![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış jurnalist, ictimai xadim, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlını 70 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda Qafar Çaxmaqlının həyat və fəaliyyət yolunun jurnalistika, elm, pedaqoji fəaliyyət, ictimai maarifçilik və milli maraqların elmi əsaslarla müdafiəsi kimi bir-birini tamamlayan istiqamətləri əhatə etdiyi vurğulanıb.
Komitə sədri yubilyarın Qərbi Azərbaycanda dünyaya göz açmasının, doğma yurdun tarixi taleyinə və xalqımızın üzləşdiyi mürəkkəb ictimai-siyasi proseslərə həssas münasibətinin onun yaradıcılıq və tədqiqat fəaliyyətinin mənəvi qaynaqlarından birinə çevrildiyini vurğulayıb.
Təbrikdə Qafar Çaxmaqlının universitetin Jurnalistika fakültəsini bitirdikdən sonra “Vətən səsi”, “Xalq qəzeti”, “Millət”, “Yeni Azərbaycan”, “Vətəndaş”, “Avrasiya”, “Respublika” və digər mətbu orqanlarda məsul vəzifələrdə çalışaraq zəngin peşə təcrübəsi qazandığı, sonrakı elmi-pedaqoji fəaliyyətində isə jurnalist müşahidəsini və publisistik təcrübəni akademik araşdırmalarla uğurla uzlaşdırdığı bildirilib.
Qafar Çaxmaqlının siyasi elmlər üzrə fəlsəfə doktoru, Türkiyənin Erciyes Universitetinin professoru, Ermənişünaslıq bölümünün başqanı və Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri kimi fəaliyyəti xüsusi qeyd olunub. Onun “erməni məsələsi”nin tarixi, ideoloji və siyasi aspektlərinə dair çoxillik araşdırmalarının Azərbaycan həqiqətlərinin beynəlxalq elmi mühitdə mötəbər qaynaqlar və elmi arqumentlər əsasında təqdim olunmasına xidmət etdiyi vurğulanıb.
Fazil Mustafa yubilyarın 24 kitabın və 100-dən artıq elmi məqalənin müəllifi olmasına, əsərlərinin müxtəlif ölkələrdə və dillərdə nəşr edilməsinə diqqət çəkib. Erməni dilini bilməsinin, ilkin mənbələrlə işləməsinin və ermənicədən çoxsaylı tərcümələr etməsinin onun tədqiqatlarına ayrıca elmi dəyər qazandırdığı qeyd edilib. “Erməni düşüncə sistemi və ideolojiləri”, “Erməni məsələsi tarixin izi ilə”, “Anastas Mikoyan. Bir erməni bolşevikin etirafları”, “Erməni ideologiyasında irqçi motivlər” və digər əsərləri uzunillik elmi axtarışların nəticələri kimi dəyərləndirilib.
Təbrik məktubunda Qərbi Azərbaycan mövzusunun tarixi yaddaşımızda və ictimai düşüncəmizdə daha sistemli yer aldığı hazırkı mərhələdə həmin coğrafiyanın yaddaşını daşıyan, eyni zamanda mövzunu elmi və siyasi müstəvidə araşdıran aydınların fəaliyyətinin xüsusi önəm daşıdığı bildirilib. Tarixi həqiqətlərin sənədlər və elmi arqumentlər əsasında öyrənilməsinin, gənc nəslə və beynəlxalq auditoriyaya çatdırılmasının milli yaddaşın qorunmasına və sağlam vətəndaş mövqeyinin formalaşmasına xidmət etdiyi vurğulanıb.
Komitə sədri Qafar Çaxmaqlının Azərbaycan və Türkiyənin elmi-ictimai mühitləri arasında uzun illər davam edən fəaliyyətini də yüksək qiymətləndirib. Ortaq tarixi yaddaşın araşdırılması, elmi əlaqələrin genişləndirilməsi və Azərbaycan həqiqətlərinin qardaş Türkiyənin akademik çevrələrində sistemli təqdimatının iki ölkə arasında elmi-mədəni bağların möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Qafar Çaxmaqlının uzunillik səmərəli fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə qiymətləndirilməsi də onun əməyinə göstərilən diqqətin ifadəsi kimi dəyərləndirilib.
Fazil Mustafa təbrikini bu sözlərlə tamamlayıb:
“İnanıram ki, zəngin jurnalist və alim təcrübəniz, prinsipial aydın mövqeyiniz bundan sonra da Azərbaycan elminin inkişafına, milli maraqlarımızın elmi əsaslarla müdafiəsinə, tarixi həqiqətlərimizin dünyaya çatdırılmasına və milli yaddaşımızın qorunmasına töhfələr verəcəkdir.
Sizi 70 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı, yeni kitablar və bütün nəcib fəaliyyətinizdə davamlı uğurlar arzulayıram!”
Subyekt.az