurafatdan və cahillikdən qidalandığını vurğulayır. Ümumiyyətlə, islam dininin fəlsəfi mahiyyəti və mənəvi qüdrəti Fazil Mustafanı daim qayğılandıran mövzularındandır. Çünki mövzu bir çox dini koordinatları və oriyentirləri təhrif edilmiş müsəlman Şərqi üçün bu gün də mühüm əhəmiyyət daşımaqda, öz aktuallığını qoruyub saxlamaqda davam edir. İslam əleyhdarlarının əlində həmişə kəsərli silah kimi müsəlman xalqlara qarşı istifadə edilmiş məzhəbçiliyə, təriqətçiliyə, tarixi şiə və sünni ikitirəliyinə müəllifin münasibəti ənənəvi sovet dinşünaslığından çox uzaq olduğu üçün Azərbaycanda kök salmış İran təmayüllü cəhalət onunla mübarizəni az qala cihad səviyyəsinə qaldırıb. Akutaqava deyirdi ki, ənənəvi bağların qırılması mənim kədərimin mənbəyidir. Yapon cəmiyyəti bütünlüklə milli ənənəviçilik üzərində mövcuddur. Sovet ənənəviçiliyinin xüsusi qorunan dirəklərindən biri olan dini ənənəviçilik Fazil Mustafanın qələmində islamın real tarixinə söykənəcəklə sındırılır və təəssüf ki, hələ də Sabirin, Mirzə Cəlilin dövründə olduğu kimi cavabsız qalmır. 28 mart 2023-cü ildə evinin qapısında atılan cəhalət güllələri onun həyatına son qoymaq məqsədi güdürdü. “Cəhalət gülləsi, aydınlıq çiləsi” kitabı bu haqdadır. Kitab təkcə millət vəkilinə qarşı qurulmuş detektiv olay reallığını deyil, yeri gəldikcə qısa kontekstdə də olsa, F. Mustafanın dini baxışlarının səciyyəsi olaraq oxunur.
Ümumiyyətlə, Fazil Mustafa qələmi peşəkar səriştə ilə işlədən nadir deputatlardandır. Bəlkə də o, hüquqşünas olmasaydı, şair olub çox maraqlı şeirlər yazardı. Bəlkə elə indi də poeziya vurğunluğu onu Azərbaycan reallığının sərt üzündən ayıra bilir. Onun sözə, kitaba olan son dərəcə həssas münasibətini internet belə üstələyə bilmir. Cəmiyyətin gündəmində az da olsa aktuallıq kəsb edən nə varsa, Fazil Mustafa qələmi orada görünür və həqiqətin, ictimai əhəmiyyət kəsb edən dəyərlərin topluma çatdırılması üçün gücünü, enerjisini və vaxtını əsirgəmir. Bu baxımdan müəllifin təqdim etdiyi üçüncü kitab – “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” də maraqlıdır. Son yüz ildə yazılı Azərbaycan tarixinin Rusiya akademikləri tərəfindən ümumtürk mətnindən qoparılaraq ciddi şəkildə təhrif edilməsi, xalqımızın türk soykökünün açıq-aşkar danılması, onun tarixi uğur və qələbələrinin başqa xalqların adına yazılması konsepsiyası Azərbaycan tarix elmində də məcburi prioritet olub. Bu mövzuda müstəqillik dövrünün elmi araşdırmalarını əhatə edən diskussiyalar sosial şəbəkələrdə də xüsusi çəkiyə malikdir. F. Mustafanın imzası və adı bu mübahisələrin episentrində tez-tez görünür. Burada da əsasən Azərbaycanda islam, Səfəvilər və müstəqillik dövrünün Azərbaycanı vaxtaşırı Fazil Mustafanı həm bir alim, həm də bir siyasi xadim kimi dilləndirərək onun orijinal və cəsarətli fikirlərini ortaya qoyur. Məsələn, o belə deyir: “Bugünkü çağdaş, dünyəvi Azərbaycan Cümhuriyyəti Səfəvilərin yekunu deyil. Səfəvilərin yekunu hər yönü ilə geriçi, teokratik İran İslam Cümhuriyyətidir. Biz taleyimizi müsbət mənada dəyişmiş 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin yekunuyuq. Yəni aydınlıq tariximizin özəti belədir: millətimizin kiçik bir hissəsi dini-ideoloji cəhalət bataqlığından xilas olaraq Rusiya müstəmləkəçiliyinə keçib, əlverişli tarixi şəraitdə bu müstəmləkəçilikdən qurtularaq öz milli identifikasiyasına əsaslanan çağdaş Azərbaycan Cümhuriyyətini yaradıb”. Əlbəttə, məsələ öz genişliyi ilə ən müxtəlif fikirləri özündə ehtiva etməyə qadirdir. Tutaq ki, ən yaxşı müstəmləkənin belə ən pis milli dövlətçilikdən pis olduğunu iddia etmək yanlışlıq olmaz. Ancaq məsələ burasındadır ki, Fazil Mustafa rus müstəmləkəçiliyini milli azadlıqla deyil, xalqımızın və torpağımızın əsas hissəsini işğal etmiş müasir fars müstəmləkəçiliyi, bəzən də cəhalət və səriştəsizlik müstəmləkəçiliyi ilə üst-üstə qoyaraq müqayisə edir və haqlı olaraq bu müqayisələrdə bizi öz tərəqqisinin yedəyində müəyyən məsafələrə qədər aparmış birincinin tərəfində durur.
Müasir, müstəqil Azərbaycanın problemlərini təkcə tarixi mövzuların düzgün istiqamətdə yozumu ilə həll etmək mümkün deyil. Burada gənc Azərbaycan dövləti dünya kapitalının ən yırtıcı qüvvələri ilə üz-üzədir. Azərbaycana qarşı hansı işğalçı qüvvələrin yüzilliklər boyu necə çalışması indi-indi açılaraq ifşa edilir. Azərbaycan xalqının istiqlaliyyət mübarizəsi bu gün də davam edir. Vaxtilə öz torpaqlarımızda itirdiyimiz 40 kilometrlik Zəngəzur dəhlizindən adi yolçu kimi keçib getmək bu gün təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün nə qədər böyük bir problemə çevrilib! Xalqımızın və dövlətimizin gələcəyi uğrunda davam edən bu çətin mübarizədə 30-dan artıq kitabın müəllifi Fazil Mustafanın ictimai-siyasi və elmi-publisistik fəaliyyəti özünəməxsus önəm daşımaqdadır.



Səfər Alışarlı
Subyekt.az