İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər və dövlət başçılarının forum iştirakçılarına ünvanladıqları məktublar bir daha təsdiqləyir ki, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə həlli vacib olan məsələlərdə məsuliyyətli qlobal aktordur. Hər il dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderləri Bakı Enerji Həftəsində bir araya gəlir. 37 ölkədən 300-ə yaxın şirkətin Bakı Enerji Həftəsində iştirakı foruma yüksək marağın olduğunu göstərir. Bu platforma enerji sektorunda ən qabaqcıl texnologiyaların nümayişi, tərəfdaşlar axtarışı, əlaqələrin qurulması və müqavilələrin bağlanması üçün imkanlar yaradır. Ənənəvi forum dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini, o cümlədən hökumət rəsmilərini, energetika və sənaye nazirliklərini, baş katibləri və titullu beynəlxalq təşkilatların rəhbərlərini bir araya toplayır. Ən əsası, Prezident İlham Əliyevin forumda iştirakı və mühüm açıqlamalar verməsi Bakı Enerji Həftəsinə olan marağı artırır, forum çərçivəsində səsləndirilən fikirlərin uzun müddət diqqət mərkəzində qalmasına şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji həftəsinin açılış mərasimində çıxış edərək bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu vurğuladı və Xəzər dənizi ilə ayrılmaz şəkildə bağlı olan Azərbaycan energetikasının inkişaf perspektivlərini qiymətləndirdi. Bakı Enerji Həftəsinin 1994-cü ildə keçirildyini və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığını vurğulayan dövlət başçısı bildirdi ki, hazırda tədbirin miqyası genişlənib və artıq Bakı Enerji Həftəsi adlandırılır: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”. Prezident İlham Əliyev xüsusilə Xəzərin enerji resurslarının tədarükünün şaxələndirilməsi məsələsində Azərbaycan rəhbərliyinin əldə edə bildiyi nəticələr kontekstində konfransın əhəmiyyətini qeyd etdi. Bu gün Azərbaycanın qaz ixracının artdığını vurğulayan dövlətimizin başçısı diqqətə çatdırdı ki, ölkəmizin ixracı 24 milyard kubmetrdən artıq olacaq: “Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”. Prezident İlham Əliyev bu mənada “Şahdəniz” layihəsinin təbii qaza olan qıtlığı aradan qaldırdığını diqqətə çatdırıb. “Köhnə qitə” Azərbaycanı Avropanın etibarlı təchizatçısı kimi qiymətləndirir. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı çətin məsələlərin həllinə öz töhfəsini verir. Bu gün Avropanın 8 ölkəsi Azərbaycan qazını idxal edir. Ancaq bu, son hədd deyil. Dövlət başçısı çıxışında bildirdi ki, qaz təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək: “Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”. Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmaq öhdəliyi Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir. Avropalı liderlər bunu “Köhnə qitə”nin enerji təhlükəsizliyinə verilən töhfə adlandırırlar. Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir, bunun nəticəsi olaraq ölkəmiz özünü regionda sabitliyin və enerji təhlükəsizliyinin, eləcə də Avropanın enerji təchizatının təmin edilməsində sübut edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi vədlərimiz imzamız qədər dəyərlidir. Dünya dövlətləri də bu reallığı yüksək qiymətləndirir. ABŞ Prezidenti Co Bayden forum iştirakçılarına ünvanladığı məktubda vurğulayıb ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır.
Subyekt.az