![]()
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və mülki ərazilərə qarşı iri miqyaslı hərbi əməliyyatlara başlamasına cavab olaraq Azərbaycan “Dəmir Yumruq” adlanan, Vətən müharibəsinə çevrilən əks-hücum əməliyyatına başladı. Həmin gün Prezidentin xalqa ilk müraciətində Azərbaycan cəmiyyətini qəti qələbə hədəfi ətrafında birləşdirərək: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz qələbə qazanacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” – deyə bəyan etdi.
44 günlük Vətən müharibəsi ərzində Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyev müntəzəm olaraq xalqa müraciət etdi. Onun sözləri Azərbaycan əhalisini ruhlandırdı, onları mənən sıx birləşdirdi və müharibənin gedişatına təsir göstərdi.
Oktyabrın 4-dəki ikinci müraciətində Prezident birbaşa düşmənə səslənərək: “İndi biz kim kimdir göstərdik… Biz xilaskar missiyamızı yerinə yetiririk və bunu davam etdirəcəyik!” – ifadələrini işlətdi.
Oktyabrın 10-na keçən gecə Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında aparılan müzakirələrdən sonra əsirlərin, saxlanılan şəxslərin və həlak olmuş şəxslərin meyitlərinin mübadiləsinə imkan yaratmaq məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə oktyabrın 10-da günorta saatlarında humanitar atəşkəs elan edildi. Atəşkəsə baxmayaraq, Ermənistan silahlı qüvvələri onun şərtlərini pozaraq mülki şəxsləri hədəfə alıb yaşayış ərazilərinə hücumlarını davam etdirdi.
2020-ci il oktyabrın 11-də saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli yaşayış binalarına raket hücumu nəticəsində 3-ü qadın olmaqla 10 nəfər həlak oldu, 13-ü qadın və 15-i uşaq olmaqla 42 nəfər yaralandı. Hücum nəticəsində 10-dan çox yaşayış binasına və 100-dən artıq digər tikiliyə ziyan dəydi.
Oktyabrın 14-də Prezident İlham Əliyev “Twitter”də Füzuli və Xocavənd rayonlarında daha 8 kəndin işğaldan azad edildiyini paylaşdı. Ertəsi gün isə Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında daha 6 kəndin azad edildiyini elan etdi.
Oktyabrın 20-nə qədər davam edən uğurlu əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Füzuli rayonunda 6, Cəbrayıl rayonunda 7, Xocavənd rayonunda 5, Zəngilan rayonunda 6 kəndi və Zəngilan şəhərini azad etdi.
Oktyabrın 26-da ABŞ-ın vasitəçiliyi ilə növbəti humanitar atəşkəs elan olundu. Lakin qısa müddət sonra Ermənistan silahlı qüvvələri yenidən müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərini və mülki əraziləri atəşə tutdu.
Həmin gün Prezident İlham Əliyev Qubadlı şəhərinin və daha 17 yaşayış məntəqəsinin azad olunması münasibətilə xalqa müraciət etdi.
Oktyabrın 27–28-də Goranboy, Tərtər və Bərdə rayonları yenidən raket hücumlarına məruz qaldı. Bərdədə 4 mülki şəxs həlak oldu, 10 nəfər yaralandı.
Oktyabrın 29-dan etibarən Azərbaycan Ordusunun bölmələri Şuşa istiqamətində irəliləməyə başladı. Noyabrın 5–6-da Azərbaycan əsgərləri çətin relyef şəraitində irəliləyərək şəhər ətrafında döyüşlərə başladılar.
Noyabrın 7-də Prezident İlham Əliyev daha 16 kəndin azad edildiyini elan etdi.
Noyabrın 8-də Şuşa şəhərinin azad olunması ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. Həmin gün Prezident Şəhidlər xiyabanından xalqa müraciət edərək bu tarixi qələbəni elan etdi.
Şuşanın azad edilməsindən sonra daha 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğaldan azad olundu.
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və uzun illər icra olunmayan beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin etdi.
Bu qələbə minlərlə Azərbaycan əsgər və zabitinin fədakarlığı hesabına qazanıldı. Şəhidlərin xatirəsi daim ehtiramla yad edilir.
Müharibə zamanı Ermənistan tərəfindən mülki əhali dəfələrlə hədəfə alındı. Nəticədə yüzə yaxın mülki şəxs həlak oldu, yüzlərlə insan yaralandı. Müharibədən sonra isə mina təhlükəsi davam etməkdədir.
2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı bu tarixi qələbənin rəmzinə çevrildi. Paradda düşməndən ələ keçirilmiş hərbi texnika nümayiş etdirildi.
Prezident İlham Əliyevin fərmanı ilə 27 sentyabr Anım Günü kimi təsis edildi.
Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur.
2023-cü ildə Laçın şəhərinə ilk sakinlərin qayıdışı təmin edildi. Eyni zamanda azad edilmiş şəhərlərin günləri müəyyən edildi.
2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu.
Bu gün Azərbaycan bayrağı azad edilmiş bütün ərazilərdə qürurla dalğalanır.
Zəfər Paradı isə bu qələbənin, xalq-ordu birliyinin və milli iradənin simvolu kimi tarixdə əbədi qalacaq.
























https://president.az/az/articles/view/48788
https://president.az/az/articles/view/66852
https://science.gov.az/az/news/open/26979
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi
Gülnarə Sadıqova İsahaq qızı
Subyekt.az