![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynliyə 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda Seyfəddin Hüseynlinin yaradıcılıq yolunun çağdaş Azərbaycan ədəbi-mədəni mühitinin bir sıra mühüm istiqamətlərini – ədəbiyyatşünaslığı, bədii tərcüməni, publisistikanı, redaktorluğu və vətəndaş cəmiyyəti fəaliyyətini özündə birləşdirdiyi vurğulanıb. Onun 1998-ci ildən dövri mətbuatda, 1999-cu ildən isə “525-ci qəzet”də çalışması, uzun illər qəzetin ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini kimi fəaliyyəti sözə və peşəyə davamlı bağlılığının ifadəsi kimi dəyərləndirilib.
Fazil Mustafa qeyd edib ki, Seyfəddin Hüseynlinin Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbərliyində təmsil olunan ədəbiyyat adamı kimi fəaliyyəti milli ədəbiyyatımızla dünya ədəbi prosesi arasında əlaqələrin genişlənməsinə xidmət edir. Müxtəlif ölkələrin klassik və çağdaş müəlliflərindən etdiyi tərcümələr onun bu sahədə məhsuldar fəaliyyətinin diqqətəlayiq örnəkləri kimi göstərilib.
Məktubda 2024-cü ildə nəşr edilmiş “Tərcümə təcrübələri” kitabına da toxunularaq, müxtəlif ədəbi coğrafiyaları bir araya gətirən bu nəşrin müəllifin tərcüməyə mədəniyyətlərarası ünsiyyət vasitəsi kimi yanaşmasının göstəricisi olduğu bildirilib.
Komitə sədri Seyfəddin Hüseynlinin sözə tələbkarlığını, mətnə prinsipial münasibətini və gənc qələm adamlarının yetişməsinə göstərdiyi diqqəti xüsusi vurğulayıb. Bildirilib ki, onun ədəbi mühitdə peşəkar redaktor və məsləhətçi kimi qazandığı nüfuzun əsasında yaradıcı istedada həssas və ədalətli münasibət dayanır.
Təbrikdə Seyfəddin Hüseynlinin “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri kimi fəaliyyəti də ayrıca dəyərləndirilib. Fazil Mustafa bildirib ki, bu fəaliyyət yaradıcılıqla vətəndaş cəmiyyəti missiyasının qovuşduğu vacib istiqamətlərdəndir. Azərbaycanın yüzillər boyu formalaşmış mədəni və etnik müxtəlifliyinin qorunması, fərqli mədəni kimliklər arasında qarşılıqlı sayğının, dialoqun və birgəyaşayış ənənələrinin möhkəmləndirilməsi həm mədəni, həm də mühüm ictimai dəyər daşıyır.
Məktubda vurğulanıb ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyət istiqamətləri baxımından vətəndaş cəmiyyəti institutlarının inkişafı, mədəni və etnik müxtəlifliyin milli həmrəylik mühitində qorunması, tolerantlıq və qarşılıqlı anlaşma ənənələrinin gücləndirilməsi xüsusi önəm kəsb edir. Müxtəlifliyin ümumi milli-mənəvi sərvət kimi dərk olunmasına xidmət edən ictimai təşəbbüslərin sağlam və güclü cəmiyyət quruculuğunun mühüm şərtlərindən olduğu diqqətə çatdırılıb.
Fazil Mustafa yubilyarın ədəbi, tərcüməçilik və media fəaliyyətinin müxtəlif illərdə Ali Media Mükafatı, Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatı, Əhməd bəy Ağaoğlu mükafatı və TÜRKSOY-un “Çingiz Aytmatov” medalı ilə qiymətləndirilməsini onun çoxşaxəli əməyinə göstərilən diqqətin ifadəsi kimi dəyərləndirib.
Komitə sədri əminliyini bildirib ki, Seyfəddin Hüseynlinin yaradıcılıq təcrübəsi, prinsipial aydın mövqeyi və vətəndaş cəmiyyəti sahəsində fəaliyyəti bundan sonra da Azərbaycan ədəbiyyatının və mediasının inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətlərarası dialoqun və ictimai həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək.
Sonda Fazil Mustafa Seyfəddin Hüseynlini 50 illik yubileyi münasibətilə bir daha təbrik edib, ona uzun və mənalı ömür, yaradıcılıq və ictimai fəaliyyətində, bütün nəcib təşəbbüslərində davamlı uğurlar arzulayıb.
Subyekt.az