![]()
Bir vaxtlar İstisu qəsəbəsində xoşbəxt yaşayan bir ailənin müharibə illərində başına gələn faciədən danışacağam sizə.
Əlləri əsə-əsə tüfəngini yuxarı qaldırdı. Qundağını sinəsinə sıxdı. Əsl sənəti aşıqlıq olsa da, yaxşı ovçu idi. Eyvaz kişi sazını sevdiyi qədər tüfəngini də sevərdi. Bu dağlara, dərələrə ovucunun içi kimi bələd idi. Tövlədərəsi kəndindəki kahanı tapmaq da ona çətin olmamışdı.
Kənddə aprelin soyuğu adamın iliyinə işləyirdi. Soyuqdan qorxan adam deyildi. Ancaq bu dəfə çox üşüyürdü. Soyuqdan donmuş əllərini tətiyə apardı, nişan aldı. Hara vurmalı olduğunu yaxşı bilirdi.
Ürəyinə…
İyirmi ildə onun ən zəif yerini əzbərləmişdi. Bircə gülləsi vardı. Gözlərindən süzülən yaş nişan almağa mane olurdu. Başqa çıxış yolu yox idi. Atəşi sərrast açmalı, hədəfi vurmalı idi.
Qarşısındakı gözlərini yumub onu tələsdirirdi.
– Nə olar, tez ol…
İnsan səsləri və ayaq tappıltıları artıq lap yaxından eşidilirdi. Dəhşətli mənzərə idi. Göz yaşlarını bir həftədir əynindən çıxarmadığı pencəyinin qolu ilə sildi. Yaş gözlərinin nişan almasına mane olmaması üçün tələsik tüfəngi tuşladı və tətiyi çəkdi.
Silahın səsi bütün kəndi lərzəyə gətirdi.
Dizləri tutuldu. Cüssəli bədənini saxlaya bilmədi. Yerə çökdü. Gözlərini açıb baxmağa cəsarət etmədi.
Dörd övladı anadan yetim qoymuşdu, ömür-gün yoldaşının düşmən əlinə keçməsini istəməyən Aşıq Eyvaz…
Martın son günləri idi. İstisu qəsəbəsi şəhidlərinin yolunu gözləyirdi. Nadirin, Rafiqin, Rasimin nəşlərini döyüş meydanından çıxarmağa gedən qəsəbə cavanları kor-peşman geri qayıtmışdılar. Hələ bu azmış kimi, xəbər gəldi ki, ermənilər Kəlbəcərə hücum ediblər.
Qəsəbə sərhədə çox yaxın idi. Dəfələrlə Ermənistan tərəfdən atəşə tutulmuşdu. Neçə ildir işıqsız və azuqəsiz yaşayan sakinlərin vəziyyəti getdikcə ağırlaşırdı.
Qəsəbənin cavanları çətin seçim qarşısında qalmışdılar. Bir tərəfdə qəddar düşmən, digər tərəfdə isə körpələr, qadınlar və qocalar vardı. Son üç gündə qəsəbə üç şəhid vermişdi. Lakin onların heç birinin nəşi tapılmamışdı.
Əhalini qəsəbədən çıxarmaqdan başqa yol qalmamışdı. Murov yolundan başqa çıxış olmadığından hamı vaxt itirmədən yola düşməli idi.
Əhali bir-birinə dəymişdi. Hər kəs evinin qapısını bağlayır, əliyalın böyük maşınların kuzalarına doluşurdu. Qəsəbə boşalırdı…
Vəsmi yenicə gəlin köçdüyü, yasa bürünmüş qaynata evindən ata evinə – valideynlərinin vəziyyətini öyrənməyə gəldi.
Eyvaz kişi eyvanda oturmuş, üzünü Laçın tərəfə çevirmişdi. On səkkiz yaşlı oğlu Mübariz yenicə hərbi xidmətə Laçına yollanmışdı. Beş yaşlı Şəbnəm dünyadan xəbərsiz xalçanın üstündə oyuncaqları ilə oynayırdı. Bacısı Vəfa isə Bakıda xəstəxanada müalicə alırdı.
Evdəki qəribə sakitlik Vəsməni çaşdırdı. Həyəcanla anasına müraciət etdi:
– Siz getmirsiniz? Bütün qəsəbə boşalıb.
Anası Mübarizin komodun güzgüsünə sancılmış şəklinə baxaraq astadan dedi:
– Mübarizi qoyub gedə bilmərəm, bala…
Vəsmi nə qədər israr etsə də, nə atasını, nə də anasını razı sala bildi. Heç biri Mübarizi qoyub getmək istəmirdi.
Eyvaz kişi Sənəmə təkid edirdi ki, Şəbnəmi də götürüb Vəsmi ilə getsin. Ancaq Sənəm razılaşmadı. Şəbnəmi geyindirdi, onu Vəsminin yanına gətirdi və kövrək səslə dedi:
– Vəfa ilə Şəbnəm sənə əmanət…
Uşaqlar göz yaşlarını görməsin deyə üzünü pəncərəyə çevirdi.
Əlacsız qalan Vəsmi bacısını da götürüb geri döndü.
