
Əksər insanlar Elm və Dini əks qütblər kimi görür: elm rasional, praktik və obyektiv, din isə emosional, mistik və subyektiv. Bəzən də seçim qarşısında qalırlar: Adəmin gildən yaradılmasına inanım, yoxsa Darvinin təkamül nəzəriyyəsinə? Duanın gücünə inanım, yoxsa tibbin imkanlarına? Doğrudanmı Elm və Din bir-biri inkar edən dünyagörüşlərdir? Onları birləşdirən ortaq nöqtə ola bilərmi? Bu suallar yüz illiklər ərzində cavabsız qaldığından iki fərqli düşüncə və yanaşma sistemi yaranıb: elmi yanaşma və dini yanaşma. Bu başdan deyim ki, idealda, hər iki düşüncə forması, yəni Yaradanı və ruhi dünyaların varlığını inkar etməyən “həqiqi Elm” və kainat haqda bilikləri və təkamülü inkar etməyən “həqiqi Din” insan Sivilizasiyası üçün əhəmiyyətlidir. Belə bir ittifaq bəşəriyyətin “Qızıl Əsrinin” başlanğıcı olacaq. Bədən və ruh birgə insanın mahiyyətini təşkil etdiyi kimi, bizi əhatə edən dünya da bir-birinə bağlı, ayrılmaz və iç-içə olan Materiyadan və Ruhi (İlahi) aləmlərdən ibarətdir: materiya Elmin, ruhi dünyalar dinin tədqiqat obyektidir. Elm insan şüurunun güclü aləti, maddi dünyanın sirlərini açmaq üçün bir vasitədir. Elm, gerçəkliyi müşahidə və eksperiment vasitəsilə öyrənir və onun əsas funksiyası maddi dünyanı dərk etmək və Sivilizasiyanın tərəqqisindən və maddi rifahından ötrü vasitələr yaratmaqdır. Din isə ruh və mənəviyyat dünyası ilə bağlı həqiqətləri izah edir. Onun məqsədi Yaradanı insanlara tanıtmaq, “Allah-insan”, “insan-insan” və “insan-təbiət” münasibətlərini nizamlamaq, əxlaqi tərbiyə etmək, Sivilizasiyanın mənəvi rifahını formalaşdırmaq, insanı ölümdən sonrakı həyata hazırlamaqdır. Hər iki sistemin fərqli sahələri və məqsədləri olsa da, onlar bir həqiqətin, maddi və ruhi gerçəkliyin iki üzünü təşkil edir. Bizi düşündürən suallar var: ölümdən sonra həyat varmı? ruh nədir? Allah dərk olunandırmı, Onun bəşəriyyət üçün planı nədir? Elm bu suallara cavab vermək iqtidarında deyil. Amma din onlara cavab verir. Materiya necə təşkil olunub? Kainatın resurslarını necə əlçatan edə bilərik? Həyat necə yaranıb və hansı yollarla təkamül edir? genetik xəstəliklərdən necə qurtulaq? Din bu suallara cavab verə bilməz. Problem o zaman yaranır ki, özlərinə məxsus metodologiyadan istifadə edərək elm dinin, din isə elmə aid olan məsələləri izah etməyə çalışır:Elm, Allahın və ya ruhun olub və ya olmadığını eksperiment və ya müşahidə ilə sübuta yetirməyə, Din isə təkamülün olmadığını Müqəddəs Yazılar əsasında bizi inandırmağa cəhd edir. Materiyanın mürəkkəbliyi və mükəmməliyi ilə üzləşmiş Elm, onu düşündürən ağrılı suala cavab axtarmaqda borcludur: bu sistemin ideya müəllifi, yaradıcısı və nizamlayıcısı kimdir? Bu sualın cavabını din verir: maddi və ruhi dünyaların “ideya müəllifi” və yaradıcısı Allahdır. Bu bəlkə də elə dünyanın dərk edilməsinin iki fərqli sistemini birləşdirən ortaq nöqtədir. XXI əsrdə əksər alimlər bu fikrə gəliblər ki, bu “möhtəşəm, nizamlı və daim təkamül edən sistemin” arxasında Allah, Mütləq Şüur, Böyük Zəka durur (adın elə bir əhəmiyyəti yoxdur). L.Paster deyir ki, “kiçik elm bizi Allahdan uzaqlaşdırır, böyük elm isə bizi Ona doğru aparır”. Elm kimi Din də həqiqətin axtarışı zamanı elmi metodologiya ilə silahlanmadır. Din,ehkamçılıq bataqlığına batıb, statik olanda, Elmin ortaya qoyduğu faktlarla razılaşmayanda, inkarçılıq mövqeyində duranda onun böhranı başlayır: Əbdül-Bəha yazır:Din və Elm bir-biri ilə iç-içədir və ayrıla bilməz. Onlar bəşəriyyətin iki qanadıdır. Uçuş üçün bir qanad kifayət deyil. Din İlahi gerçəkliyin zahiri ifadəsidir. Ona görə də o canlı, hərəkətli və mütərəqqi olmaldır. Din ağlın təhlilinə və şübhələrinə dözməlidir. O, elmi fakt və dəlilə uyğun olmaldır ki, elm dini qəbul etsin, din isə elmi möhkəmləndirsin. Hər hansı digər alət kimi elmin nailiyyətləri də milyonlarla insanın məhv etmək üçün istifadə edilə bilər. Albert Eynşteynin atom fizikası sahəsində kəşfləri 1921-ci ildə ona fizika üzrə Nobel mükafatı qazandırdı. Lakin onun kəşfindən siyasətçilər və elm adamları nüvə bombasını hazırlanmaq üçün istifadə etdi və bu, ölüm və dağıntılara səbəb oldu. Ona görə də elmin belə fəlakətli tətbiqinin qarşısını almaq üçün insanın ruhu və vicdanı tərbiyə olunmalıdır. Albert Eynşteyn 1940-cı ildə yazdığı məqalədə yazırdı: “Dinsiz elm axsaq, elmsiz din kordur”. Martin Lüter Kinqin deyir ki, “Elmi gücümüz mənəvi gücümüzü üstələyib”. Din də cəhalət bataqlığına çevriləndə, xurafatlarla yüklənəndə parçalanma və zülmün səbəbinə çevrilir, mənəviyyat sözdən əmələ keçmir. Əbdül-Bəha yazır: Allah insana ağıl bəxş etmişdir ki, bununla da sual və müddəaların doğruluğunu müəyyən etsin. Əgər dini inanclar və fikirlər elmin standartlarına zidd olarsa, bunlar xurafat vətəxəyyüldür; çünki biliyin əksi cəhalətdir, cəhalətin övladı isə xurafatdır. Xurafatlarından və ağılsız ehkamlarından məhrum olan din elmə uyğunluğunu göstərdikdə, dünyada böyük birləşdirici, təmizləyici qüvvə yaranacaq. Müharibələr, ixtilaflar və mübarizələr bitəcək, bəşəriyyət Allahın Sevgisinin gücündə birləşəcəkdir .
Azər Cəfərov
Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru
Subyekt.az