![]()
Arada köhnə irsə üz tutmaq olar. Əgər aktualdırsa… Ağıllı insanlar səbrlə oxuyub düşünsünlər. Digərləri isə davranışlarında sərbəstdirlər.
Bütün cəmiyyətlər belədir. Hər kəsə istədiyini verməlisən ki, döyülməyəsən, söyülməyəsən, öldürülməyəsən! Böyük çoxluq tarixdən də, dindən də nağıl istəyir. Düşünmədən rahatca nağıllar dünyasında xoşbəxtliyini tapır. Və bu xoşbəxtliyin sərməstliyi içində ağzının tamını tarazlaşdırmaq, çağdaş dünyada yaşadığını hiss etmək üçün materialist noğul istəyir. Çoxluğun istəmədiyi tək bir şey var, o da ağıldır. Ağıl istəmək düşünmək deməkdir, ağıl istəmək illər irəlilədikcə öz düşüncələrini təftiş etmək deməkdir, yeni dövrlə əski dövrləri sağlam məntiqlə müqayisə etmək deməkdir.
Bir vaxtlar yunan, Roma sivilizasiyasını yaşamış avropalılar din üzərindən nağıl istəyən Bizanslılara, Vatikanlılara çevriləndən sonra min ilə yaxın bir sürə şirin noğul sömürərək çevrədəki nağılbaz toplumlara acılar yaşatdılar. Sonra düşünmək istəyən adamlar bircə-bircə peyda oldular və əlahəzrət ağıldan danışmağa başladılar, yenidən Yunanda doğmuş ağılın üstünü basmış külü təmizləmək kimi əzablı bir işə girişdilər. Bu elə bir dövr idi ki, həm Avropada, həm də müsəlman Doğusunda ağıl deyən, düşüncə deyən hər kəsi Allah adına öldürürdülər, susdururdular. Ancaq onlar bacardılar, biz bacarmadıq. Biz nağıldan ağıla keçidin sancılarını hələ də yaşamaqdayıq! Dinimizdə də belədir. Quran ağıldır, hədis, əhbar nağıl. Ağıldan danışmaq istəyəndə dərhal nağılla susdurmağa çalışırlar.
Hətta Qarabağda qazanılan böyük qələbə də niyəsə çoxumuza nağıl kimi gəlir. Bir qismimiz üçün bu qələbənin ləzzəti sömürdüyümüz noğuldan çox-çox aşağıdır. Halbuki bu qələbə də hərbi və diplomatik ağılla qazanılmış qələbədir. İndi bu qələbəni nağıla çevirənlərlə ağılla irəli götürmək istəyənlərin zehni toqquşması qabarıq şəkildə özünü göstərməkdədir. Əlbəttə, kimin hansı cinahda olması özünün seçimidir. Bizim işimiz Nağılsevər və Noğulsevər azərbaycanlılara Ağılsevər azərbaycanlı olmanın faydasına inandırmaqdan başqa bir şey deyil.
İnsan tarix içində hara getdiyini ancaq öz düşüncə tarixinə geridən baxdığı zaman, ortaya çıxardığı düşüncə məhsullarını dəyərləndirdiyi zaman bir dərəcəyə qədər anlaya bilər.
Qətiyyətlə iddia edirəm: biz keçmişi qədim, tarixi yeni olan bir xalqıq. Qaranlıq keçmişdən aydınlıq tarixə XIX əsrin başlarında keçid etmişik. Xalqımızın yaşadığı torpaqların quzey hissəsini Rusiya imperiyası işğal edib, onun müstəmləkə idarəçiliyində yaşamağa məhkum olmuşuq. Xalqımızın böyük çoxluğunu təşkil edən digər bir hissəsi İran hakimiyyətinin, türk sayılan Qacar xanədanının idarəçiliyi altında yaşamağa davam edib. Və iki fərqli rejim altında yaşayan bir xalq ən azı yüz illik bir zaman sürəcində zehni, əqli, milli düşüncə və ideallar yönündə bir-birindən köklü şəkildə ayrılmışdır. Yəni ərazi parçalanmasından da ciddi bir hadisə baş verib: əqli, zehni, mental parçalanma! Yəni xalqın böyük bir hissəsi keçmişi yaşamağa davam edib, az bir hissəsi isə tarixi xalq olmaq üçün gələcəyin qapılarını aralayıb. Və bu tarixi xalq olma sürəcinin ilk mərhələsi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla, yeni bir millətə çevrilməklə tamamlanıb.
