![]()
Türk dünyasının ortaq mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirən Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Bakıda böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Əcəmi Naxçıvani – 900 il” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə yubiley münasibətilə zəngin və yüksək səviyyədə hazırlanmış proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə Azərbaycan memarlıq sənətinin inkişafında müstəsna xidmətləri olan Əcəmi Naxçıvaninin çoxşaxəli yaradıcılığı, onun milli memarlıq məktəbinə bəxş etdiyi dəyərli töhfələr və əsərlərinin tarixi əhəmiyyəti geniş şəkildə diqqətə çatdırılıb.
“Əcəmi Naxçıvani – 900 il” nəşri dahi memarın zəngin irsini, memarlıq üslubunu və sənətkarlıq ənənələrini əks etdirən fundamental toplu kimi dəyərləndirilib. Bildirilib ki, Əcəmi Naxçıvaninin yaratdığı möhtəşəm memarlıq abidələri bu gün də Azərbaycan mədəniyyətinin, Şərq memarlıq məktəbinin və ümumbəşəri irsin nadir incilərindən hesab olunur.
Təqdimat mərasimində çıxış edən natiqlər qeyd ediblər ki, milli-mədəni irsin qorunması, qədim memarlıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından bu cür layihələrin xüsusi əhəmiyyəti vardır. Vurğulanıb ki, Əcəmi Naxçıvaninin memarlıq fəlsəfəsi və estetik baxışları əsrlər keçsə də, bu gün də öz aktuallığını qoruyur və Azərbaycan memarlıq düşüncəsinin zirvə nümunələrindən biri kimi qəbul edilir.
Tədbirdə ziyalılar, elm adamları, memarlar, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Yubiley mərasimi Azərbaycan memarlıq məktəbinin zəngin ənənələrinin təbliği və milli-mənəvi dəyərlərin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm mədəni hadisə kimi yadda qalıb.

























Subyekt.az