![]()
«”Milli Məclisdə komitə sədri kürsüsündə əyləşən Fazil Mustafa vəzifəsindən sui-istifadə edərək anti-Təbriz təbliğatı aparır. Bunun bürc adı var: əyalətçilik, həvəskarlıq. Anti-Təbriz trendi anti-Azərbaycan deməkdir. “Təbrizsiz Azərbaycan” real-politik deyil. Macəraçıdır, marqinaldır. Fazil bəy komitə sədri kimi bu iddialarını səsləndirə bilməz. Görəsən, Milli Məclis bunları bölüşürmü? Milli Məclis kənarda qalmamalı, Fazil bəylə nə qədər həmrəy olduğuna aydınlıq gətirməlidir. Fazil bəy müəmmalı imzalarla bəndənizə nəsə yazır. Bunları “Facebook”da da yayır.”»
Bu cümlələri istedadlı yazar kimi tanıdığım, lakin illərdir Azərbaycanda efir məkanında cəhalətin və xurafatın əsas, məqsədyönlü təbliğatçılarından olan Həmid Herisçi yazır.
Əlbəttə, hansısa düşüncə sahibi olmaq hər bir vətəndaş kimi onun da haqqıdır. O halda nədən mənim də hansısa görüşü irəli sürməyimə və ya dəstəkləməyimə görə qadağa tələb edir? Üstəlik, məgər anlamırlar ki, istər komitə sədri, istər partiya sədri, istərsə də sadə bir Azərbaycan vətəndaşı kimi varlığı üçün canımı və ağlımı əsirgəmədiyim öz milli dövlətimin maraqlarını güzəştsiz şəkildə qorumaq haqqımı hansısa başıpozuq qüvvələrə ömrüm boyu təslim etməyəcəyəm?
Maraqlıdır ki, Təbrizin Azərbaycan Respublikasına mənsub olması barədə iddia irəli sürmək, eyni zamanda İran dövlətinin siyasi ərazisinin bir hissəsinin qoparılıb Azərbaycan Respublikasına birləşdirilməsi iddiası deməkdir. O halda necə olur ki, İran dövlətinin baxış bucağından bölücülüyə çağırış edən şəxs SEPAH-ın, BƏSİC-in gözü önündə gedib ABŞ-nin hücumunun ən qızğın vaxtında İran kimi teokratik bir ölkədə sərbəst dolaşaraq günlərlə İranın məğlubedilməzliyindən bizim auditoriyaya reportajlar verə bilirdi? Bu mövzuda heç düşündünüzmü? Kim ki burada İran xurmasının iyini alır, kim ki gedib orada bu xurmadan dadır, gəlib burada Səfəvi nağıllarını, həsrət ədəbiyyatını duyğularımıza üfləyir.
Orada, əlbəttə, bizim soydaşlarımız var. Orada, əlbəttə, əhalisi bizimlə eyni dildə danışan Təbriz, Mərənd, Zəncan, Ərdəbil adlı şəhərlər var. Gürcüstanın Borçalı bölgəsində də ən əziz soydaşlarımız yaşayır, İraqın Kərkük bölgəsində də bizimlə eyni dili danışan Kərkük türkləri var. Çində də bizə yaxın ləhcədə danışan uyğur türkləri yaşayır. Ancaq bunların Azərbaycan Respublikası ilə vətəndaşlıq məsuliyyəti baxımından nə bağlılığı var? Biri Gürcüstanın, digəri İranın, o biri İraqın, başqası isə Çinin inzibati-siyasi ərazisindədir, həmin dövlətlərin vətəndaşlarıdır. O halda “Urumçisiz Azərbaycan olmaz!”, “Kərküksüz Azərbaycan olmaz!” niyə deyilməsin?
Azərbaycan Respublikası İranla qonşu dövlətdir. Mümkündür ki, gələcəkdə bu dövlətin daxilində azərbaycanlılar haçansa muxtariyyət, müstəqillik və ya İran modeli daxilində daha geniş azadlıqlar əldə etsinlər, dünyəvi rejimə qovuşsunlar, biz də onlarla həmrəy olub dəstək verək. Qarşıdakı tarixi zamanda hər şey ola bilər. Olduğu təqdirdə də yeni strategiyamızı həmin reallığa uyğun tənzimləməyə çalışarıq. Lakin indi bizim əsas vəzifəmiz dünyanın bu burulğanlı çağında yenicə orqanizmini separatçılıqdan xilas etdiyimiz Azərbaycan Respublikasının təhlükəsizliyini qorumaqdır.