Müstəmləkə tarixində qaçırdığımız fürsətləri, yaşadığımız faciələri, əldə etdiyimiz faydaları da araşdırmalıyıq və danışmalıyıq. Biz tariximizi, indimizi, gələcəyimizi indi daha rahat və kompleksiz şəkildə düşünə bilərik. Bu planda düşünmənin hər məqamının psixoloji yönləri gözardı edilməməlidir. Bizim nəsil yaddaşımızın qısa olmasının, əlbəttə, ən faydalı cəhəti yeni xalq və ya yeniləşən xalq olma fürsətlərini artırmasındadır. Yeniləşməyə açıq olmaq qətiyyən faydalı tarixdən imtina deyil, sadəcə qaranlıq keçmişdən uzaqlaşmaqdır.
Yeniləşmə həm də o deməkdir ki, tarixdən hansı mirasa sahib çıxmaq seçimini doğru edirsən. Şərqin bilinən bütün tarixi boyu Şumerdən bu tərəfə dini dövlətlər mövcud olub. Bu isə ancaq Allahın haqqından bəhs etməyə imkan tanıyıb. Bu cür toplumlarda Kral və ya Şahla birlikdə məzara dəfn olunan onlarla qulun və ya kənizin insan kimi hansısa haqqından söz açmağa yer qalmaz… Belə bir tarixə yiyə durmanın hansı yorumu ola bilər ki?
Qərbdə inkişafın üç mərhələdən keçməsi barədə tezislərə diqqətlə yanaşmamız lazım gəlir. Hegelə görə, Reformasiya, yəni dini inanclarda mətnlərin yenidən şərhi, sekulyarlaşma, yəni dövlətlə kilsənin ayrılması və aydınlaşma, yəni başqa sözlə, seçkin düşüncə elitasının topluma yön verməsi mərhələləri Batı düşüncəsinin spesifik inkişaf istiqamətləri kimi anlaşılmalıdır. Şərq bu mərhələlərdən məhrumdur və dini-mistik təmələ dayanan dövlətlər üzərindən yaşamına davam etməkdədir. Hər hansı bir toplumda dəyişimi əsasən seçkin düşüncə insanları gerçəkləşdirə bilər. Müsəlman Şərqinin tarixində mollaların ölüm fətvalarının, nikah qaydaları barədə təlimatlarının bolluğu içində daha nəyi tapmaq mümkündür ki?! Avropadan mənimsənilən dəyərlər, azadlıqlar olmasaydı, bomboz bir keçmiş, zorakılıq və şiddətdən başqa çox az faydalı əməl və hadisələrlə qarşılaşa bilərik…
Tarixi dəyişdirən təbiətlə təması olan və onun elmi, fəlsəfi, sənət mahiyyətini araşdıran insanlardır. Bizim problemlərimiz dini-mistik yaşama etiraz bayrağını qaldıran milli elitamızın, seçkin insanlarımızın son yüzillərdə yetişməsinə imkan tanıyan mühitin olmaması ilə bağlıdır. Kitab oxuyan bir hökmdarın hakimiyyətə gəlişi ilə, onun elmə, ədəbiyyata, sənətə himayəçiliyi ilə qısa bir müddətdə bir neçə şair, rəssam, alim parıltısı ilə çağın mahiyyətini dəyişdirmək mümkün olmaz. Düşüncə azadlığı, sekulyar sistem olmadan dəyişim baş verə bilməz. Tarix isə dəyişim deməkdir. Dəyişim üçün tarixin kökünü gələcək zamanda görməlisən.
