![]()
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı ölkəmizin region dövlətləri ilə münasibətlərinin inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq nəqliyyat-logistika imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Görüş Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığının möhkəmləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir.
Mövzu ilə bağlı millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Fazil Mustafanın fikirlərini öyrəndik.
– Fazil müəllim, Prezident İlham Əliyevin Türkmənbaşı görüşündəki çıxışının əhəmiyyətini necə qiymətləndirirsiniz?
-Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi ölkəmizin regional əməkdaşlıq imkanlarını artırır. Bu münasibətlər yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də ortaq tariximizə, mədəniyyətimizə və mənəvi dəyərlərimizə əsaslanır. Azərbaycanın bu formatda iştirakının genişlənməsi ölkəmizin regionla əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradır. Əsas məsələ mövcud potensialı konkret layihələrə və qarşılıqlı faydalı nəticələrə çevirməkdir.
-İqtisadi və nəqliyyat əməkdaşlığı hansı perspektivlər vəd edir?
-Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımaların artırılması və qarşılıqlı investisiyaların genişləndirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə xidmət edir. Energetika və yaşıl enerji sahəsində əməkdaşlıq da yeni perspektivlər açır. Bu imkanlardan səmərəli istifadə etmək üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, logistika imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi vacibdir.
-Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın humanitar əhəmiyyətini necə dəyərləndirirsiniz?
-Ortaq tarixi-mədəni irsimiz xalqlarımızı birləşdirən mühüm amildir. Təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi qarşılıqlı etimadı möhkəmləndirir. Hesab edirəm ki, iqtisadi və siyasi tərəfdaşlığın xalqlar arasında dostluq münasibətləri ilə tamamlanması uzunmüddətli əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Ortaq dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
-Sizcə, Türkmənbaşı görüşünün əsas mesajı nədən ibarətdir?
-Əsas mesaj regional əməkdaşlığın daha da gücləndirilməsi və mövcud imkanların konkret nəticələrə çevrilməsidir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini qarşılıqlı hörmət, milli maraqlar və faydalı tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməkdə maraqlıdır. Bu əməkdaşlıq ölkəmizin iqtisadi potensialının reallaşdırılmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, eyni zamanda regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verə bilər.
Subyekt.az