Şeir deyənlə, ədəbiyyat danışanla problem yoxdur. Ancaq bunu İran xüsusi xidmət orqanlarının sifarişi ilə siyasi şüara çevirənlərin məsuliyyətsizliyinə qarşı mövqe ortaya qoymaq bizim vətəndaşlıq borcumuzdur. Biz öz ölkəmizdə bölücülüyə qarşı olduğumuz kimi, başqa ölkələrdə də bölücülüyə qarşı siyasət izləməyə məhkumuq. Çünki qarşılıqlı zərbələr zamanı ən çox zərər çəkən tərəf biz ola bilərik.
Bir tarixi gerçəyi də anladım ki, Azərbaycanda “bütövçülər” siyasi termini üzərindən özlərini tanıdanlar iki yerə ayrılırlar. Birinci qrupa İran dövlətinə nifrət edən, fars şovinizmindən danışmağı sevən, xalq hərəkatı romantizmindən qaynaqlanan ənənəvi şüarları əzbərləmiş, tarix bilgisi bəsit olan səmimi millətçilər daxildir. İkinci qrupa isə İranın maraqlarına xidmət etdiyini pərdələmək üçün Səfəvilik, Bütöv Azərbaycançılıq və Təbriz nağılları üzərindən canfəşanlıq edən xüsusi şəbəkə daxildir.
Acınacaqlısı odur ki, bunların hər ikisinin də qürur yeri, istinad nöqtəsi ən şərəfli tariximiz hesab olunan Məhəmməd Əmin Rəsulzadənin qurduğu Cümhuriyyət deyil, İrançılığın siyasi-ideoloji mənbəyi olan teokratik məzhəbçilik ideyasına söykənən Səfəvilikdir.
Əslində hər ikisinə anladılmalı tarixi gerçək budur ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu gəlib Bakını işğaldan azad etməsəydi, Allah bilir Azərbaycan dövlətçiliyinin taleyi necə olacaqdı. Leninin və Stalinin niyyəti Rusiyanın yanacaq bazası hesab etdikləri Bakını Azərbaycanın digər bölgələrindən ayırmaq idi. Əsas dayaqları da rus-erməni quldur dəstələri və Təbrizdən, Mərənddən, Xoydan, Ərdəbildən neft buruqlarında işləməyə gəlmiş, bolşevik ideyaları ilə zəhərlənmiş böyük fəhlə kütləsi idi. Hədəf bu iki qüvvənin sintezindən ibarət Şimali İran Sosialist Respublikası quraraq Bakını Bolşevik Rusiyasının tərkibinə qatmaq idi.
Bu plan Bakının işğaldan azad edilməsi ilə alt-üst oldu. Elə buna görə də Rəsulzadə İstanbulda apardığı danışıqlarda Osmanlı rəhbərliyinə hər dəfə vurğulayırdı ki, “Bakısız Azərbaycan başsız bədən kimidir. Nəyin bahasına olursa-olsun, Bakı azad edilməlidir.”
Unutmayın ki, Azərbaycan adı ilə qurulmuş milli dövlətimizə qarşı ən sərt müxalifəti də Təbriz mərkəzli siyasi xadimlər – Seyid Cəfər Pişəvəri, Xiyabani, Seyid Həsən Tağızadə və başqaları ortaya qoyurdular. Dövrün Qacar rejimi də bu bəhanə ilə ilk vaxtlar müstəqilliyimizi tanımaqdan imtina edirdi. Onlar da eynən Həmid Herisçi kimi deyirdilər ki, “Siz hansı haqla Azərbaycan adını götürmüsünüz? Azərbaycan İrana məxsusdur.” Yəni eynən “Təbrizsiz Azərbaycan ola bilməz!” deyirdilər.
Ancaq Səttarxan hərəkatı dövrünün əhəmiyyətli hissəsini Təbrizdə və Azərbaycanın digər bölgələrində keçirmiş, müşahidələr aparmış Məhəmməd Əmin bəy İrançılıq virusundan qurtuluşun mümkünlüyünə inanmadığı üçün Təbriz dəftərini qapatmış, müstəqil, milli, dünyəvi Azərbaycan dövlətinin yalnız və yalnız Qafqazda qurulacağına öz adı kimi əmin olmuşdur.
İndi Məhəmməd Əmin Rəsulzadə irsindən, şəxsiyyətindən xəbərsiz cahillər, sizdən soruşuram: onu da bizim kimi “anti-Azərbaycançı” sayırsınızmı?
Subyekt.az