Tarix gələcəyin özkeçmişidir. Tarixin kökü keçmişdə deyil, gələcək zamandadır. Bu kökü keçmişdə görən o qədər qəbilələr mövcuddur ki, çağdaşlığın hansısa komponentinə hələ də yetişə bilməyiblər. İbtidai toplumlardan insanları təkamülə yönəldən gələcəyin təxəyyülü, çağırışıdır. Gələcəyin çağırışı üzərindən insan öz həyatını yenidən təftiş edərək mövcud yaşam mühiti ilə vidalaşmanın yollarını axtarar. Nə yazıq ki, müsəlman Doğu toplumlarında gələcəyin təxəyyülü olmadı və demək olar ki, olması da gözlənilmir. Bu gün belə Avropa dəyərləri ilə iç-içə olan bizim kimi toplumlarda keçmişdən qopa bilməyən düşüncə yenə də ağırlığını qorumaqdadır.
Maraqlıdır ki, bu məmləkətdə hər kəs bir sahənin və ya bir kimliyin qoruyucusudur: kimi dinin, kimi dilin, kimi Quranın, kimi hədisin, kimi sünniliyin, kimi şiəliyin, kimi Darvinin, kimi Füzulinin, kimi Səməd Vurğunun, kimi iqtidarın, kimi müxalifətin, kimi partiya liderinin, kimi qeyri-hökumət təşkilatı sədrinin, kimi icra hakimiyyəti başçısının, kimi bələdiyyə sədrinin, kimi milli mentalitetin, kimi türkün, kimi talışın, kimi Şah İsmayılın, kimi Babəkin, kimi Rəsulzadənin, kimi ailənin, kimi millətin, kimi dövlətin, kimi tikintinin, kimi bostanın qoruyucusudur. Kimisə, nəyisə qorumaq hər zaman əks tərəfdən gələn hərəkəti durdurmaq məqsədi ilə passiv gözləməkdir. Yəni qorumaq deyilən hərəkətsizliyin adı düşünmək mənasına gəlməz. Necə ki, Antik dövrün filosoflarından Anaxarsis demişdi: “Ağıllılar səbəblər barədə mübahisə edərkən, axmaqlar artıq qərar verirlər”. Qorumaq da zəruri davranışdır, ancaq hamının qoruyucuya çevrildiyi bir məmləkətdə hərəkət olmur, düşüncə olmur, hamı hərəkəti, düşüncəni boğmaq üçün marıqda ovunu gözləməklə məşğul olur. Nobel mükafatı laureatı olan məşhur fizik Miçio Kaku haqlı olaraq yazır ki: “XXI əsrdə yaşamaq əvəzinə, min il geriyə qayıdıb XI əsrdə yaşamağı üstün tutan islamçı terrorçuların öz bəyanatlarına əsasən demək olar ki, onlar elmi, şəxsi münasibətləri və siyasəti sərt dini nəzarətdə saxlayan teokratik dövrdə yaşamaq istəyirlər”.
Dəyərləri təqlid edərək yaşamaq hələ onu düşüncə, fikir sistemində mənimsəmək anlamına gəlməz. Bir vaxtlar çılğın millətsevər irlandlar haqqında deyilirdi ki, bu adamlar nə istədiklərini bilməzlər, ancaq istədiklərini şiddətlə istərlər. Biz də istədiyimizin nə olduğunu biləcək və bunu davamlı istəyəcək bir toplum axtarışındayıq. Eyni zamanda, sevdiyim və hər zaman ömür yolunda tətbiq etdiyim ifadəni burada xatırlatmağa zərurət hiss edirəm: “Dəyişmək cəsarətin yoxdursa, müzakirəyə niyə qatılırsan?” Hansısa söhbət, hansısa kitab, hansısa film, hansısa bədbəxt və yaxud xoşbəxt sayılan hadisə mənim üçün bir dəyişim fürsətidir. Başqasının ağlının məhsulu səni dəyişmək gücündədirsə, inanc əxlaqının ehkamları artıq burada işləməz duruma düşər.