Qəsəbədə dərin sükut hökm sürürdü. Bu böyük qəsəbədə cəmi altı nəfər qalmışdı: Eyvaz kişi, Sənəm xala, Qənimət arvad, Böyükkişi dayı, Əli dayı və bazarkom Eyvaz.
Sakinlərini itirmiş qəsəbə yetim kimi görünürdü. İki gecə idi ki, gözlərinə yuxu getmirdi. İki gecə idi ki, heç bir evdə lampa yanmırdı. Tərk edilmiş qəsəbəni vahiməli bir səssizlik bürümüşdü.
İki gün sonra bu sükutu tankların gurultusu və avtomat səsləri pozdu. İstisu qəsəbəsini gözləyən bəla artıq yetişmişdi.
Çarəsiz qalan altı nəfər hərəsi bir tərəfə üz tutdu. Eyvaz kişi Sənəmi, Qənimət arvadı, Böyükkişini və tək gülləsi qalmış tüfəngini götürərək “Pekarnı” deyilən yerə tərəf yollandı. Oradan dağ yolu ilə Tövlədərəsinə keçməyin mümkün olduğunu bilirdi. Əli dayı və bazarkom Eyvaz isə qəsəbədə qaldı.
Nəhayət, Tövlədərəsindəki kahaya çatdılar. Aprelin sərt soyuğu, aclıq və susuzluq onları taqətdən salmışdı. Düz iki gün həmin kahada ac-susuz qaldılar.
Üçüncü gün Eyvaz kişi yeməyə bir şey tapmaq ümidi ilə kəndə enmək istədiyini dedi. Sənəm isə onu tək buraxmayacağını, mütləq birlikdə gedəcəklərini söylədi. Eyvaz kişi məcbur olub onu da özü ilə apardı.
Onlar kəndə yaxınlaşarkən qarşı tərəfdə yerləşən, artıq işğal olunmuş Zəylik kəndindəki ermənilər onları uzaqdan görüb atəş açmağa başladılar. Eyvaz kişi ilə Sənəm qayaların arasında gizləndilər.
Yaxınlaşan insan səsləri hər şeyin sonu olduğunu göstərirdi.
Sənəm xala yalvararaq Eyvaz kişidən onu tüfəng ilə vurmasını istəyir.
– Erməniyə girov düşməkdənsə, ölüm mənə daha doğmadır, – deyir.
Sənəmi qoruya bilməyəcəyini anlayan Eyvaz kişinin başqa çıxış yolu qalmır… Ömür-gün sevdasını öz əlləri ilə şəhid edir. Özünə qəsd etməyə zamanı qalmır.
Tüfəng səsi ermənilərə onları daha tez tapmağa kömək edir. Onlar Eyvaz kişini yaxalayıb amansızcasına döyürlər. Üz-gözü qan içində olan Eyvaz kişi onlara yalvar-yaxar edir ki, heç olmasa Sənəmi dəfn etməyə icazə versinlər.
Donmuş torpağı əlləri ilə qazıb Sənəmi güclə də olsa qazdığı dayaz çuxura qoyur. Üstünü daş-kəsəklə örtür. Sonra yaxınlıqda olan bir maşının parçasını gətirib qəbrin üstünə nişanə kimi qoyur.
Ermənilər Eyvaz kişini, Qənimət arvadı və Böyükkişini əsir götürürlər.
Eyvaz kişi iki ay on beş gün erməni əsirliyində ağır işgəncələrə məruz qalır. Amma övladlarına qovuşacağı ümidi ilə bütün əzablara dözür, ümidini isə heç vaxt itirmir.
Bir gün erməni generallarından biri onu tanıyır. Məlum olur ki, illər əvvəl dost olublar. Həmin generalın təşəbbüsü ilə Eyvaz kişi və daha dörd azərbaycanlı əsir Qazax istiqamətində Azərbaycan tərəfinə təhvil verilir.
Vətənə qayıtdıqdan sonra Eyvaz kişi başına gələnləri övladlarına danışır. Analarını Tövlədərəsində, Cəfər kişinin damının aşağı hissəsində dəfn etdiyini, qəbrinin üstünə isə nişanə olaraq bir maşının dəmir parçasını qoyduğunu söyləyir.
Yaşadığı faciə onun ömrünü vaxtından əvvəl qısaldır. Sənəmsiz çox yaşaya bilməyən Eyvaz kişi 2014-cü ildə gözlənilmədən vəfat edir.
2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra oğlu Mübariz və kürəkəni İsgəndər Kəlbəcərə gedərək Sənəm xalanın məzarını axtarırlar.
Tövlədərə kəndindən Cəfər kişinin, Xalqverdi kişinin və Hüseyn kişinin oğullarının köməyi ilə onun nəşi tapılır. Sənəm xalanın nəşi Kəlbəcər şəhər qəbiristanlığında yenidən dəfn olunur.
Beləcə, viran qalmış bir qəsəbənin, param-parça olmuş bir ailənin və otuz il ana həsrəti ilə yaşayan dörd övladın faciəsini sizə nəql etdim.
Eyvaz kişi bu hadisələri övladlarına, övladları mənə, mən də bu ağır taleyi sizə çatdırdım.
Ruhları şad olsun…
Samir Fazil oğlu Rəcəbov
İstisu-Kəlbəcər
Subyekt.az