![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ordu günü ilə bağlı Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir:
“Bu gün, təməli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin Günüdür. Ordumuzun yarandığı gün bu məmləkətin azadlığını ən ali dəyər hesab edən hər bir vətəndaşımız, soydaşımız üçün doğum günü qədər anlamlıdır. Müstəqilliyimizin qoruyucu immuniteti, evimizdə rahat oturmamızın səbəbi məhz bu ordunun varlığıdır.
Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan Ordusu istənilən situasiyada düşmənə ən ağır zərbə vurmaq qabiliyyətinə sahibdir.
Günümüzdə bölgədə baş verənlər göstərir ki, hər bir dövlət üçün ən mühüm dayaqlardan biri ordudur. Hər bir dövlətin dayanıqlı olması üçün güclü və savadlı kadrlardan ibarət ordu quruculuğu əsas şərtlərdəndir. Müasir hərbi çağırışlar ordunun şəxsi heyətinin, Silahlı Qüvvələrin əsas bazasının savadlı, elmi yeniliklərdən xəbərdar olan peşəkar kadrlardan ibarət olmasını şərtləndirir. Bunun üçün ilk növbədə təhsil sistemi sürətlə dəyişən zamanın tələbi ilə ayaqlaşmalı, bütün tələblərə cavab verməlidir. Millətin gələcəyi olan təhsil, həm də hərbi ordu quruculuğunun təməl daşıdır.
Bəşəriyyət tarixi müəyyən mənada müharibələr tarixidir. Dünya sürətlə silahlanır, yeni müharibə ssenariləri yazılır. Bu ssenariləri dəstəkləyəcək silah texnologiyaları bütün bəşəriyyəti məhv edəcək təhlükələrə əhəmiyyət vermədən, yəni heç bir hüquqi və etik məhdudiyyət olmadan inkişaf edir. Bəşəriyyətin xidmətində olmalı olan texnologiyalar onu məhv etmək yolundadır. 21-ci əsr “ağıl əsri” olacaq, hər şey ağıllı konseptə uyğun (ağıllı avtomobillər, ağıllı şəhərlər və s.) hazırlanır, müdafiə sənayesi də süni intellekt, 6G, kvant texnologiyası və biotexnologiya kimi sahələrdə yeni inkişaflar axtarır. Hərbi texnologiyalar silahlı qüvvələrə böyük dəyişikliklər gətirir, yəni köhnə silahlar artıq tarixdir. Ağıllı texnologiyalar avtonom sistemlərlə “ağıllı müharibə” aparacaq. Əməliyyat mühitindəki dəyişikliklərə paralel olaraq, silah texnologiyasındakı inkişaflarla dəstəklənən yeni bir müharibə mədəniyyətinin doğuş mərhələsindəyik. Bu baxımdan elmli, təhsilli, savadlı, müsair texnolji yeniliklərdən xəbərdar olan peşəkar kadrlara həmişəkidnən daha çox ehtiyac var. Ümidvarıq ki, dövlətimizin, Ali Baş Komandanın Silahlı Qüvvələrə olan diqqət və qayğısı Ordumuzu dünyanın ən qabaqcıl orduları sırasında daha üstün mövqeyə çıxmasına imkan verəcək.
Ordu günü bütün millətin günüdür, azərbaycanlı olmaqdan qürur duyan hər kəsin günüdür. Ordusuz millətlə, dövlətlə kimsə hesablaşmaz, onlara kimsə sayğı duymaz. Şükürlər olsun ki, biz şanlı Qarabağ Zəfərini əldə etmiş ordusu ilə fəxarət duyan bir millətik. Allah bu tarixi günləri görməyi bizim xalqımıza nəsib etdi. Silahlı Qüvvələr Günü ilə bağlı əsgərdən generaladək vicdanla xidməti borcunu yerinə yetirən hamını təbrik edirəm, bütün ordu mənsublarını və bu mübarək orduya qalib ünvanını qazandıran Ali Baş Komandanı qutlayıram. Allah ordunun arsenalında ən böyük silah olan ordumuzla xalqımızın birliyini heç vaxt sarsıtmasın!
Subyekt.az