Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənovun 26 noyabrda vəfatından 3 il keçdi. 50 yaşında qəfil ürək tutmasından dünyasını dəyişən Əvəz Həsənov 28 mart 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel ailəsində doğulmuşdu. Tələbəlik illərindən ölkənin ictimai-siyasi həyatında aktiv iştirakı ilə seçilən, ölkədə ilk vətəndaş cəmiyyəti təşkilatı qurucularından biri idi. Hüquq müdafiəçisi, konfliktoloq kimi Azərbaycanı bir sıra beynəlxalq təşkilatlarda uğurla təmsil edirdi.
Əvəz Həsənovun dünyadan köçməsi təkcə ailəsi, qohumları, dostları üçün dövlətimiz üçün böyük itki oldu.
Əvəz Həsənovun vəfatı xəbərini eşidəndə sandım ki, yuxu görürəm, oyanacam və Əvəzə zəng edib səsini eşidib özümə gələcəm. Yuxu deyildi-qanımı donduran acı, real, barışmağın mümkün olmadığı xəbər idi. Bir həmkəndli, bir əmioğlu kimi uşaq vaxtlarımdan Əvəzi tanıyırdım. Ancaq mən Əvəz Həsənovu onunla iki il bir yerdə
işləyən zaman tanıdım, onu kəşf etim. O qədər sadə, o qədər humanist, o qədər zəhmətkeş idi ki, ona heyran qalmamaq mümkün deyildi. Əvəz bənzərsiz şəxsiyyət idi. İstedadla cəsarət bir arada olan necə mükəmməl insan təsəvvür edilirsə bax, Əvəz Həsənov o idi. Həqiqi vətənsevər idi, saxta deyildi, inanılmaz dərəcədə təvazökar idi. Bəzən bir böyük Nazirliyin dövlət üçün edə biləcəyi işi Əvəz Həsənov istedadı, biliyi, diplomatik keyfiyyətləri ilə edə bilirdi. Lakin heç vaxt özünü tərifləməzdi, onu haqqına tərifləyəndə çöhrəsi qızarardı, gülümsəyib təvazökarlığını bir daha ortaya qoyardı. O, saxta adam deyildi, dürüst idi. İkinci Qarabağ müharibəsi zamanı az qala hər gün yazışırdıq, danışırdıq. Mən ondan prosesin necə inkişaf edəcəyi və necə nəticələnəcəyi haqda soruşurdum. Necə proqnoz vermişdisə, elə də oldu. Heyrətə gəlmişdim. Beynəlxalq siyasi münasibətlər sistemini mükəmməl bilirdi. Mən Əvəz Həsənovu belə tanıdım.
Etibar Seyidağa,
Subyekt.az