![]()
Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən, onun varlığını uca tutan kimə aydın deyil bu mesajlar?
Dövlətimiz kənardan idarə olunan informasiya dronları ilə anbaan vurulur. İndi dövlətimizi, onun dəyərlərini müdafiə etməyək?
Başqa ölkələrin dini ideologiyasının təbliğatçıları çoxunuzun beynini yuya bilər, çoxunuz öz yaşam lüksünüzü pozmamaq üçün bu dövlətin vəzifəsini tutub onun maraqlarını qorumaqdan yayına bilərsiniz, qaragüruhçu zehniyyətin qarşısında milli diplomlarınızın, ziyalı titullarınızın, mandatlarınızın içində toz kimi gizlənə bilərsiniz, bizlər bunu bacarmayacağıq!
Bu dövlətin varlığını qorumaq kimi bir missiyamız var, bu millətin adını ucaltmaq deyə bir hədəfimiz var.
Bu dövlətin hüdudlarında keçirilən istənilən elmi konfransda, beynəlxalq tədbirdə, istənilən idman yarışında Azərbaycan himni səslənməlidir, Azərbaycanın üçrəngli bayrağına sayğı göstərilməlidir, Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsi anılmalıdır, İslam dininin müqəddəs kitabı və onun barışcıl mesajları baş tacı edilməlidir, Azərbaycanın milli havaları ilə meydana çıxmağa şərəf kimi baxılmalıdır!
Əlbəttə, günümüzün reallığı, babalarınızın ənənəsi deyib İslam dininin yanlış məzhəbçi, təriqətçi, sektaçı yozumunu hər kəs öz həyatında, evinin içində yaşaya bilər. Hər kəs öz xaricdəki ağasına, şeyxinə, siyasi avtoritetinə, oğru avtoritetinə ürəyində bağlı ola bilər. Hər kəs başqa din mənsubluğunu, hətta dinsizliyini belə bu məmləkətdə sərbəst yaşaya bilər. Ancaq bunun ictimai-siyasi mühitimizə bir ideologiya kimi soxuşdurulmasına, dünyəvi dövlətin prinsiplərinin pozulmasına imkan tanımamalıyıq.
Diqqət yetirin, harada dünyəvi dövlət var, orada insanlar dinlərini də səmimi yaşayırlar. Harada istər xristian, istər islam, istər yəhudi, istərsə də buddist zehniyyəti və gücü hakimdirsə, orada inanc zorakılığı, din üzərindən mənasız savaşlar yayğınlaşır.
Bu tendensiyanı dayandıra bilməsək, dini-teokratik düşüncə babalarımızın qurduğu cümhuriyyət ideallarını sıradan çıxarıb Azərbaycanı ətrafımızdakı geriçi cəmiyyətlərə çevirə bilər.
Çevrəmizdəkilərin hansı xəstəliklərə yoluxduqlarını məgər görmürsünüz? Bu virusun necə yayıldığını məgər hiss etmirsiniz?
Tək qalsam belə, bu millət üçün, bu dövlət üçün faydalı olanı söyləməyə, yazmağa davam edəcəyəm. Eşidiləcək, eşidilməyəcək, bunun heç bir fərqi yoxdur.
Məgər XIX əsrin tənha cəngavərləri Mirzə Fətəlini, Seyid Əzimi, Həsən bəy Zərdabini zamanında kimsə eşidirdi?
Unutmayın ki, göz bəbəyimiz olan bu Cümhuriyyəti həyat idealı ancaq ağasının məzarını ziyarət etmək olan Məhəmmədhəsən əmilərin çoxluğu qurmayıb. Onu az sayda o tənha cəngavərləri eşidən məsuliyyətli düşüncə adamlarımız qurub.
Yenə də və təəssüf ki, Məhəmmədhəsən əminin idealı Mirzə Fətəlinin idealına güc göstərməyə çalışır və biz bunu səssizliyimizlə seyr edirik.
Yenə də vətən xainlərinin şəbəkəsi bütün imkanları ilə üzərimizə hücuma keçir. Yenə də bu dövlətin nemətlərindən faydalananların cınqırı çıxmır. Ancaq əminəm ki, qarşıdakı günlərdə bu təhlükə barədə xəbərdarlıqlarımızın mahiyyətini nəhayət anlamağa başlayacaqlar.
Subyekt.az