![]()
İndi anlaşılır ki, Azərbaycan Cümhuriyyətini hansı böyük düşüncə adamları, hansı ağrılar və acılarla qurublar. Bir tərəfdə kütləvi din cəhaləti, digər yanda oxumuşların tarix xurafatı, kütləvi savadsızlıq, rus, fars və osmanlı zehniyyətinin daşıyıcısı olan oxumuşlar, az sayda Avropanın elmi və mədəniyyətini təbliğ edən aydınlar, ortada qrammatikası yazılmış dil yox, sağlam bədii mətnlər çox az sayda, nümunə üçün bir elmi dərgi yox, bir ensiklopediya nümunəsi yox, üstəlik də ordu təcrübəsi keçmiş az sayda zabit heyəti…
3–4 il içində ideoloji müzakirələrdən və mübahisələrdən keçərək “Azərbaycan” siyasi adını kəşf edən böyük kişilər, siz bu üstün zəkanı qısa bir müddətdə necə bir araya gətirmisiniz? Heyrətamiz deyilmi?
Arxada hansısa ciddi dövlət təcrübəsi olmadan, iki kişinin – Mirzə Fətəlinin və Həsən bəy Zərdabinin 10–15 faizlik əqli potensialının məhsulları üzərində bu dövlət ideyası ərsəyə gəlmişdir…
Müqayisə üçün yaxın qonşuluqda, bizdən də çox soydaşımızın yaşadığı məkanda, bizdən də çox kütlənin ayağa qalxdığı bir mühitdə konkret “Azərbaycan” adı deyil, mücərrəd “Azadistan” adının kəşfinə baxmaq yetərli olardı.
Yaşayacaq, varlığını yeniləşdirə biləcək adı tapmaq gerçəkdən üstün bir zəka hadisəsi idi. Məhəmməd Əmin bəyin millətimiz qarşısında ən böyük xidməti bizi qaranlıq keçmişdən qopara bilməsi oldu. Bəlkə də o, eyni nəhəng vizyonu Türkiyədə həyata keçirən Atatürk qədər Cümhuriyyəti yaşada bilsəydi, biz daha aydın bir millətə dönüşərdik.
İndi qardaş Türkiyə seriallarla, filmlərlə, kitablarla, siyasi ritorika ilə Osmanlıya döndükcə necə realist baxışdan uzaqlaşırsa, xəstələnirsə, qaranlıq keçmişimizə aludə olmuş diplomlu Məhəmmədhəsən əmilərin səyləri də bizi eyni yanlışa sürükləməkdədir.
Elm və düşüncəyə doğru bir addım atmağa tənbəllik etməkdən utanmayan əksər cəmiyyət üzvlərimiz indi idol hesab etdikləri qəbirlərə doğru kilometrlərlə yürüdükləri addımların sayı ilə qürrələnməkdədir.
Siz İslamın Kitabını qoyub inandığınız ölü bütlərə doğru yürüyün, siz Cümhuriyyətin Kitabını qoyub qaranlıq keçmişimizin cəhalət idollarına olan sevginizi yaşayın, bizlər də Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Sabirin, Məhəmməd Əmin bəyin, Üzeyir bəyin varlığımız, müstəqilliyimiz və sağlam düşüncəmiz üçün zəruri olan, zamanın şərtlərinə, ömrün vəfasına və Şeyx Nəsrullah tərəfdarlarının bolluğuna görə tamamlaya bilmədikləri Çağdaşlıq Kitabımızı sağlam düşüncə ilə zənginləşdirməyə çalışaq.
Son vaxtlar müzakirə olunan mövzunun strateji istiqamətini cılızlaşdırıb kənardan başından böyük eyhamlarla danışanlar, təhqir edənlər, din və tarix mövzusunda öz gerizəkalılığı ilə qürrələnənlər, sizlərin sadə bir məntiqlə – Azərbaycan Respublikasının ali dövlət maraqları üzərindən – toparınızı bir yazı və ya bir çıxışla darmadağın etmək mənim üçün adi bir işdir.
Bir il öncə çapdan çıxmış “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” adlı kitabımızın əslində bu missiyanın nümunələrindən biri olduğunu düşünürəm.
Ancaq unutmayaq ki, aydınlanma geniş bir səbr və iradə tələb edən bir prosesdir. Ona görə də bu yolda öz məsuliyyətini anlayan dostlarımıza tövsiyəm budur ki, doğruları anlatmağa daha böyük iradə ilə davam edin. Mətnlər, kitablar yazmağa davam edin.
Elə bu iradə ilə də yeni kitab üzərində işləyirəm.
Unutmayın, din cəhalətinin, siyasi və sosial qaragüruhçuluğun, yanlış tarix şüurunun qarşısına qoyulacaq yalnız bir nəsnə var. Onun da adını Mirzə Cəlil hayqırmışdır!
Dönsəniz XX əsrin reallığına, anlasanız XXI əsrdə bizi gözləyən təhlükələri, bəlkə o adı haçansa tapmaq sizlərə də nəsib olacaqdır.
Subyekt.az