![]()
Yeni nəsil Krımtatar yazıçısı Seyran Süleymanın “ƏMİNƏ” hekayəsi haqqında bir neçə söz
Birdə görürsən, bir hekayə ulusun yığvalının sözçüsü, bilgi verəni olur; bəzən də bir yığvalı bir uşağın gözlərində, bir müəllimin rahatsızlığında, bir ocaqbaşında yaşanan mənəvi ziddiyyətdə təcəlli edir. Ədəbiyyatın böyüklüyü də bundadır bəlkə – o, böyük həqiqətləri həmişə böyük hadisələr vasitəsilə anlatmır; bəzən kiçik bir insan yığvalına işıq salmaqla bütöv bir dönəmin mənəvi mənzərəsini göstərir.
Dəyərli dostum-qardaşım, Krımtatar yazıçısı Seyran Süleymanın “Əminə”hekayəsini oxuyarkən bir daha, bax, bu qənaətə gəldim.
Seyranla ədəbi tanışlığımızın, mənəvi dostluğumuzun arxasında uzun illərin ortaq Türk dünyası sevdası dayanır. O, gənclik illərindən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü olmuş, birliyimizin tədbirlərində yaxından iştirak etmiş, ortaq sözümüzün, ortaq duyğularımızın yaşadılmasına öz töhfəsini vermiş qələm adamlarındandır. Belə dostluqlar yalnız tədbirlərdə, qurultaylarda yaranmır; zaman keçdikcə ədəbi yaddaşa, mənəvi qohumluğa çevrilir.
Bu baxımdan, Seyran Süleymanın doğma krımtatar dilində qələmə aldığı hekayəsini məhz Bakıya, mənə göndərməsi və ölkəmizdə yayımlanmasını arzulaması adi bir ədəbi müraciət kimi gəlmədi mənə; mən bunu həm dost güvəni, həm də Krım yarmadasıyla Abşeron yarmadası arasında sözün, düşüncənin, mənəvi ünsiyyətin davamlılığı kimi dəyərləndirirəm.
Üstəlik, bu müraciətin məhz indiki dönəmdə edilməsi də düşündürücüdür. Krımın mürəkkəb tarixi-siyasi taleyi, krımtatar dilinin və mədəni kimliyinin qorunması ilə bağlı həssaslıqlar fonunda ana dilində yazılmış bir hekayənin Azərbaycan oxucusuna ünvanlanması özlüyündə mədəni ismarıc da sayıla bilər. Burada söz həm ədəbi sınırları, həm də coğrafi məsafələri aşır. Ədəbiyyatın bir görəvi də bax, elə budur – ayrı düşən coğrafiyaların mənəvi yaxınlığını qorumaq…
Seyran Süleymanın ədəbi taleyində də Krımın tarixi yaddaşı özünəxas yer tutur. Sürgün coğrafiyasında – Özbəkistanda dünyaya gəlmiş, sonradan ata-baba yurduna qayıtmış bir qələm adamının yaradıcılığında Vətən, kimlik, mənəvi seçim və insan ləyaqəti mövzularının xüsusi həssaslıq qazanması doğaldır. Onun şair, publisist, tərcüməçi kimi fəaliyyəti də bu çoxqatlı ədəbi dünyanı tamamlayır.
“Əminə” hekayəsi ilk baxışda sadə bir məktəb əhvalatıdır. – Dördüncü sinif şagirdi Əminə günlərdir dərsə gəlmir. Müəlliməsi Sevgil rahatsız olur, məktəb rəhbərliyinin laqeydliyinə baxmayaraq, şagirdinin izinə düşür. Qarşılaşdığı mənzərə isə bir ailənin problemi olmaqdan çıxaraü, bütöv bir mənəvi ziddiyyətin ifadəsi olan olayı işarə edir.