Etiraf edək ki, zaman aşırımında öz sabit xarakterini və doğru dəyərlərini müəyyənləşdirməmiş bir cəmiyyətik. Üstəlik də, ən çox qorxduğumuz şey varlığımıza, keçmişimizə, gələcəyimizə aid məsələlərin sağlam və səviyyəli müzakirəsinə başlamaqdır. Uzun illər tarix, din, milli xarakter, demokratik dövlət məsələləri müzakirə menyusundan çıxarıldığından, sanki mövzuya giriş üçün ipucunu da itirmişik. Gələcək barədə qafamızda sistemli düşündüyümüz heç bir proqram yoxdur və bu gedişlə olması da gözlənilən deyil. Məni statistik mənada maraqlandırmır ki, hansısa sahədə Azərbaycan dünyada neçənci yerdədir. Maraqlandıran və düşündürən bir şey var: Azərbaycan yerdədir və onu qaldırıb hərəkətə gətirmək lazımdır!
Bu səbəbdən də biz tarixdən nə istədiyini bilməyən bir toplumda “Türk dünyası” ifadəsi əvəzinə “dünyada yaşayan türklər” ifadəsini işlətməyə üstünlük veririk. Biz “İslam dünyası” ifadəsi əvəzinə “dünyada yaşayan müsəlmanlar” deyirik. Günümüzün gerçəkliyində ingilis dünyası, yəhudi dünyası, amerikan dünyası, yapon dünyası, çinli dünyası var, bizlər isə onların yönləndirdikləri dünyada yaşayanlarıq. Ona görə də nə Türk, nə də İslam dünyası deyilən bir anlayış hələ ki, özünə həqiqi beynəlxalq pasport ala bilmir. Öz ağlı ilə dünyanı yönləndirən türk və ya müsəlman haradadır? Zaman fərqli dillərdə fərqli adlarla tələffüz edilən Yaradana aiddir, onsuz da bütün qövmlər onunla ayaqlaşmaq şansına malik deyil. Söhbət hazırda yaşadığımız vaxtdan, çağdan gedirsə, əlbəttə, onun xeyli gerisindəyik, çünki yanlış istilahlarımızı dəyişmək üçün tənqidi təfəkkürü yaxına buraxmırıq, tənqid edəni dərhal İslam adına, yaxud da dövlət adına susdururuq, yandırırıq, edam edirik. Son 4-5 əsrdə fəlsəfi mətnləri ilə dünyanı heyrətləndirəcək neçə türk mütəfəkkirinin adını çəkə bilirik?.. Volteri, Dekartı, Leybnitsi, Spinozanı, Kantı, Hegeli, Plankı, Eynşteyni, Feynmanı* və yüzlərcə bu kimi zəkanı yetişdirməyən toplumlar böyüklüyə iddia haqqına sahibdirmi?
İlk növbədə anlaşılmalıdır ki, bizim yanlış dini dünyagörüşümüz tərəqqimizə manedir, onu tənqidi təfəkkürün süzgəcindən keçirə bilmirik. Fikir, düşüncə və yaradıcılıq mənasında geriliyimizin səbəblərini illərdir araşdırdığımızda iki başlıca amilin təsiredici izlərini görürük: yanlış din şüuru və yanlış tarix şüuru. Bu iki natamamlığımız tarix zamanı boyunca ictimai tərəqqiyə doğru istiqamət götürməyimizi əngəllədiyi kimi, gələcəkdə də bizləri amansızcasına təqib edəcək, müasir formamızın içində dəyişməz bir gerilik aurası hər zaman başımızın üzərindən qara bulud kimi asılı qalacaqdır. İslam dininin faydalı ehkamlarını İran və yaxud Ərəb dininin cəhaləti əvəz etmiş, “azərbaycanlı” kodu altında türk kimliyini dar bir coğrafi və düşüncə ərazisi ilə məhdudlaşdırmış xalqımızın, millətimizin, cəmiyyətimizin gələcək hədəflərini, düşmənə qarşı müqavimət duyğusunu formalaşdıracaq dövlət müəssisəsindən başqa, ortada əlahiddə bir dəyəri demək olar ki, yoxdur.
Subyekt.az