![]()
Şam-çıraq ömür sahibi,
Yaxud, əli şəfalı, könlü səxalı həkim
Mükafatı körpə uşaq təbəssümü, ana sevinci olan Ələmdar Cəfərovun
ömür yolları da Kəlbəcərinki kimi, eniliş-yoxuşlu, dolanbaclardan keçib
Haqqında çoxdan yazmalı idim. Əslində, 30 il bundan öncə, Kəlbəcərdə, “Yenilik” rayon qəzetində çalışarkən onunla həm tez-tez görüşür, haqqında nəinki kəlbəcərlilərin, həm də “İstisu” sanatoriyasına istirahətə və müalicəyə gələn qonaqların da səmimi, isti ürək sözlərindən ibarət ”Minnətdarlıq məktubları”nı oxumuş və dərc etmişdik. Deməyim odur ki, əli şəfalı, dili ballı, könlü səxalı “uşaq həkmi”ni böyüklər də çox istəyir. Şükür ki, bu gün, aradan 30-35 il keçdikdən sonra da Ələmdar həkim haqqında eşitdiklərimiz ürəkaçandır.

Ələmdar Cəfərovu Kəlbəcərdə tanımayan ola bilərdimi? Ali təhsil alıb rayona qayıdandan sevdiyi peşəsi onu seçdirdi, tanıtdı. Az vaxt ərzində həkimlik kimi çətin, amma şərəfli peşəsiylə nəinki valideynlərin, ata-anaların, ilk növbədə uşaqların sevgisini qazandı. Bu “uşaqdilli” həkim yaxşı bilir ki, balacalar iynədən, ağ xalatlı həkimlərdən çox qorxurlar. Ona görə də ilk növbədə onların sevgisini qazanmaq üçün uşaqların dilini öyrəndi. Onların ürəyinə yol dildən başlayır. Digər peşələri deyə bilmərəm, həkimlər ilk növbədə psixoloq olurlar. Ona görə də onlar ən “dilbilməz, “sözqanmazlar”ın da dərdini öyrənməyi bacarırlar. Ələmdar həkimi də belə görmüşük.
***
…Bu günlərdə həkimdən gələn zəng məni çox sevindirdi. Çünki, illər öncə həkimə bir dua eləmişdim: “Siz uşaqlara ömür yaşatmaq üçün ömrüünzü şam-çırağa çevirmisiniz. O gün olsun ki, 70-80-90-100 yaşlarınızda Sizi təbrik edək və təşəkkürünüzü alaq!”
Bu duam Tanrımız tərəfindən eşidilmişdi. Həkim məni 80 illik yubiley tədbirinə dəvət edirdi. Bundan gözəl, şad xəbər olardımı mənim üçün? Olmazdı! Məmnuniyyətlə, tədbirdə iştirak edib və orada gərək olarsa, ürək sözlərimi deyəcəyimə də söz verdim.
Tədbirdə iştirak edənlərin həm sayını, həm də vacib auditoriyalardan olduqlarını görüb, susdum. O gün mənim üçün əlamətdar olsa da, lazım olanda susmaq qızıla bərabərdir axı.
Yubiley tədbirlərimiz də perik düşmüşdü arxada qoyub, ömrümüzdən saymadığımız 30 ildə. Ancaq dərd-sər bölüşərdik xeyir-şər məclislərində. Hamı ağlayıb sarılardı bir-birinə.
Şükür, 2020-ci ilin payızı ömrümüzün arxada qalan illərini qaytardı özümüzə. Yenidən xeyir-məclislərimizdə sevinclərimizi bölüşür, bir-birimizə gözaydınlığı veririk.
Budəfəki tədbirdə də ağ xalatın işığına toplaşanlar həkimi bağrına basır və “SƏNİ 100 YAŞA!-deyirdilər. Elə bu sətirlərin müəllifi də vaxtilə etdiyi diləklərin hasil olduğunu onun qulağına pıçıldadı…
Tədbirin aparıcısı, tanınmış ictimai xadim, “Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist, kəlbəcərlilərin o ağır, darmacal günlərində daim üstünə qaçdığı Əlövsət Ağalarovun təqdimatında çoxları Ələmdar Cəfərovun xidmətlərini və ailəsini bir daha yaxından tanımaq imkanı qazandı.
