1875-ci ildə “Əkinçi” ilə başlayan şərəfli yolun 149-cu bələnindəyik. Kimsə bizdən qabaq, kimsə bizdən sonrakı bələndədir – olsun; əsas olan, var olmaqdır, durmamaqdır, irəliləməkdir. Əlbəttə, hardan gəldiyimizi, hara getdiyimizi və necə gəlib-getdiyimizi bilmək önəmlidir. Çıxdığımız yolun dünənki, bu günkü çağırışlarının idrakında olmaq çox önəmlidir; yəni sabaha kiminlə, hansı sevda ilə, peşəkarlıqla getdiyimizin fərqində olmazsaq olmaz…
Əkinçilikdən öncə ovçuluq gəlir – insan övladı Yer üzündə əkin-biçindən öncə ovçuluqla uğraşıb, özü özündən öyrənib, ilklərə imza atıb; sonra əkinçilik dönəmi başlayıb, əkinə aid sadə alətlər ürətilib. Qədim insan məskənlərinə malik Azərbaycanın ilk milli mətbuatının “Əkinçi” adlanması da, bütün anlamlarda təsadüf deyil. Milli demokrat, maarifçi babalarımız əkinçi sözünün ərəbcə, farsca, rusca qarşılığından istifadə etməyiblər (çox da doğru ediblər)! Ruhları şad olsun! Ruhları şad olmuşlar, Həsən bəy Zərdabi başda olmaqla, dil, üslub, qarammatika, o cümlədən durğu işarələrinin işlənməsinə özən göstəriblər. Baxma, sayı 300-400, yayınlanma dönəmi iki il olub, “Əkinçi” əkinçidən artıq olub. “Əkinçi” yalnız, “torpaqda izi olmayanın, süfrədə üzü olmaz”, “torpağa əyilən baş heç kəsə əyilməz” kimi zəhmətə alışdırma çağırışları ilə çıxış etməyib. – Əkinçiliyin kənd təsərrüfatından çıxarılıb, düşüncə fabrikinə, fəlsəfi fikir meydanına axtarılması “Əkinçi”ni bir aqrar maarifçilik orqanı olmaqdan çıxardıb, böyüdüb. Adı gözəl, işi gözəl, yolu gözəl Həsən bəy Zərdabi öz düşüncə, dava ortaqları ilə beyinlərə toxum səpir, ağılları şumlayır, qafaları havalandırır, gözləri işıqlandırırdı… Zərdabi imzası da
sanki yalnız el-obanı nişan vermirdi; Zərdabinin düşüncə zərdabları fikir qidalandırıcı maddələrin dərisi qalınların dərin qatlarına nüfuz etməsini təmin edirdi. Zərdab yalnız dəridə deyil, boğaz, burun, gözdə olan boşcuqlara düşən, NƏFƏS DARLIĞI yaradan yoluxucu infeksiyaya (difteriyaya) qarşı ən güclü “silah”dır. Həsən bəy Zərdabinin adı, təxəllüsü, qəzeti, ümumən Yolu təsadüf əsəri olmayıb, istiqamətlənmiş, nizamlı milli hərəkatı ifadə edir. O, millətin NƏFƏS DARLIĞInı müalicə edirdi, dərisi qalınları ayıldırdı…
XIX yüzildəki “Əkinçi”mizdən öncə, yurdumuzda və yaxın çevrədə başqa dillərdə qəzetlər çıxırdı; bax, onları sövq-təbii izləməyimiz bizim mətbu anlamda ovçuluq aşamamız idi; ilk insanlar kimi, XIX yüzil sonlarında bizim düşüncə dünyamızda da, ovçuluqdan sonra əkinçilik dönəmi gəlməliydi, gəldi də…
Müstəvisindən, fazasından və fəzasından, məkan və zamanından asılı olmayaraq, ovçuluqdan, əkinçilikdən danışırıqsa, oddan da söz salmalıyıq. İlk insanların ilk ocaq qalama yöntəmləri və odqoruması kimi, bizim irəligörüşlü babalarımız da, ilk milli qəzetimiz “Əkinçi”də, ondan öncə, ona paralel və ondan sonrakı bütün mətbu orqanlarımız üzrə odqoruma işi gördülər, əslində – ocaqlar qaladılar. O vaxt bu tayda müstəqil milli dövlətimiz, heç muxtariyyətimiz dəxi yox idi; o tayda isə Qacarlar dövləti (iç və dış basqılar üzündən) öz başının hayındaydı… Ona görə, irəligörüşlü babalarımız bəzən (belə demək mümkünsə), dövlət kimi, millət atası kimi davranmaq zorunda qalırdı…
