![]()
Milli Məclisin deputatı avtomobili, yaşadığı ev və şəxsi kitabxanası ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib, yeni kitabının yaxın günlərdə işıq üzü görəcəyini bildirib.
Qaragüruhu yemləmək dəniz sahilində balıqları yemləməyə bənzəyir. Qida qırıntısını hara gəldi tolazlayırsan, hər balıq məmnunluqla öz yemini götürür. İndi axmağın biri bir söz tolazlayıb, hamısı sevincək düşüblər öz yemini götürməyə.
Deyib ki, Fazil Mustafa iki yüz minlik maşın sürür, villalarda yaşayır, bu qədər pulu haradan alıb. Dönüb baxıram ki, axı mən beş il işlənmiş durumda olan minik avtomobilimi 10 il öncə almışam. Bu həmin avtomobildir ki, üç il öncə həmin məxluqa bənzər başqa QUMcuqlar tərəfindən gülləbaran edilmişdi, yenə də təmir etdirib sürməyə davam edirəm. Həm də söylənən qiymətdən düz 10 dəfə ucuz avtomobildir, yenisini də almaq fikrim hələ ki, yoxdur.
Sonra anlaşıldı ki, Milli Məclisin komitə sədri olaraq verilən xidməti avtomobili nəzərdə tutubmuş. O da mənim şəxsi vəsaitimlə alınmayıb, dövlətə məxsus əmlakdır.
Yaşadığım üç sot həyəti olan “villa” deyilən ikimərtəbəli evin də bir mərtəbəsi 20 min sayında kitab zənginliyində bir şəxsi kitabxanadır. Azərbaycanın dəyərli insanlarından bir çoxu bu kitabxananı böyük zövqlə ziyarət ediblər. Yəni deyilsəydi, bu qədər kitabı Fazil Mustafa haradan, necə alıb, o halda daha məntiqli ittiham olardı. Mən də bu ittihama böyük şövqlə cavab verərdim. Həqiqətən də, aylıq maaşımın bir hissəsi yeni kitabları almağa sərf edilir.
Kimə deyirsən, onsuz da qaragüruhu gerçəkliklə, sağlam mühakimə ilə yemləmək olmur ki…
Əsas odur ki, yeni kitabım yaxın günlərdə işıq üzü görür. Yenə də cəhalətə, xurafata, nadanlığa, qaragüruhçuluğa qarşı yazılanlardır. Bütün qarayaxmalara, böhtanlara qarşı dirənişin ən dəyərli neməti yenə də KİTABdır.
Subyekt.az