Xüsusən Qarabağımızı, o cümlədən də mədəniyyət-mənəviyyat paytaxtımız olan Şuşamızı işğaldan canı-qanı bahasına azd edən fatehlərin, başda general-mayor Mais Bərxudarov olmaqla, iştirak etmələri, səsləndirdiklər fikirlər, Ələmdar Cəfərovun böyük oğlu, general-mayor Cabir Cəfərovun atası, anası haqqında olan ürək sözləri yaddaşlara xatirələr toplusu kimi yazıldı.
Tədbirdə kəlbəcərlilərin sevimli deputatı olan, sözün əsl mənasında onların səsi olan, daim xeyir-şərlərində unutmayan, Dədə Şəmşir ocağının yadigarlarındn biri olan Cavid Qənbər oğlu Qurbanovun, Sahib Əkbərovun, Qurban Sadıqovun, İlham Məmmədlinin, eləcə də digərlərinin söylədiyi dəyərli fikirlər bir daha həkimi hamının gözlərində zirvələrə qaldırdı.
Həkimin ömürnaməsinə həsr edilən “Sən elə bir zirvəsən ki…” xatirə kitabının da bu möhtəşəm yubiley tədbirində təqdim olunması lap yerinə düşdü. Kitab haqqında onun redaktoru və naşiri olan Əlövsət Ağalarovun dəyərli fikirlərini dinlədik. Doğrudan da belə bir şərəfli ömür yolu keçən, körpələrin, uşaqların sağlam Azərbaycan vətəndaşı kimi böyümələrində əvəzsiz xidmətlərini saymaqla qurtamayan Ələmdar Cəfərov haqqında topluda bir-birindən dəyərli ürək sözləri, ona həsr edilən poeziya nümunələri yer alıb.
Bir sözlə, nəinki kəlbəcərlilərin, 30 illik qaçqınlıq-köçkünlük illərində də Bakıda körpə həyatına həyat qatan Ələmdar həkimin şəxsiyyətinə layiq bir yubiley tədbirindən hər kəs xoş təəssüratla qayıdırdı. Axı, məclisdə hər kəsin qəlbini oxşayan bir-birindən gözəl musiqi nömrələrini təqdim edənlər də, əsasən kəlbəcərli istedadlılarımız idilər. Ustadlığa ucalan aşıq Ədalət Dəlidağlının sazından qanad açıb uçan saz havaları daha “Yanıq Kərəmi”, “Dilqəmi” deyildi. “Cəngi”, “Ruhani” ilə sazla söz qanad açmışdılar. İfaçıların zəngulələri də bu nəğmələri şirinləşdiridi, səslərinə, nəfəslərinə qüvvət. O günü Yaqutla Sevinc bacılarını, eləcə də muğam və segahları ilə məclis əhlini ofsunlayan daha bir kəlbəcərli gənc oğlanı yaxından tanıdıq…
Bəli, o gecə çoxlarının ürəyində sözü qaldı, elə bu sətirlərin müəllifinin də. Doğrudur, mənim də ürək sözlərim kitabda yer almışdı. Ona görə də sözün dəyərini saxlamaq üçün çoxlarımız həkimi bağrımıza basaraq, ürək və titrək, kövrək təbrikimizi qulağına pıçıldadıq. Əsas o idi ki, yubilyar onun nə qədər xalq, millət sevgisi qazandığının bir daha şahidinə çevrilmişdi.
Ona görə də evə qayıdıb kitabda özünə yer tapan məqləmi yenidən sevimli oxucularla-ələmdarsevərlərlə bölüşməyi qərara aldım…
Yaxşı yadımdadır…
Kəlbəcər şəhərində ən gözəl parkda yerləşirdi Uşaq Xəstəxanası. Kəlbəcər-İstisi yolunun üstündəydi. İki, ya da üçmərtəbəli həmin bina çalışdığım redaksiyanın, poçt-rabitənin, tarix-diyarşünaslıq muzeyinin, şahmat məktəbinin ikiaddımlığında idi. Əslində, Uşaq Xəstəxanasından əvvəl bura Kəlbəcər Rayon Partiya Komitəsinin inzibati binası idi. Ona görə parkdakı səliqə-səhman da göz oxşayırdı. Uşaq Xəstəxanası bura köçürülənədək köhnə, uçuq-sökük bir binada yerləşirdi. Lakin Ələmdar həkimin rəhbərliyi ilə orada hər cür şərait yaradılmışdı. Bura yolu düşənlər inanırdılar ki, balaları, körpələri burada sağlam ruhlu həkimlərdən ibarət komandanın peşəkarlıqları ilə özlərinin sağlamlığına qovuşurlar.
