![]()
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktoru, tanınmış təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədovu 70 illik yubileyi münasibətilə təbrik edib. Məktubda deyilir:
“Hörmətli İlham müəllim,

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və çoxşaxəli elmi-pedaqoji, ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz ömrünüzün böyük bir hissəsini Azərbaycan təhsilinin inkişafına, elmə, innovativ düşüncənin təşviqinə və çağdaş informasiya-kommunikasiya texnologiyalarının təhsil sisteminə tətbiqinə həsr etmisiniz. Təhsil sahəsində apardığınız ardıcıl elmi araşdırmalar, həyata keçirdiyiniz layihələr və yetişdirdiyiniz mütəxəssislər ölkəmizin intellektual potensialının formalaşmasına önəmli töhfələr vermişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində uzun illər boyu səmərəli fəaliyyətiniz, informasiya texnologiyalarının ali təhsildə tətbiqi, distant təhsil, təhsilin rəqəmsallaşdırılması və innovativ idarəetmə modelləri yönündə irəli sürdüyünüz təşəbbüslər Sizi ölkəmizdə bu sahənin tanınmış mütəxəssislərindən birinə çevirmişdir. Elmi əsərləriniz, beynəlxalq konfranslardakı çıxışlarınız və müxtəlif layihələrdə iştirakınız Azərbaycan təhsilinin yeni çağırışlara uyğun inkişafına dəyərli xidmət örnəyidir.
Özəlliklə, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktoru kimi fəaliyyətiniz vətəndaş cəmiyyətinin inkişafı, peşə təhsilinin təşviqi, gənclərin bilik və bacarıqlarının artırılması, təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi baxımından təqdirəlayiqdir. Dövlət, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinə verdiyiniz töhfələr danılmazdır.
Sizin fəaliyyətiniz bir daha təsdiq edir ki, çağdaş təhsilin inkişafı texnoloji yeniliklərlə yanaşı, həm də milli-mənəvi dəyərlərə söykənən, vətəndaş məsuliyyəti daşıyan və cəmiyyətə xidmət edən aydın mövqeyi ilə mümkündür.
Zəngin təcrübənizin, elmi potensialınızın və yorulmaz fəaliyyətinizin bundan sonra da Azərbaycan təhsilinin inkişafına, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və gənc nəslin çağdaş bilik və milli dəyərlər ruhunda yetişməsinə xidmət edəcəyinə inanıram.
70 illik yubileyiniz münasibətilə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, ictimai və elmi fəaliyyətdə yeni uğurlar arzulayıram!“
Subyekt.az