![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, telejurnalist Akif Cabbarlını 75 illik yubileyi münasibətilə təbrik edib.

Komitə sədrinin yubiley məktubunda Akif Cabbarlının Azərbaycan jurnalistikasına, publisistikasına və milli söz sənətinə uzun illər boyu göstərdiyi xidmətlər xatırladılıb. Bildirilib ki, onun televiziya, radio və mətbuat sahəsində keçdiyi yaradıcılıq yolu, peşəkar jurnalist mövqeyi və yazıçı-publisist kimi fəaliyyəti cəmiyyətimizdə həqiqətə, Vətənə və milli-mənəvi dəyərlərə bağlı aydın obrazının formalaşmasına töhfə verib.
Təbrikdə vurğulanıb ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində aldığı peşəkar təhsil, Azərbaycan Televiziyasında, “Xalq qəzeti”ndə, “Azərbaycan” qəzetində, İctimai Televiziyada və digər media qurumlarında səmərəli fəaliyyəti Akif Cabbarlının milli mətbuat tarixində özünəxas yer tutmasını təmin edib.
Fazil Mustafa vurğulayıb ki, Akif Cabbarlının yaradıcılığı jurnalistikanın hüdudlarını aşaraq milli yaddaşın, tarixi həqiqətlərin və mənəvi dəyərlərin yaşadılmasına xidmət edən sanballı publisistika örnəkləri ilə zəngindir. “Bir ömrün reportajı”, “Qızılgüllər açacaqmı?”, “Cənnətdə nə var, nə yox, Rafiq müəllim”, “Biz o şəhərə gedəcəyik”, “Səngər uvertürası” və digər əsərləri müəllifin həyat həqiqətlərini sənətkarlıqla ifadə etmək bacarığını nümayiş etdirir.
Məktubda Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi Akif Cabbarlının ölkənin ədəbi-mədəni həyatında fəal iştirak etdiyi, milli jurnalistika ənənələrinin qorunmasına, peşəkar media mühitinin formalaşmasına və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə verdiyi töhfələrin xüsusi dəyər daşıdığı bildirilib.
Komitə sədri vurğulayıb ki, vətəndaş cəmiyyətinin inkişafı və mənəvi dəyərlərin qorunması yönündə söz adamlarının məsuliyyəti bu gün daha böyükdür. Akif Cabbarlının yaradıcılığı isə vicdanlı jurnalist mövqeyinin, vətəndaş təəssübkeşliyinin və milli maraqlara bağlı publisistikanın uğurlu örnəklərindən biridir.
Fazil Mustafa əminliyini ifadə edib ki, Akif Cabbarlının zəngin həyat və yaradıcılıq təcrübəsi bundan sonra da Azərbaycan jurnalistikasının, ədəbiyyatının və ictimai fikrinin inkişafına yeni töhfələr verəcək.
Sonda komitə sədri Akif Cabbarlını 75 illik yubileyi münasibətilə bir daha təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi və yeni uğurlar arzulayıb.
Subyekt.az