…İllər quşqanadlı olur. Aradan illər keçdi. Kəlbəcərin gözəl, firavan günləri də arxada qaldı. Erməni daşnakları Kəlbəcəri təklədi və işğala məruz qoydu. Amma, nə yaxşı ki, Kəlbəcərdə dünyaya gələn kəlbəcərlilərimiz uşaqdan-böyüyə doğma ata-ana yurduna sədaqətlərini itirmədilər. Üstəlik, Kəlbəcərdə yox, məcburi köçkünlük illərində də eşidəndə ki kəlbəcərlilərimizin Vətən, torpaq sevgisi azalmayıb, o dağlara qayıtmağa qəlbimizdə inam hissi bir az da güclənib.
Ağxalatlı kəlbəcərlilərimizdən, az da olsa, nəsə yazdım ki…
Bu da Kəlbəcərsiz keçirdiyimiz 28 illik ömür yolu: əzablı, işgəncəli, göz yaşlarımızla qələmə aldığımız qanlı-qadalı tariximiz. Bu illər ərzində mənə ən çox xoş olan kəlbəcərlilərimizin vətənkeşliyi, xüsusən də həkimlərimizin peşəsinə, sənətinə sədaqəti və əsl kəlbəcərli xarakterlərini qoruyub-saxlamaları oldu.
Adbaad yazası olsam, onda gərək bir kitab yazım həkimlərimizdən. Təəssüf ki, qələmlilərimiz ancaq şeir yazdılar bu illər ərzində. Kəlbəcərdə ikən tanınan, sevilən həkimlərimizdən bir dastan bağlamadıq. Mən gücüm yetən qədər bu missiyanı unutmadım. Bu gün də sevinirəm ki, İslam Hüseynovdan, qardaşı Adil Hüseynovdan, “Feldşer Hüseyn”dən, professor Zərraf Şirinovdan, Nağdəli Zamnovun yaradıcılığından… sadalamağa ehtiyac duymadığım ağxalatlı kəlbəcərlilərimizdən, az da olsa, nəsə yazdım.
Ələmdar Cəfərov da o həkimlərimizdəndir ki, haqqında az yazılmayıb. Kəlbəcərimzin rəmzi qələm adamı, əslən də, Ələmdar Cəfərovun həmkəndlisi, Azərbaycan radiosunda “Qərib axşamlar”ın müəllifi və aparıcısı olmuş, Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetindən və yerli radio dalğalarından imzasını və səsini yaxşı tanıdığımız bir nakam taleli bacımız da var idi – Kifayət Umudqızı. Mənə elə gəlir ki, Kifayət Umudqızı Ələmdar həkim haqqında yazdıqlarını heç kim qələmə ala bilməz. “Qərib gecələrimizin qonaqları” publisistik düşüncələr kitabında “Yanar çıraq” adlı bir yazısı da var müəllifin, Ələmdar həkimin ömür yoluna işıq salır. Nə gözəl bədii ifadələrlə həkimin ömrünə nur çiləyib bacımız: “… Uşaqları torpağın çiçəyi hesab edir, ömürlərini yox, gülüşlərini, təravətlərini, qoxularını gülə, çiçəyə bənzədir. Xəstə uşağı isə boynubükük bənövşəynən müqayisə edir…
Uzun illərdir ki, Ələmdar həkim bir pərvanə olub, çiçək ətirli, süd qoxulu körpələrin başına dolanır. Ağrının, azarın, amansız, vaxtsız ölümün əlindən alır onları…
Möhkəm yaddaşı var: nə vaxt, hansı bölgədən, neçə yaşında uşağa baxıbsa, hamısı yadındadı. Adını, soyadını da bilir…”
Belə nüminələri çox göstərmək olar. Bəlkə bir qədər də həkimimizi rəsmi tanıyaq, oduğu kimi? Kimdir Ələmdar Cəfərov?
