![]()
Götürək Gürcüstan cəmiyyətini. Öncələr bu cəmiyyətdə bizi ən çox düşündürən təhsil məsələsi idi. Hədəfimiz təqribən belə idi: məktəblər bağlanmasın, Azərbaycan dilində tədris azaldılmasın, müəllimlər yaxşı maaşla təmin olunsun, Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın.
Gürcüstan rəsmiləri də qarşımıza öz qanunlarına uyğun bir daşı itələdilər: gürcü dilini yaxşı mənimsəmiş azərbaycanlılar dövlət qurumlarında ən üst təmsilçilik də daxil olmaqla, xeyli imtiyazlar qazana bilərlər.
Ləng də olsa, bu istiqamətə səfərbər olduğumuzda ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarət yolçuluğuna yönəltsinlər.
Həmin ölkədən gələn sosial fondlar vasitəsilə yoxsul insanlara xeyli yardımların paylanmasına şərait yaratdılar. Hər dini mərasimin önünə də mollalarla yanaşı bir keşiş qoyub onu legitimləşdirməyə başladılar.
Artıq məktəb ideyası ətrafında deyil, kənardan idarə olunan məscid icması üzərindən kütləyə təsir göstərməyə başladılar. Bu, təbii ki, sağlam düşüncəli azərbaycanlıları tora sala bilməzdi, ancaq əhəmiyyətli sayda insanımız öz milli ideallarından uzaqlaşmış duruma düşdü.
İndi gürcü seqmenti içində gürcü dilini mənimsəyərək onunla dövlət qulluğunda, ictimai-siyasi həyatda təmsilçilikdə rəqabət apara biləcək, Gürcüstan vətəndaşı kimi bu dövlətin tərəqqisinə, eyni zamanda, Azərbaycan Respublikası üçün də dostluğun möhkəmlənməsinin bazasına çevriləcək sağlam dünyagörüşlü qüvvənin zəifləməsi göz qabağındadır.
Mən bunu gürcü siyasətçilərindən daha çox, sosioloqlarının uğuru hesab edirəm. Bir millətin ki, yaşadığı ölkədə milli hədəfləri dəyişdi, onu yenidən doğru ideallara qaytarmaq hətta ən sərt dövlət siyasəti ilə də mümkün olmur.
Subyekt.az