Hekayənin bədii uğuru ondadır ki, müəllif böyük ictimai problemi kiçik insan münasibətləri müstəvisinə gətirir. Burada məktəb – uşağın dünyaya açılan üfüqünü, ev – müəyyən məqamda həmin üfüqün daraldılması təhlükəsini təmsil edir. Əlbəttə, ailə – özlüyündə qapalılıq, dini inanc isə təhsil əleyhdarlığı sanıla bilməz; yazıçının diqqət yönəltdiyi məsələ inancın mahiyyətindən çox, onun insan iradəsini, özəlliklə uşağın seçim və inkişaf imkanlarını məhdudlaşdıran yozumudur.
Əsərin maraqlı bədii detallarından biri ad dəyişməsidir: Əminə – Amina… Adlar arasındakı fonetik fərq kiçikdir, lakin müəllif həmin kiçik fərqə böyük psixoloji yük verir. Burada adın özündən daha çox, onun dəyişdirilməsinin arxasında dayanan hökm və münasibət düşündürür. Uşağın adını dəyişmək mümkündür, bəs onun yaddaşını, sevgisini, dostluqlarını, dünyaya açılan baxışlarını necə? İnsanın kimliyi daha çox, yaşamaq və özünü ifadə imkanları ilə də müəyyənləşir.
Bu məqamda hekayənin fəlsəfi qatı üzə çıxır: insanın mənəvi dünyası hazır qəliblərə sığdırılacaq qədər sadə olmur. Mədəniyyətin dərinliyi də yalnız fərqli düşüncələrin mövcudluğunda yox, onların insan ləyaqəti və azadlığı ilə necə uzlaşdırılmasındadır. Maarifçilik burada insanın dünyanı daha dolğun dərkinin yolu kimi görünür.
Əsərin ən təsirli qarşıdurması ananın sərt sözləri ilə müəllimənin cavabları arasında görünə bilər, mən isə onu məktəb direktorunun laqeydliyi ilə Sevgilin vicdanı arasındadır sanıram. Bir tərəfdə görəvin gündəlik qayğılar içində adiləşməsi, digər tərəfdə isə müəllimlik missiyasının mənəvi məsuliyyətə yüksəlməsi dayanır. Sevgil uşağın taleyini öz vicdanının məsələsinə çevirən müəllimdir.
Hekayənin sonunda müəllimənin üç ay öncə çəkilmiş sinif şəklinə baxması da sizə təsadüfi detal kimi gəlməsin. Şəkildə Əminə gülümsəyir. Onun üzü də, könlü də açıqdır. Bu, keçmişin adi xatirəsi olmaqdan çıxıb gələcəyin mümkünlüyünə işarə edir. Müəllif hadisəni qəti həllə çatdırmır, ümidin qapısını açıq saxlayır. Bədii baxımdan həmin açıq sonluq əsərin mənəvi təsirini artırır.
Bütün bunlarla yanaşı, hekayədə müəyyən obrazların, xüsusən ana surətinin daha dərin psixoloji işlənməsini arzulamaq olardı; ancaq bu, əsərin əsas bədii qayəsini – uşağın mənəvi bütövlüyünün qorunması ideyasını kölgədə qoymur.
“Əminə”ni Krımda yazılmış bir hekayə kimi oxumağın ayrıca anlamı vardır. Krımtatar ədəbiyyatının tarixi yaddaşında yurd, dil, kimlik, itki və dirəniş anlayışları özəl yer tutur. Bu baxımdan, bir uşağın öz adı, məktəbi və mənəvi dünyası ilə bağlı yaşadığı sarsıntı daha geniş kulturoloji yozuma da imkan verir. Əlbəttə, Əminənin taleyini birbaşa Krımın taleyinə bərabər tutmaq doğru olmazdı; bununla belə fərdi kimliyin qorunması ilə milli-mədəni yaddaşın yaşadılması arasında müəyyən mənəvi səsləşmə duyulur.
Azərbaycanla Krım arasındakı ədəbi-mədəni münasibətlər də məhz belə səsləşmələrdən güc alır. İsmayıl bəy Qaspıralının maarifçilik düşüncəsindən bu günün ədəbi ünsiyyətinə qədər uzanan yol bizə bir həqiqəti xatırladır: ortaq türk mədəniyyətinin gücü dil yaxınlığından savayı, insan və dünya haqqında düşüncələrimizin qarşılıqlı zənginləşməsindədir. Krımtatar ədəbiyyatı Azərbaycan oxucusu üçün həm doğma, həm də özünəxas bədii dünyadır. Onu tanımaq ortaq yaddaşımızı genişləndirmək, fərqli tarixi təcrübələrimizi daha dərindən anlamaq deməkdir.