Bu suala cavb üçün deyək ki, o, 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsini bitirib. Sonra doğma Kəlbəcərə təyinat alıb. İşə başladığı elə ilk gündən savadlı, bacarıqlı və qayğıkeş bir həkim kimi özünü tanıdıb. Həmin ilin dekabr ayının 1-dən Kəlbəcər şəhərində 1969-cu ildən fəaliyyət göstərən Uşaq xəstəxanasına baş həkim təyin olunub…
Maraqlıdır ki, Kəlbəcərdə ixtisas-peşəni elm, məktəb versə də, təbi, ilhamı təbiətdən alanlarımızı öncə şair ruhlu hiss etmişik. Məsələn, ixtisasca təbiətə bağlı, coğrafiyaşünas, ADPU-nun dosenti, fəsləfə doktoru, şair-publisist, İdris Verdiyevin qızı Mirvari Verdiyeva da kamil qələm və qəlb sahibi olmasını özünün bədii yaradıcılığı ilə təsdiqləyib. Onun kəlbəcərli ziyalılar haqqında qələmə aldığı kitabda Ələmdar Cəfərovun da ömürnaməsi vərəqlənir. Baxaq görək, Mirvari xanım necə təqdim edir həkimi bizə: “…Kəlbəcərdə kimin uşağı xəstələnsəydi, yadına düşən, kömək istədiyi, harayına çağırdığı ilk növbədə Ələmdar Cəfərov olardı. Adətən, uşaqlar həkimlərdən çox qorxurlar. Uşaqları sevgi ilə dindirməyin ustası idi. Olduqca qayğıkeş münasibəti ilə körpə qəlbləri bir andaca fəth edirdi. Uşaqlarla ünsiyyət qurmağı bacaran Ələmdar həkimi xəstə uşaqlar çox sevirdilər. O, işlədiyi müddətdə neçə-neçə uşağı ölümün pəncəsindən qoparıb alaraq ailələrinə sevinc bəxş etmişdi…”
“Tərəqqi”yə tənəzzül olmaz…
Mirvari müəllimə daha sonra yazır: “…Ələmdar Cəfərov körpələrin sağlamlığı keşiyində qəhrəmancasına dayanıb, ölümlə əlbə-yaxa mübarizəsində inamla çarpışırdı və bu savaşda daima qələbə qazanırdı. Qələbəsinin mükafatı bir körpə təbəssümü, bir ata fərəhi, bir ana sevinci olurdu. Xilas etdiyi körpələrin təbəssümü isə onun ən böyük mükafatı, yuxusuz gecələrinin bəhrəsi oldu…”
Həkimin yaddaşına yazılanlardan: “…1989-cu ilin yanvar ayında ermənilər qarlı bir qış günündə göyçəliləri doğma ev-eşiyindən silah gücünə qovmuşdular… Göyçəlilər 1918-ci ildə olduğu kimi, yenə də Göyçə dağlarını aşıb Kəlbəcərə üz tutmuşdular…
Göyçə dağlarında, gecə, qaranlıqda, bir metirdən qalın qarın içində, yalquzaq canavarların əhatəsində bir körpə doğulmuşdu…
Düz bir ay o körpənin həyatı uğrunda gecəli-gündüzlü don vurmuş bədənlə mübarizə aparmalı olmuşdum. Allahın yardımı ilə körpəni ölümdən xilas edə bildim. İlk dəfə gözlərini açdı və danışdıranda üzümə baxıb gülümsədi…
Bax, o körpənin üzümə zillənən həyat dolu gözlərini və gülümsər çöhrəsini unuda bilmirəm…”
Bu fikirləri ilə kəlbəcərli günlərimizin ağrılı-acılı məqamlarını dilə gətirməklə, bir daha təsdiqləyir ki, O, bu gün də Kəlbəcərlə nəfəs alır.
Ömrünü uşaqların sağlamlığı keşiyində durmaq kimi bir şərəfli peşəyə həsr edən həkimin çəkdiyi əziyyət illərlə öz layiq olduğu dəyəri almasa da, o, heç vaxt heç bir mükfat ummadı. Lakin, 2021-ci ilin apreli Ələmdar həkim üçün də yaddaqalan oldu: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb təhsilinin inkişafındakı xidmətlərinə görə təltif olunanların arasında onun da adı vardı. Beləliklə, Azərbaycan Tibb Universitetinin əməkdaşı Cəfərov Ələmdar Mədət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldü.
