![]()
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Türküstan” media qrupunun baş redaktoru Aqil Camala ünvanladığı məktubda qəzetin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb.
Komitə sədri bildirib ki, 2006-cı ildən etibarən çıxan “Türküstan” qəzeti ötən illər boyu Azərbaycan media məkanında özünəməxsus yer tutaraq Türk dünyasının ortaq dəyərlərinin, tarixi-mədəni irsinin və ölkələrarası əməkdaşlıq ideyalarının təbliğinə önəmli töhfələr verib.
Təbrik məktubunda qəzetin dünya azərbaycanlılarının həmrəyliyinin, diaspor fəaliyyətinin, vətəndaş cəmiyyəti institutlarının diqqətəlayiq təşəbbüslərinin işıqlandırılmasına, eləcə də türk xalqlarının tarixi, mədəniyyəti və gələcəyi ilə bağlı mövzulara xüsusi diqqət ayırmasının təqdirəlayiq olduğu vurğulanıb.
Fazil Mustafa vurğulayıb ki, çağdaş dönəmdə güvənli, məsuliyyətli və milli çıxarlara söykənən media resurslarının rolu daha da artıb. Bu baxımdan, “Türküstan” qəzeti və onun elektron platforması olan Turkustan.az ölkənin ictimai-siyasi həyatında, Türk dünyası ilə mədəni bağların möhkəmləndirilməsində, cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında əhəmiyyətli fəaliyyət göstərir.
Komitə sədri qəzetin TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və digər nüfuzlu qurumlar tərəfindən müxtəlif ödüllərə layiq görülməsini onun fəaliyyətinə verilən yüksək beynəlxalq qiymətin göstəricisi kimi dəyərləndirib. O, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən qəzetə göstərilən davamlı dəstəyin bu media orqanının milli informasiya məkanında qazandığı etimad və nüfuzun ifadəsi olduğunu bildirib.
Təbrik məktubunda “Türküstan” qəzetinin bundan sonra da Türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsi, ortaq dəyərlərin təbliği, milli-mənəvi irsin qorunması və ictimai fikrin inkişafı yönündə fəaliyyətini uğurla davam etdirəcəyinə əminlik ifadə olunub.
Fazil Mustafa yubiley münasibətilə baş redaktor Aqil Camalı, qəzetin kollektivini və daimi oxucularını təbrik edərək, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.


Subyekt.az