![]()
Bakının Dünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına ev sahibliyi etdiyi bir vaxtda paytaxt və ətraf ərazilərdə müşahidə olunan acınacaqlı vəziyyət ciddi narahatlıq doğurur. Təbiətin şıltaqlığı ilə yanaşı, aidiyyəti qurumların yarıtmaz fəaliyyəti də bu problemlərin dərinləşməsinə səbəb olur. Aprel ayında yağan intensiv yağışlardan sonra nəticə çıxarılmaması, yağış sularının maneəsiz axınının təmin edilməsi üçün zəruri tədbirlərin görülməməsi yalnız bir anlayışla ifadə oluna bilər — məsuliyyətsizlik.
Ölkəmizdə beynəlxalq əhəmiyyət daşıyan tədbirin keçirilməsi ərəfəsində vətəndaşların belə mənzərələrlə qarşılaşması dövlətə, dövlətçiliyə və cənab Prezidentin həyata keçirdiyi inkişaf siyasətinə kölgə salır. Son illərdə müxtəlif istiqamətlər üzrə yaradılmış agentliklərin əsas vəzifəsi problemlərin operativ həlli və vətəndaş məmnunluğunun təmin edilməsi olsa da, təəssüf ki, bu gün onların bir çoxu fəaliyyət və məsuliyyət anlayışını unutmuş təsir bağışlayır.
Bakı–Şamaxı şosesində yerləşən bir sıra ərazilərdə — Milla zavodunun qarşısında, Nübar qəsəbəsinin aşağı hissəsində və “Mekalon” kimi tanınan yaşayış massivinin ətrafında yaranan su gölməçələri ilə bağlı hələ aprel ayında görüntülər paylaşılmış, ictimai çağırışlar edilmişdi. Lakin aradan keçən müddət ərzində problemin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmayıb. Halbuki həmin ərazilərdə oxşar vəziyyət illərdir təkrarlanır və artıq sistemli problem xarakteri daşıyır.
Məsələnin araşdırılması zəruridir. Bu istiqamətdə dövlət büdcəsindən nə qədər vəsait ayrıldığı, hansı layihələrin icra edildiyi və nəticələrin niyə görünmədiyi ictimaiyyətə açıqlanmalıdır. İnanırıq ki, aparılacaq obyektiv araşdırmalar nəticəsində ciddi korrupsiya faktları üzə çıxa bilər.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu problem təkcə qeyd olunan ərazilərlə məhdudlaşmır. Bakı şəhərinin və ətraf rayonların bir çox hissəsində analoji mənzərə müşahidə olunur. Burada əsas məsələ nəticə çıxarmaq və məsuliyyət hissidir. Dövlətini sevən, vicdanla çalışan vəzifəli şəxs belə nöqsanların baş verməsinə yol verməməli, vətəndaşların təhlükəsizliyi və rahatlığı naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.



Rövşən Hüseynli
Subyekt.az