![]()
Maraqlı bir tendensiyaya diqqət yetirmənizi istərdim. Dövlətini gözləyən təhlükədən narahat olan bəzi düşünən insanlar dini xurafatın, mövhumatın ayrıca təzahürlərinə qarşı hansısa fikir bildirir, hansısa real hadisəni, xurafatçı obrazları tənqid edirlər. Qaragüruhun bu məsələdə müqavimətinin necə olacağı öncədən bəllidir. Ancaq qəfildən sosial məkanda müasir libasda və yenilikçi obrazda tanınan hansısa diplomlu şəxs, yazar, filosof, sosioloq, kulturoloq, ilahiyyatçı, idmançı, bloger və s. peyda olaraq məhz bu cəhalətə, nadanlığa haqq qazandırmaq üçün, eyni zamanda sosial şəbəkə qaragüruhunun sevimlisinə çevrilmək üçün fürsət tapmağa başlayırlar.
Əlbəttə, dini xurafatı, mövhumatı, başqa ölkələrin dini-ideoloji təbliğatını qanunvericilik səviyyəsində müəyyən dərəcədə məhdudlaşdırmaq mümkündür, ancaq qarşısının alınması üçün ən azı cəmiyyətimizin aydın təbəqəsinin həssaslığı, cəsarəti və səfərbərliyi önəmlidir. Yəni məsələ yalnız dövlətin üzərində olan vəzifə kimi görülməməlidir. Üstəlik də, bir çox hallarda dövlət bürokratiyasını təmsil edənlərin bu mənfi təzahürlərə qarşı bilgisizliyi və laqeydliyi quru statistik yanaşmadan başqa bir şey vəd etmirsə, o halda məsələyə Vətənin və millətin sağlam gələcəyini qorumaq missiyası kimi yanaşmağa borclu olan aydınların çalışmaları, çağırışları daha böyük önəm kəsb edir.
Yəni, sözün qısası, Kefli İsgəndərin çağırışını dinləməklə 9 yaşlı qız uşağının namusunu qorumaq, ona təhsil verib şəxsiyyətli bir anaya çevirmək mümkün olar. Lakin Şeyx Nəsrullahın çağırışının arxasınca getməklə Vətənin, millətin və o uşağın namusuna təcavüzün, insan alveri qurbanına çevrilməsinin həm iştirakçısı, həm də dəstəkçisi olmaq mümkündür.
Əlbəttə, mənəviyyatın mənbəyi elm, kitab, bilgi, mədəniyyətlə yanaşı, sağlam düşüncəyə, insan sevgisinə səsləyən din də, ənənə də ola bilər. Ancaq heç bir halda savadsız mollanın, din tüccarının, vəhşilik ehtiva edən məzhəb və ya təriqət xəstələrinin, insan haqlarına, çağdaşlığa qarşı çıxan hər cür ənənə qoruyucularının sözləri və davranışları mənəviyyat meyarı ola bilməz.
Bu səbəbdən də istər akademik, istər professor, istər çeşidli ixtisaslarda fəlsəfə doktoru, istərsə də sosioloq, filosof, kulturoloq, yazar, ilahiyyatçı, sənətçi, idmançı, bloger kimliyi ilə tanınan ictimai şəxslər olsun – dini xurafatı, mövhumatı, nadanlığı açıq və ya dolayı yolla dəstəkləyənlərin, hansısa savadsız mollanın sözünü alim sözündən önə çıxaranların özünün və sözünün ciddiliyini qəbul etməmək ən ciddi etiraz formalarından biridir.
Şərq tarixini az-çox öyrənənlər və ya izləyənlər bu yanaşmanı daha dəqiq görə bilərlər. Cəmiyyətin gələcəyi üçün təhlükə kimi görünən o vəhşi canavar öncə bu cür müasirlik görüntüsü ilə insanların duyğularını, zehnini manipulyasiya edən yazarların, sənətçilərin yazılarında, əsərlərində yaradılır. Sonra cəmiyyətin “fast food” yeməyə aludə olmuş çoxluğu tərəfindən ilahiləşdirilir, öpülmək üçün əqidə daşına, daşınmaq üçün əqidə şüarına çevrilir və bu da yekunda aydınlıq ruhunun qaranlıq zindana gömülməsinə gətirib çıxarır.
Bir məqamı da unutmayaq. Mövhumat, xurafat yalnız dinə aid məsələ deyil. Həm də siyasətdə, ədəbiyyatda, sosial ideologiyalarda meydana çıxan təzahürlərdir. Şəxs olaraq İslam inancına aid bütün dini rituallara əməl etməklə yanaşı, bu düşüncəyə qarşı olan hansısa aydınladıcı fikri, yazını, kitabı oxumaqdan, təbliğ etməkdən çəkinmirəm.
Hansısa millətin, hansısa siyasi görüşün təmsilçisi, hansısa dinin, inancın daşıyıcısı olmasına diqqət yetirmədən qarşıma çıxan hər bir ağıllı, faydalı görüşü paylaşmağa çalışıram. Artıq mənim üçün kiminsə dindar, ateist, mollaçı, imperialist, solçu, sağçı, millətçi, islamçı bölgüsü elə də ciddi əhəmiyyət daşımır, təki sağlam fikir sahibi olsun, insanlığa faydalı olan barışı, insan haqlarına sayğını, fikir özgürlüyünü ehtiva edən görüş zənginliyi təqdim edilmiş olsun.
Aydınlıq ruhumuzu qorumanın yollarını doğru seçmək məcburiyyətindəyik. Həm də bu yolun seçiminə görə hamımız məsuliyyət daşıyırıq.
Subyekt.az