Paytaxt Bakıda dünəndən öz işinə başlayan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) bu gün Liderlər Sammiti (və digər tədbirlər) ilə davam edir.
Bəli, gözlənilən gün gəldi,
COP29 başladı və beynəlxalq ictimaiyyətin gözü Azərbaycan paytaxtına dikilmiş oldu. İndiyədək çoxsaylı beynəlxalq tədbirə uğurlu evsahibliyi edən Azərbaycan, COP29-u da alnıaçıq, üzüağ başa çatdıracaq – buna şübhə yoxdur. Qoşulmama Hərəkatının Zirvə Görüşü olsun, Sivilizasiyalar və Mədəniyyətlərarası Dialoq forumları, Beynəlxalq Neft-Qaz Sərgisi, Enerji Həftəsi, l Avropa Oyunları, Avropa Musiqi Yarışması, IV İslam Hənrəylik Oyunları, Türk Dövlət Başçılarının Zirvə Görüşü və s. olsun – Azərbaycan dəfələrlə öz təşəbbüskarlığı ilə seçilib, təqdim etdiyi modellərlə parlaq örnəklər yaradıb. Doğrudur, hazırda mövzu iqlim dəyişmələridir lakin əsl məsələ bəlkə mədəniyyət iqlimindəki dəyişmələrdir. Bəli, bəli, mədəniyyət iqlimi! – Mədəniyyət iqlimi bir baxıma dəyişməli, bir baxıma, dəyişməməlidir. – Əsl (köklü) mədəniyyət iqliminin – bütün pozitivlərin cəminin sabitliyi önəmli olduğu kimi, fərqliliklərin çatışmaya, dözümsüzlüyə, ayrı-seçkiliyə dönüşdürülməsi də qətiyyən qəbuledilməzdir.
Konkret deyək:
bir xeyli ölkəni guya mədəni birlik, guya ortaq irs və yenə guya dil birliyi adı ilə Frankafoniya çatısı altında bir araya gətirən Fransanın Prezidenti Makron COP29-a gəlməyib;
guya dünyada ədalətinin supergüclü qoruyucusu görəvini üstənən ABŞ-ın Prezidenti bir yana, ABŞ-ın Dövlət katibi gəlməyib;
faşizm, nasizm kimi qlobal ideoloji bəlaları yaradan və sonra da onlardan imtina etdiyini rəsmən duyuran Almaniyanın Federal Kansleri Olaf Şolts gəlməyib, Avropa Komissiyasının Almaniyadan olan Prezidenti xanım Ursula Fon der Lyayen gəlməyib;
daha kimlərsə də gəlməyib. “Növbətçi səbəb”ləri bir qırağa qoysaq, onların nə üçün gəlmədiyini bilirik amma əlbəttə, düzgün hesab etmirik. Ona görə ki,
onlar özləri belə əsl səbəbi açıqlaya bilmirsə, deməli, torpada pişik, zənbildə kəklik, çuvalda cida və daha da nələrdəsə nəsə var… Biz o “pişiy”in, “kəkliy”in və o “cida”nın da fərqindəyik…
Uzun sözün qısası və açığı:
Azərbaycan (iraq olsun) əldəölən, sözəbaxan olmalıymış, olmayıb! Və bu da birilərini çox bərk narahat edib. Olsun!
Görəsən,
biz bəzilərinin ürəyindən keçənləri etsəydik – məsələn, Vardanyan, Qukasyan, Arayik və o kimi digər savaş suçlularını, cocuq qatillərini açıb buraxsaydıq yaxud heç yerli-dibli tutmasaydıq və hətta, onlar Xankəndiyə Stepanakert deyə-deyə ordan başımıza yenə od ələsəydi, bu hal, Makron, Bayden, Şolts, Ursula Fon der Lyayen və b.-nın Bakıya məmnun gəlişini şərtləndirərdimi?
Almaniya iki Dünya müharibəsinin hər ikisinin baiskarıdır;
Allah qoymasa,
Fransa, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləridr
və COP BMT-nin tədbiridir, iqlim dəyişmələrini müzakirə edir, çözüm arayır. Belə çıxır ki, BMT işlərinə yarayınca BMT-dir, Azərbaycanda tədbir keçirəndə isə BMT-likdən çıxır, eləmi?
“Dünya əhalisi 8,04 milyarda çatdı. Bu 8 milyard insandan –
Avropada 11%,
Quzey Amerikada 5%,
Güney Amerikada 9%,
Afrikada 15%,
Asiyada 60%-i yaşayır.
77% insanın özünün evi var, 23%-nin yaşamağa yeri yoxdur;
25% qidalanmadan, 13% təmiz içməli su çatışmazlığından əziyyət çəkir.
