![]()
Oxuduğumuz, bildiyimiz tarixi mənbələrə görə, dövrün hakimiyyət davasında hansısa hökmdara taktiki və ideoloji addımlarına görə kimsə haqq qazandıra bilər. Ancaq XXI əsrin hansısa diplomlu və ya diplomsuz azərbaycanlısı sağalmayan xəstəlik səviyyəsində öz dövlət mahiyyəti ilə tamamilə zidd olan bu fenomenə sitayiş edirsə, bax, bu, bizi ciddi düşündürməlidir.
Əgər Nuri Paşanın komandanlığında Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməsəydi və Məhəmməd Əmin bəy mübarizə yoldaşları ilə birlikdə Azərbaycan Cümhuriyyətini qurmasaydı, bizim bu günkü müstəqillik idealımızın nəticəsinin nə olacağını düşünməyən bir topluma deyiləcək başqa bir söz tapmaq çətindir.
Yəni öz çağdaş müstəqil dövlətinin varlıq dəyərləri üzərindən geri adlayıb orta əsrlərin cəhalət idollarını yaradan, akademikindən tutmuş savadsız bəndəsinə qədər səfəviliyin və dolayı yolla irançılığın təbliğatçısı olan hər kəs, qanaraq və ya qanmayaraq, müstəqil, dünyəvi Azərbaycan dövlətinin tərəqqisi qarşısında sadəcə bir düşüncə əngəli deyil, həm də hər an işə salına biləcək canlı bombadır.
Bunu unutmayın. Sizlər rahat şəkildə öz nadanlığınızda dirənin, bizlər də narahat şəkildə 1828-ci ildə İran arealından, səfəvilikdən qopuş nəticəsində aman-zaman qurulmuş milli, dünyəvi dövlətimizin varlıq dəyərlərini yaşatmaq üçün mübarizəmizə davam edək.
Diqqət edin, biz 1991-ci ildə rus müstəmləkəçiliyindən qurtula bildik, ancaq səfəvi-iran zehniyyətindən qurtulmamış minlərlə azərbaycanlını görəndə düşünürsən ki, hələ müstəqilliyimizin mənəvi təməlləri sağlam deyil.
Kaş ki, Böyük Rəsulzadədən bir-iki şüar əzbərləyib kənara çəkilməzdiniz, onun irsini diqqətlə oxusaydınız…
Məhəmməd Əmin bəyin Nuri Paşanın Bakını işğaldan azad etməsinin bir illiyinə həsr olunan ziyafətdə söylədiyi sözlərə kaş ki, dəyər versəydiniz. Deyirdi ki, bu, Anadolu türkünün Azərbaycanı işğaldan azad etdiyi ikinci hadisədir. İlk dəfə bunu 350 il öncə türk paşası Özdəmiroğlu Osman etmişdi. Bakını Səfəvi işğalından azad etmişdi…
Hava limanında böyük qələbəlik gördüm. Məhəmmədhəsən əminin nəvələri öz ideallarını gerçəkləşdirmək üçün böyük bir sevgi ilə yola çıxırdılar. Mən isə Şəhidlər Xiyabanında müstəqilliyimiz uğrunda şəhid olmuş 1300 türk əsgərini və Qarabağ savaşında şəhid olmuş minlərlə Vətən övladını ziyarət etməyə yollanıram.
Sizləri Uca Yaradan feodal keçmişimizin qaranlığının, bizləri də çağdaş dövlətimizin və millətimizin xidmətçisinə çevirsin!
Uca Peyğəmbərimizin dediyi kimi: “Sizin inandığınız sizə, mənim inandığım mənə yetər!”
Subyekt.az