Seyran Süleymanın hekayəsini məhz indi bizə göndərməsini də bu anlamda dəyərləndirmək istərdim. Əminəm ki, dostumuz Azərbaycan oxucusunun həm ədəbi zövqünə, həm də mənəvi həssaslığına güvənir. Hekayənin mövzusu ölkəmizdə təhsil, dünyəvilik, dini etiqad və uşağın gələcəyi ətrafında aparılan müzakirələrlə də səsləşir. Ancaq onun önəmi günün müzakirələri ilə məhdudlaşmır. Yaxşı ədəbiyyatın xüsusiyyəti budur ki, konkret zamanda yaranır, lakin zamanın fövqünə çıxan suallar doğurur.
Bir vaxtlar Dünya Gənc Türk Yazarlar Birliyində qurmağa çalışdığımız mənəvi körpülərin bu gün də yaşadığını görmək sevindiricidir. İllər keçir, nəsillər dəyişir, coğrafiyaların siyasi mənzərəsi yenilənir, ancaq könül dostluğunun, ədəbi qardaşlığın öz yaddaşı qalır. Seyran bəyin Krımdan göndərdiyi bu hekayə mənim üçün həmin yaddaşın da gözəl bir ifadəsidir.
İstərdim ki, Azərbaycan oxucusu “Əminə”ni müəllim vicdanı, insan azadlığı, mənəvi məsuliyyət və maarifçilik haqqında düşünməyə çağıran bədii mətn kimi qarşılasın.
Axı bəzən bir uşağın gözündə sönməkdə olan işığı qorumaq bütöv bir toplumun gələcəyinə yiyə durmaq deməkdir.
Krımdan Bakıya gələn bu hekayə də, məncə, elə həmin işığın sorağındadır.
Əkbər QOŞALI
⸻
Seyran SÜLEYMAN
(Krım; DGTYB Gənəşinin üzvü)
ƏMİNƏ
(Hekayə)
1.
Sevgil müəllimə sinfə girər-girməz sağdan üçüncü sıradakı partaya nəzər saldı. Mavilə yenə tək oturmuşdu. Əminə bu gün də onun yanında yox idi. Qalan şagirdlərin hamısı yerindəydi. Uşaqların mehriban təbəssümü müəllimənin ürəyini isitsə də, Əminənin dərsə gəlməməsi, üstəlik, bunun səbəbinin bilinməməsi onu narahat edirdi.
Dördüncü sinif şagirdləri arasında mavi gözlü, sarışın Əminə zəif, çəlimsiz bir qızcığaz olsa da, oxumağa hamıdan çox həvəs göstərirdi. Bütün fənləri asanlıqla mənimsəyirdi. Sevgil müəllimə bu fərasətli qızı çox sevirdi.
Doğrudur, son vaxtlar Əminə bir qədər dəyişmişdi. Əvvəlki hazırcavablığı, zirəkliyi sanki harasa çəkilib getmiş, gözlərinə qəribə bir qəm, anlaşılmaz bir kədər çökmüşdü.
Elə həmin günlərdə Sevgil müəllimənin də başı öz qayğılarına qarışmışdı. Kirayə qaldığı evdən yataqxanaya köçməsi xeyli əziyyətli olmuş, bu səbəbdən sevimli şagirdinə lazımınca diqqət ayıra bilməmişdi.
İndi isə Əminə düz dörd gün idi ki, məktəbə ayaq basmırdı. Bundan narahat olan Sevgil müəllimədən başqa, deyəsən, heç kimin qızın taleyi ilə işi yox idi.
Dərsdən sonra Mavilə sinifdən çıxmaq istəyəndə müəllimə onu saxladı:
– Əminədən bir xəbərin yoxdur?
– Yox, müəllimə, nə baş verdiyini bilmirəm.