Tibb üzrə fəlsəfə doktoru, “Qələbə” Tibb Mərkəzi MMC-nin direktoru Abbas Əli oğlu Bağırovun sisial şəbəkədə, daha doğrusu, “GOYCE.AZ” saytında“ “Mərhəmlik və mərhəmət nümunəsi” başlıqlı bir publisist yazısına rast gəldim. Mənə elə gəlirdi ki, Ələmdar həkim haqqında mükəmməl qələm sahibləri, nədənsə, xəsisliklə söz açıblar. Abbas həkimin həmin məqaləsini oxuduqdan sonra, düzü, özümün nə yazacağımı düşündüm. Heç vaxt məqalə yazmaqdan, xeyirxahları, mərhəmət sahiblərinizə, ümumiyyətlə, sıravidən-alilərimizədək, hər kəsdən qələm şalmaqdan yorulmamışdım. Bu dəfə sanki qələm dirəndi dağa-daşa. Həmin məqalə müəllifini bilirsiniz kiminlə müqayisə etməli oldum? O da ixtisasca həkim, qəlbi kamil sözlə silə olan, bir neçə publisisit və ədəbi-bədii janrda yazılan kitab müəllifi, tibb üzrə fəlsəfə dosktoru, dosent, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının şöbə müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı Nağdəli Zamanovu xatırlatdı, həm də təkcə onu yox, bu sahənin peşəkarlarından tanıdığım söz sərraflarını! Allahım! Ədəbiyyatçı, filoloq olmayanlara belə istedadı necə də gözəl və bol vermisən! Şükrlər olsun onları Yaradan Tanrıya!
Kəlbəcərimizin, deyərdim ki, bütün sənət-peşə sahibləri sanki ilahidən təbli, ilhamlı gəliblər bu dünyaya. Ələmdar Cəfərov da onlardan biri kimi istər Kəlbəcərdə, istərsə də, məcburi köçkünlük illərində respublikada belə tanındı və sevildi.
“Qarabağ Ordeni”nin bu ailəyə sevinci və…
Bu şəxsiyyətin ata-baba yurdundan çıxan və respublikada sayılıb-seçilən ziyalılarını barmaqla saymırlar. Ələmdar həkimin böyük qardaşı, paytaxt Bakıda ötən əsrin 70-80-ci illərində inşa olunan ən görkəmli, müasir, şəhərə gözəllik verən bir çox inzibati və yaşayış binalarını tikən Bakı 1 nömrəli Evtikmə Kombinatının rəhbəri, texnika elmləri namizədi Ələmşah Cəfərov olub…
Ömür-gün yoldaşı Qənirə xanımın balalarının böyüyüb hərəsinin öz yeri, mövqeyi ilə sayılıb-seçilməsində çəkdiyi əziyyəti və qayğını unutmaq olarmı? Bu ailədə dünyaya göz açan, fidan balaların pərvazlanaraq, özlərinə yuva qurmasında həkimlə çiyin-çiyinə çalışan ananın da əziyyəti, qayğısı az olmayıb. Qənirə xanım ona görə xoşbəxtdir ki, Cabirlə Nadirini bu Vətənə layiq oğulalr kimi böyüdüb. Hər biri öz sahəsində nümunəyə çevrilən igid kimi tanınır.
Öncə deyək ki, hər birimizin fəxri, Vətənin igid oğullarından biri – polkovnik Cabir Ələmdar oğlu Cəfərov Xüsusi Təyinatlı Dəstənin komandiri kimi Qarabağımızın işğaldan azad edilməsində göstərdiyi şücaətlərə və qəhrəmanlıqlara, “ Dəmir Yumruq“ siyasəti ilə imza atdığı igidliyə görə, bir neçə medal və “Qarabağ Ordeni” ilə təltif edilib.
Bu ailənin və elcə də elimizin fəxri olan balaların arasında atsının nəcib peşəsini davm etdirməyi özünə borc bilən, görkəmli həkim, çoxsaylı körpələrin sağlam və sağlıqla böyüməsində misilsiz rolu olan Kəmalə Ələmdar qızı Cəfərova da var. O, 22 illik iş təcrübəsi ilə Ə. Qrayev adına uşaq xəstəxanasında nevropatoloq ixtsasında çalışmaqla, ata yolunun davamçısı kimi özünü təsdiq etmiş tibb mütəxəsislərimizdəndir.
Ələmdar Cəfərov həkimlik sənətinin sirlərini bir çoxları ilə bərabər, özünün də balasına, necə deyərlər, kiçik qızı, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin İnfeksion Xəstəliklər kafedrasının dosenti, iki dərslik kitabının müəllifi Könül Cəfərovaya da öyrədib…
Ələmdar Cəfərovu ancaq həkim kimi tanıyanlar unutmasınlar ki, onun illərlə havasına, suyuna tamarzı qaldığı Kəlbəcər adlı bir özgə dünyası da var. Kəlbəcəri günlərdən söz açmaq kifayətdir ki, dodaqları titrəsin, qəlbi kimi. Özünəməxsus fəlsəfi düşüncələri aforzm kimi tutarlı və müdrik deyimlərə bənzəyir. Kəlbəcər ədəbi mühitinin tanınmış simalarının yaradıcılığını əzbər bilir.
