![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəni Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha təsdiqləyən mühüm siyasi hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, dövlət başçısının bu müsahibədə səsləndirdiyi fikirlər təkcə iki ölkə arasındakı əlaqələrin deyil, ümumilikdə türk dünyasında inteqrasiyanın dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Fazil Mustafa qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərinə toxunmaqla yanaşı, müasir dövrdə bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə ortaya qoyub. Deputatın fikrincə, xüsusilə iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik məsələləri ilə bağlı səsləndirilən tezislər hər iki ölkənin ortaq maraqlarının üst-üstə düşdüyünü göstərir.
O vurğulayıb ki, müsahibədə Orta Dəhlizin inkişafı, nəqliyyat marşrutlarının genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması kimi məsələlərə diqqət yetirilməsi regionda yeni iqtisadi dinamikanın formalaşmasına xidmət edir. Millət vəkilinə görə, bu yanaşma Azərbaycanı və Özbəkistanı Avrasiya məkanında mühüm tərəfdaşlara çevirir və onların beynəlxalq nüfuzunu artırır.
Deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin çıxışında siyasi sabitlik, milli maraqlara əsaslanan müstəqil siyasət və qarşılıqlı hörmət prinsiplərinin ön plana çəkilməsi Azərbaycanın xarici siyasət kursunun ardıcıl və prinsipial olduğunu bir daha nümayiş etdirir. Bu isə, onun sözlərinə görə, regionda uzunmüddətli əməkdaşlıq və etibarlı tərəfdaşlıq mühitinin formalaşması üçün əsas şərtlərdən biridir.
Sonda Fazil Mustafa qeyd edib ki, dövlət başçısının bu müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər və iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ciddi zəmin yaradır.
Subyekt.az