![]()
2026-cı il iyunun 1-də start götürən Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlandığını göstərən ciddi ismarışlardır.
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustfanın qənaətinə görə, dövlət başçısının çıxışı bir neçə strateji xətti özündə birləşdirir.O bildirib ki, Azərbaycanın enerji siyasəti artıq yalnız resurs ixracına əsaslanan modeldən çıxaraq, daha kompleks və çoxşaxəli xarakter alıb. Bu yeni model enerji diplomatiyasını, qlobal tərəfdaşlıqları və geosiyasi balans elementlərini uğurla ehtiva edir. Deputatın fikrincə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr iqtisadi alət olmaqla yanaşı, həm də güclü siyasi təsir mexanizminə çevrilib. Bu isə Azərbaycanın regionda və daha geniş coğrafiyada strateji mövqelərinin möhkəmlənməsinə birbaşa xidmət edir.
Komitə sədri xüsusilə “yaşıl enerji” keçidinə diqqət çəkərək qeyd edib ki, bərpaolunan enerji sahəsi Azərbaycanın uzunmüddətli strateji baxışının əsas komponentidir. Onun sözlərinə görə, alternativ enerji mənbələrinə yönələn siyasət təkcə ekoloji hədəfləri deyil, həm də ölkənin iqtisadi və texnoloji transformasiyasını nümayiş etdirir. Bundan əlavə, deputat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu mühüm faktor kimi dəyərləndirib. Bu amil ölkəmizin beynəlxalq sistemdə etibarlı tərəfdaş statusunu daha da gücləndirir və qlobal miqyasda yeni əməkdaşlıq platformaları formalaşdırır.
Sonda millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki bəyanatları enerji sektorunda həyata keçirilən islahatların, şaxələndirmə siyasətinin və “yaşıl enerji” addımlarının vahid strateji baxış altında birləşdiyini sübut edir. Bu yanaşma Azərbaycanı qlobal enerji sistemində təkcə iştirakçı deyil, həm də etibarlı və təşəbbüskar lider kimi mövqeyini daha da möhkəmləndirir.
Subyekt.az