Dünyada insanların 26%-i 15 yaşına çatmadan ölür. 15-64 yaş aralığında ölüm nisbəti 66% təşkil edir. İnsanların yalnız 8%-i 65 və daha yuxarı yaşda yaşayır” (Qaynaq: “New England Journal of Medicine” (20.08.2024)). – Bu bilgilərin bir bölümü bilavasitə, bir bölümü dolayısıyla COP mövzusu olub, iqlim dəyişməsi, ekologiya korlanması məsələləri ilə sıx bağlıdır. Çatışmazlıqların, yetərsizliklərin mənzərəsi vahimdir!
Beləliklə,
COP29-a gəlməyənlər gəlməməyində olsun, bəyəm, Azərbaycan buna görə öz milli çıxarlarından pəs etdimi?
Gələnlər gəlməyənlərdən dəfələrlə çoxdursa və müzakirə edilməli məsələlər də çoxdan çoxdursa, kimlərinsə Bakıda yoxluğu bizim problemimiz deyil.
Açığı,
əgər birilərinin qeyri-obyektiv yanaşması, qeyri-konstruktiv davranışı (öz ağıllarınca, basqısı) nəticə verərdisə, bu, bir Azərbaycan vətəndaşı, bir yazar olaraq məni incidərdi. Qalib ölkə ilə diqtəylə danışmazlar! Qalib ölkə vurğusunu da təsadüfən etmirəm:
biz,
işğal altında saxladığı torpaqlarda təbiətin anasını ağlar günə qoyan,
suyu yayda kəsib, qışda üzüaşağı buraxan,
mədənləri qanunsuz və zalımcasına istismar edən,
yaşıllıqlara divan tutan,
çaylara zəhərli maddələr axıdan,
torpağın təyinatını mina basdırma yeri olaraq qavrayanların üzərində qələbə çalmışıq!
Biz öz Zəfərimizlə həm bilavasitə iqlimə, həm mənəvi iqlimə, ekologiyaya xidmət göstərmişik.
Biz Şər üzərində qalibiyyətdən danışırıq. Ondan danışırıq ki, məğlub etdiyimiz Ermənistan həmin o Almaniyanın rəsmən imtina etdiyi faşizmi, soyqırımı siyasətini XX yüzilin sonları – XXI yüzil başlarında dövlət siyasətinə çevirmişdi! Yəni, öz Zəfərimizlə yalnız Ermənistanı yox, Şəri, işğalı himayə edənləri sarsıtmışıq. Bax, indi də onların bəzisi inersiya ilə hələ də 2020-ci il öncələrinin xiffətini çəkir, bizim yeni başarılarımızı sinirə bilmirlər.
Bizə kiminsə haqlı sözü varıydısa yaxud kimsə bizimlə hansısa mövzuda anlaşmaya varmaq istəyirdisə, o zaman o haqlı söz, o anlaşma üçün COP29 kəmfürsətliyimi etməliydi? 30 illik işğal və ATƏT-in Minsk qrupu kimi bir yarıtmaz üçlünün mövcudluğu dönəmində öz ləyaqətini, xarakterini qorumağı bacaran ölkə ilə, o ölkənin sözü imzası qədər keçərli lideri ilə danışmağın çox sadə üsulu var: ədalətli olmaq, sayğılı davranmaq, səmimiyyət göstərmək! Yoxsa, sənin aşırı dərəcədə çirkləndirdiyin planetin qayğısını mən çəkim, sən də mənə siyasi naz et, diplomatik cilvə yap – belə yaramaz!
Ayrıca, dünya günü bu gün müharibələrdən əziyyət çəkir. Müharibə yalnız fiziki baxımdan deyil, ruhi-mənəvi baxımdan da iqlimi pozur, ekologiyanı zədələyir. Müharibələr torpağın bərəkətinə, suyun tərkibinə, bir sözlə, flora və faunaya çox (amma çox!) mənfi təsirlər göstərir. Özü müharibə aparan, müharibəni tətikləyən yaxud işğalların həmməsulu olanlar, 30 illik ağır işğala 44 gün içində son verməyi bacaran – XXI yüzilin comərdcə müharibəaparma mədəniyyətini nümayiş etdirən bir ölkədən nə istəyir?.. Yoxsa, COP29-un Bakıda keçirilməsi haqqında qərar verilməmişdən öncə Azərbaycanın atdığı müstəsna humanist addımdan dişlərində şirə qalıb?..
Suallar ritorik, məsələlər bu qədər açıq və aydındır!
Göy üzü hər qitədə və həmişə aydın olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az