Əlbəttə, görülən işlər öz məntiqi nəticəsinə yetişməliydi, yetdi də: vaxt gəldi-vədə yetişdi, Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) quruldu! Türk-İslam Gündoğarının ilk Cümhuriyyətiydi Azərbaycan Cümhuriyyəti! Cümhuriyyətimizin nazirliklərindən biri də Əkinçilik Nazirliyiydi… İlk Əkinçilik nazirimiz Xosrov bəy Əlipaşa bəy oğlu Sultanov (10.05.1879, Laçın, Zəngəzur – 07.01.1943, İstanbul) “Əkinçi”nin ilk sayı çıxandan 4 il sonra doğulmuşdu…
Necə bir təvafüqlükdür: Əkinçilik nazirimiz daha sonra Qarabağ general-qubernatoru görəvinə keçirildi. – Ermənilərin (və havadarlarının) Azərbaycana qarşı yeni ərazi iddiaları sonucunda məcburiyyət qarşısında Qarabağda keçici inzibati idarəçilik qurumu yaradıldı…
İlk müstəqil cümhuriyyətimizdə də, müstəqilliyin bərpası və sonrası dönəmdə də Qarabağ adlı sorunumuz olub. O sorunu, nəhayət, Dəmir Yumruq kəramətiylə həll etdik! Ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyevin Ali Baş Komandanı olduğu şanlı Ordu 30 illik deyil, 100 illik də deyil, Cümhuriyyətöncəsindən yığılıb qalmış problemləri belə kökündən çözdü!
Bəli, necə deyərlər, “torpağı qorumasan əkməyinə, əkməsən, qorumağına dəyməz”!..
“Əkinçi”dən Cümhuriyyətə, Cümhuriyyət aydınlığından sovet qaranlığına və yenidən dövlət müstəqilliyinin bərpasına “uzun incə bir yol” keçən milli mətbuatımız bu gün müstəqil, güclü, qalib ölkənin, dövlətin və xalqın mətbuatı olaraq çıxış edir. İndi bir normal saytdakı alababat yazının bir gün içində oxunma sayı “Əkinçi”nin bir sayının tirajından xeyli çox olur. Ancaq biz, bir gürcü filmində deyildiyi kimi, “köklərə borclu budaqlar”ıq. – Bütün tirajlarımız, sayğaclarımız, oxunmalarımız “Əkinçi”nin adına yazılsın, əkinçi babalarımızın halalı olsun, onların ruhları şad olsun! Təki biz onların ruhu qarşısında utanmayaq.
Budur, Milli Mətbuat Günü ərəfəsində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Forumun açılışında iştirak edib, çoxsaylı sualları cavablandırdı. Forumda 50-dən çox ölkəni təmsil edən nümayəndələr, eləcə də, yerli media kapitanlarımız vardı.
Bu ilki Milli Mətbuat Günümüz bir başqadır! – Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonra bu bayramı ilk dəfə keçiririk. Bu ilki Şuşa Qlobal Media Forumunun iştirakçılarından bir bölümü Xankəndidə gecələyib. Bunlar xoş-bəxt-lik-dir, xoş-bəxt-lik!!!
Bugünümüz, uğurlarımız (çox inanıram), “Əkinçi” babalarımızın da, dağ başında qala (Şuşa), dağətəyində kənd (Xankəndi) quran xan babalarımızın da ruhuna agahdır… Onların şad ruhunun Müzəffər Ali Baş Komandanımıza, ordumuza, eləcə də, milli mətbuatımıza – media ordumuza alxışçı olduğuna inanıram.
Ata vəsiyyətini şərəflə yerinə yetirən dövlət başçımız, bütün dönəmlərdəki dədə-babalarımızın da ruhunu şad edib.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az