![]()
“Azərbaycan öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq beynəlxalq münasibətlərdə hüquq bərabərliyinə söykənən əməkdaşlıq modellərinə üstünlük verir. Ölkəmizin yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası bütün dövlətlər və koalisiyalarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur. Bu baxımdan bütün maraqlı ölkələrlə normal münasibətlərin qurulmasını müsbət qiymətləndiririk. Azərbaycan-Vyetnam əlaqələrinin tarixi ötən əsrin ortalarına təsadüf edir. Azərbaycan sovetlərin tərkibində olduğu vaxtlardan Cənubi-Şərqi Asiyanın bu ölkəsi ilə çoxtərəfli əlaqələrə malik olub, müasir Vyetnamın elm, təhsil, mədəni həyatında mühüm rol oynayıb. Yüzlərlə Vyetnamlı tələbə Bakının ali məktəblərində təhsil alıb və yüksək ixtisaslı mütəxəssilər kimi ölkələrinə dönüblər. Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanması, Vyetnam müharibəsi haqqında ilk Sovet-Vyetnam sənədli filminin çəkilməsi də azərbaycanlı mədəniyyət xadimlərinin adı ilə bağlıdır. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Bakıya səfəri də ötən illərə dayanan əlaqələrin məntiqi davamı kimi qiymətləndirilə bilər”.
Bu sözləri Vyetnamın Baş katibinin Bakı səfərinin əhəmiyyəti ilə bağlı BQP başqanı, Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa açıqlamasında deyib.
“Əlbəttə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalılıq prinsipinə əsaslanan münasibətləri mövcuddur və Vyetnam ilə münasibətlərin inkişafı da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən razılığını dilə gətirib və müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində hər zaman bu əlaqələrin səmərəli əməkdaşlığa əsaslandığını qeyd edib”.
Millət vəkili Azərbaycan ilə Vyetnam arasında ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşməsi üçün geniş potensialın mövcud olduğunu və Vyetnamın Baş katibinin Bakıya ilk səfərinin də iki ölkə arasında gələcəkdə bu əlaqələrin daha da inkişaf etməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə inandığını vurğulayıb və qeyd edib ki, yəqin ki müəyyən müddətdən sonra statistik göstəricilərdə də müsbət dəyişikliklərin şahidi olacağıq:
“Ölkə başçısının müsahibəsində qeyd etdiyi kimi Vyetnam KP MK-nın Baş katibinin Azərbaycana ilk səfəri və səfər çərçivəsində əldə olunan razılaşmalar ölkələr arasında münasibətlərin inkişafında və əməkdaşlıqda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Subyekt.az