![]()
Dünən Milli Məclisin plenar iclasında deputat Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətlənib. O bildirib ki, qaçqın və məcburi köçkün statusu olmadığı üçün Ağdamdakı ata mülkündən məhrum olub. Spiker Sahibə Qafarovanın isə deputatın fikirlərinə sərt münasibəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumdur ki, Ağdam şəhəri 27 noyabr 2020-ci ildə işğaldan azad olunub. Azərbaycanın tanınmış ziyalıları hər gün bütün Qarabağımızın (o cümlədən Ağdamın) dirçəlişi üçün maddi və mənəvi dəstək təbliğatı aparmalıdır. Bu işdə birmənalı olaraq ictimai mənafe şəxsi mənafeni üstələməlidir.
Mən Prezidentin Ağdama səfəri zamanı Ağdam elitasının içərisində Aqil Abbası da görmüşdüm. Böyük yazıçıların adətən müəyyən bir etalonu var. Onlar kitablarından qazandıqları vəsaitlərin və nüfuzlu mükafatlardan onlara düşən pulun çox hissəsini özlərinə xərcləmirlər.
Prezidentlə görüşdə Aqil Abbasın yazdığım bu fikrə oxşar fikri olsaydı, birmənalı olaraq tarixə düşməyə haqq qazanardı: “Cənab Prezident! Mən evlərimin birini satıb, Ağdamda ‘Poeziya ocağı’ yaratmaq istəyirəm!” Əsl yazıçı fikri bu ola bilərdi! Onda Aqil Abbas qəflətən çevrilib Nobel mükafatı laureatı, şair Odisseas Elitis olardı.
Məşhur yazıçılardan birinin sözüdür: “Yazıçı tamamilə adi, başqalarına nisbətən daha hissiyyatlı insandır. Daha çox hissiyyata malik insanlar isə başqalarına nisbətən zəif olurlar. Əgər yazıçı xalqının ruporuna çevrilə bilmirsə və özündə ədaləti təcəssüm etmirsə, demək, onun səsi zəifdir”.
Azərbaycanın yazıçı və şairlərinin ən zəif yeri dövlətdən maksimum nəsə qoparmaqdır, maksimum bəhrələnməkdir. Halbuki bütün dünyada ortabab yazıçı və şairlər orta təbəqəni təmsil edirlər.
Həmin görüşlərdə iştirak edən başqa bir yazıçı da heç deyərmi ki, cənab Prezident, mənə kiçik bir yer versinlər, öz puluma bir çadır alıb orada yaşayım, uzun illərdir nisgilini çəkdiyim Qarabağ torpağında yazıçı təxəyyülümü yenidən canlandırım və işğala məruz qalmış, ocağı dağıdılmış insanlarımızın acısı barədə təbii bir əsər yazım. Bax, bu olardı orijinallıq!
Dövlətdən ev istəmə ənənəsi bu minvalla dərinləşsə, mənim həmyerlilərim olan milyonçu “ziyalılar” ucadan bağırıb deyəcəklər: “Mənə də Vedidə, Göyçədə, Zəngibasarda dövlət ev tikib versin…”
Azərbaycan aliminin, yazıçı və şairinin ayağı çoxdan evdən üzülüb, hamılıqca mənzili ədəbiyyatdan üstün tutmuşuq. Bəzilərinə Dövlət Baba 2-3 mənzil verib. İndi onlardan birini satıb doğma ocağa qayıtmaq nə qədər müşkül işdir. Əkrəm Əylisli nümunəsi də var. Dövlətin dəstəyi ilə Əylisdə ona imarət tikdirildi. Və bir aydan sonra kəndə dözməyib Bakıya qaçdı.
Qarabağımızın işğaldan azad olunması XXI əsrin ən müdhiş fenomenidir. Aparılan tikinti və abadlaşdırma işləri hamımızı sevindirir. Məmləkətin bu gözəl məkanı bizə tamamilə yeni mənzərə təsirini bağışlayır. Hamımız ruhən oradayıq. Oralara can atmağımız həsrət hisslərimizlə bağlıdır. Bəli, keçmiş tamamilə indidə büllurlaşdı.
Bizdən asılı olmadan sürətlə dəyişən nəsillərin yaddaş cizgiləri yeni nəslin beyninə yazılır.
Yeni nəslin yaddaşına kiçik maraqlar yazılmamalıdır. İnanıram ki, “Biz Birlikdə Güclüyük” şüarının substansional gücü hələ uzun illər yaddaşımızda qalacaq…
Təhsil eksperti, Milli Məclisin keçmiş üzvü Dr. Etibar Əliyev
Subyekt.az