Sevgil müəllimə bir müddət fikrə getdi. Nə edəcəyini, kimə müraciət edəcəyini düşündü. Nəhayət, daha gözləyə bilməyib birbaşa məktəb direktorunun yanına getməyə qərar verdi.
Direktorun otağında kimsə vardı. Sevgil xeyli müddət qapının ağzında gözləməli oldu. Nəhayət, direktorun təsərrüfat işləri üzrə müavini otaqdan çıxdı. Müəllimə onunla salamlaşıb içəri keçdi.
Böyük masanın arxasında əyləşmiş direktor Sevgilə təəccüblə baxdı.
– Mən… – Sevgil həyəcandan sözə başlaya bilmədi. Özünü ələ alıb davam etdi: – Əminə… O, bu gün də gəlmədi.
– Hansı Əminə? Kimdir o? – direktor sərt səslə soruşdu.
– Şagirdimdir. Dördüncü sinifdə oxuyur. Neçə gündür dərsə gəlmir. Anasına zəng edirəm, cavab vermir. Uşağın nə vəziyyətdə olduğunu bilməliyik. Mən onların evinə getmək istəyirəm.
– Bax, uşaq bu həftə gəlmirsə, gələn həftə gələr. Belə şeylər olur. Durduğun yerdə hay-küy salma. Həm də müavinlərimə demədən bu xırda məsələ ilə məni niyə narahat edirsən?
– Bağışlayın, amma…
Məktəbin direktoru altmış doqquz yaşlı, dul bir qadın idi. Nəhayət, bu il təqaüdə çıxmaq niyyətindəydi. Ancaq məktəbdə onun həll etməli olduğu min cür problem hələ də qalırdı. Gənc Sevgil isə yenə də onun yanına öz aləmində «vacib bir məsələ» ilə gəlmişdi.
– Sevgil, sən indi yataqxanada qalırsan, elə deyilmi?
Sevgil gözləmədiyi bu suala cavab vermədi. Sadəcə, başını tərpətdi.
Direktor ayağa qalxdı, ona yaxınlaşıb gözlərinin içinə baxdı:
– Bir gün kirayədə, bir gün yataqxanada… Əvvəl öz ev-eşik məsələlərini yoluna qoy, ailə qur. Bu uşağın anası-atası var, qoy bir az da onların başı ağrısın. Hamının qayğısını sən çəkəcəksənsə, bəs sənin qayğını kim çəkəcək?..
2.
İşlərini bitirdikdən sonra Sevgil taksi çağırıb şəhərin kənarındakı yeni salınmış yaşayış məhəlləsinə yollandı.
Qəsəbə sakinlərindən soraqlaşa-soraqlaşa Əminəgilin evini tapdı.
Hasarsız, geniş həyətə girəndə qəfildən qızı gördü.
Əminə yonulmuş daşdan tikilmiş birmərtəbəli evin astanasında başını aşağı salıb tək-tənha oturmuşdu.
Müəllimə onu sağ-salamat gördüyünə sevindi.
– Əminə! Əminə!
Sevgil tələsik qıza tərəf addımladı.
Elə bu vaxt evdən başdan-ayağa qara geyimə bürünmüş bir qadın çıxdı. Geyimi üzündən nə yaşı bilinirdi, nə də kimliyi.
Qadın gülümsəyərək:
– Xoş gəlmisiniz! – dedi.
Sonra cəld Əminəni iki əli ilə qaldırıb evə apardı. Ardınca yenidən müəlliməyə üz tutdu:
– Siz məktəbdən gəlmisiniz. Müəlliməsiniz, tanıdım.
– Bəli, məktəbdən gəlirəm. Əminənin müəlliməsiyəm. Bəs siz kimsiniz?
– Anasıyam. Gələn həftə məktəbinizə gələcəkdim. Məsələ burasındadır ki, Amina bundan sonra evdə təhsil alacaq. Məktəbə getməyəcək. Buna haqqımız var. Bizim küçədə də artıq bir neçə uşaq bu qaydada, evdə təhsil alır.
– Amina?!