Tamarzıydıq pətəyində balına…
Bir gün söhbətlərimizin birində qayıtdı ki:
-Sənin də anan Güllər xalanın televiziya verilişlərində, radioda səsini eşidəndə adam özünü saxlaya bilmir, lap Kifayət Umudqızı kimi, o da adamları ağladır. Səninlə bir deyişməsini o günü eşitdim radioda.
Yadıma düşdü həmin deyişmə. Anam mənə yazdığı eyni adlı qoşmasına cavabım idi. Qoşmanı həkimə dedim:
Xəyalıyla qovrulduğum yurdumun
Açılmır səhəri gör neçə ildi.
Yəhərsiz-yüyənsiz, bir də ki, nalsız
Minilir kəhəri gör neçə ildi.
İzim düşmür cığırına, yoluna,
Meşəsinə, talasına, koluna.
Tamarzıyıq pətəyində balına,
Dadırıq zəhəri gör neçə ildi.
Köklənməyən, zillənməyən bir neyəm,
Kəlbəcərsiz yetim qalan körpəyəm.
Yurdu talan, bir yuvasız leyləyəm,
Düşmüşəm sərsəri gör neçə ildi.
Zəngilan, Qubadlı, xan Şuşam hanı?!
Batdımı Ağdamın, Laçının qanı?
Cəbrayıl, Füzuli… neçədi sanı,
Dağılıb məhvəri gör neçə ildi.
Məhəmmədə hücum çəkir dərd, qada,
Həsrətdi bir isti ocağa, oda.
Qalıbdı yağıya, quldura, yada,
Neçə ləl-gövhəri gör neçə ildi.
Bu şeir yazılanda Kəlbəcərdən didərgin düşdüyümüzün 7-ci ildönümü idi. Radioda səsləndirilirdi. Ələmdar həkimi qəhər boğdu:
-Görəsən, Nərimanoğlu, bir də Kəlbəcərə qayıda biləcəyik? Kəlbəcərlilərin şeirləri çox təsirlidir. Bilirəm, o dağlardan əli üzülənlərin könül, yaddaş ağrılarıdır. Sizi qınamıram. Amma, mən yamanca inanırm ki, biz Kəlbəcərə dönəcəyik. Sücayət elə-belə yerə deməyib ha:
“Sücayət, neyləyək, baxt belə baxtı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər”.

Həkimin fəhmi güclü imiş. O da qəm-qüssə, sevgi şairimiz Sücayət kimi, hər şeyin vaxta ehtiyacı olduğunu bilirmiş. Elə yaraların da sağalmasına vaxt, zaman gərək idi, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin bu fikri dönə-dönə vurğuladığı kimi.
Bəli, budur, Qarabağımız, o cümlədən də cənnət-misal Kəlbəcərimiz düşmən tapdağından Cabir kimi igid, qəhrəman komandirlərimizin, müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərimizin canı, qazilərimizin qanı bahasına azad edilib. Kəlbəcərə qayıdış başlayır. Dağlar səltənətində yeni bir Kəlbəcər öz doğmalarını gözləyir, Ələmdar həkim! Siz o köhnə yurdun yeni sakinlərinin balalarına hələ orada çox lazım olacaqsınız. Əllərinizin şəfasından sağalacaq kəlbəcərli balalar sizi dağlarda gözləyir. Ömrü yollar kimi uzun, ucalığı Dəlidağ qədər əzəmətli olan həkim!
Şam-çıraq ömür sahibi, əli şəfalı, dili ballı, könlü səxalı, qələbəsinin mükafatı körpə uşaq təbəssümü, ata fərəhi, ana sevinci olan Ələmdar həkimin ömür yolları da Kəlbəcərinki kimi, eniş-yoxuşlu, dolanbaclardan keçib. Nə yaxşı ki, o yollarda yorulmadınız, Ələmdar həkim!

Məhəmməd Nərimanoğlu,
“ Tərəqqi” medallı tədqiqatçı-jurnalist,
“Yenilik-press” qəzetinin baş redaktoru,
AJB-nin, TURAN (ASKEBF) ədəbi birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı
Subyekt.az