![]()
Biri cəhalətə, xurafata qarşı fikirlərini bəyənmədiyi siyasətçini güllələdi.
Biri dərs oxumağı tələb edən müəllimi güllələdi.
Biri yüzlərlə uşağın şəfa ümidi olan həkimi qumbara ilə partlatdı.
Bu “biri”lər yavaş-yavaş bir-biri ilə birləşib “biriləri” olur. Cəmiyyətimiz öldürmək, güllələmək, partlatmaq arzusu ilə alışıb-yanan qatil “birilərin” təhsilin, mədəniyyətin, elmin, idmanın, boşanmaların, düzənsiz yaşamın yaratdığı boşluqlar üzərində dirçəlişini biganəliklə seyr etməkdədir.
Bu gün öz sahəsinin nadir mütəxəssisi olan millətin daha bir dəyərli həkim övladı həyatla qayıdış üçün ölüm-dirim savaşı verir. Hədsiz ağır, acı duyğular yaşayırıq. Eyni duyğuları savadlı, təcrübəli müəllimləri, həkimləri, sənət adamlarını, məmurları — əməyini, biliyini, dövlət üçün fədakarlığını doğru dəyərləndirmədən öz işindən uzaqlaşdıranlar da bizlərə yaşadırlar.
Axı bu millətin faydalı insanları elə də çox deyil. Bu millətin ziyalı elitası elə də zəngin deyil. Ayrı-ayrı sahələrdə mütəxəssislərimiz elə də çox deyil. Allah qıymasın, həkimimiz yaşama, övladlarının yanına qayıda bilsin, ancaq yenə də xəstələrə şəfa verə biləcəkmi? Deyirlər, ümid azdır.
Hər bir gərəkli, faydalı insanın itkisi bu millətin gücünün, iradəsinin zəifləməsi deməkdir.
Subyekt.az