Sevgil heyrətindən ağzıaçıq qaldı. Qadının Əminəni başqa adla çağırması onu çaşdırmışdı.
– Bəli, bundan sonra ona Əminə deməyin. Adı Aminadır. Bunu birdəfəlik bilin. Vaxtilə qayınanamın sözünə baxıb qızımıza Əminə adını qoymuşduq. Ancaq Uca Yaradanın lütfü və mərhəməti sayəsində haqq yolunu tapdıq. Mənim də adım Xədicə idi, indi Xaticayam. Mollamız da bunu bəyənib.
– Bu, sizin öz işinizdir. Ancaq uşağı evdə saxlamaq olmaz axı. O, sağlam uşaqdır. Başqa uşaqlarla ünsiyyət qurmasa, dostluq etməsə, dünyəvi elmləri öyrənməsə, gələcəyi necə olacaq?
– Hər şey aləmi nurlandıran, şanı uca Rəbbimizdəndir. O, hər şeyin ən gözəlini bəxş edəndir. Həmd olsun Ona! Hər şey Ondan asılıdır, gələcəyimiz də… O, ədalətlidir, mərhəmətlidir, hər şeyə nəzarət edəndir… Ondan başqa dosta da ehtiyacımız yoxdur.
– Məni düzgün anlayın. Mən sizə qarşı deyiləm. Ancaq uşağı məktəbdən ayırmaq böyük səhvdir.
– O mənim balamdır, bunu unutmayın! Yalnız doğru yolla gedəcək. Mən də onu buna alışdıracağam. Gələcəkdə istəsə, niqab da taxacaq. Məktəbdəki uşaqlar ona pis şeylər öyrədirlər. Burada isə üç böyük qardaşı var, qonşu uşaqlar var. Onların hamısı doğru yoldadır.
– Bəs atası? Qızının evdə qalmasına razıdırmı?
– Atası burada deyil. Bu yaxınlarda onu üç il müddətinə azadlıqdan məhrum ediblər. Haqq yolunu seçməyimizin cəzasını çəkirik, neyləyək… Qayıdanda qızlarının da doğru yolda olduğunu görüb sevinəcək.
– Ailənizə səbir diləyirəm. Ancaq uşağınızı evdə saxlamaq, onu məktəbdən, sinif yoldaşlarından ayırmaq elə onu da məhkum etmək, onu da cəzalandırmaq deməkdir. Gəlin, heç olmasa, özündən soruşaq. Görək, Əminə bunu istəyirmi?
– Hımm… Ağzınızdan çıxanı qulağınız eşidirmi?! Məktəbə gedib sizdən şikayət edəcəyəm! Belə müəllimələri başqa uşaqlardan da uzaq tutmaq lazımdır! Sizi burada bir də görmək istəmirəm!
– Bir də gəlmərəm. Amma icazə verin, heç olmasa, Əminə ilə sağollaşım.
– Əminə burada yoxdur. Amina isə məşğuldur…
Sevgil yataqxanaya qayıdanda əvvəlcə güzgüyə baxdı.
Gözləri sönük, saçları dağınıq idi.
Sanki ağır xəstəydi. Güclə çarpayısına yaxınlaşdı, asta-asta uzandı. Nə vaxt yuxuya getdiyini özü də bilmədi.
Bir neçə saat sonra, yəqin ki, gördüyü pis yuxunun təsirindən, qəfildən diksinib oyandı.
Axşamüstü dördüncü sinif şagirdlərinin üç ay əvvəl çəkilmiş birgə şəklini götürüb bağrına basdı.
Şəkildə uşaqların arasında Əminə də vardı.
O da gülümsəyirdi.
Üzü də açıq idi, könlü də…
Sevgil şəklə bir daha diqqətlə baxdı.
Müəllimənin gözləri yaşdan torlansa da, ürəyindəki ümid işığı sönməmişdi.
Sönməyəcəkdi də.
Bu şəkil, uşaqların o işıqlı simaları ona həmişə güc verəcək, ürəyindəki inamı yaşadacaqdı.
O, Əminəni xilas etmək üçün əlindən gələni edəcəkdi.

Subyekt.az