![]()
Bu gün – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ölkəmizdə böyük coşqu ilə qeyd olunur. Biz isə bu əlamətdar gündə həmrəyliyimizi şəhid ailələrinin yanında olmaqla nümayiş etdirməyə çalışdıq.
Beləliklə, Mingəçevir şəhərində Vətən uğrunda canından keçmiş Şəhid Təbriz İldırım oğlu Cüməzadənin valideynlərini ziyarət etdik. Bu bayram günündə onların ocağına, heç olmasa, bir qədər istilik gətirmək istədik.
Əvvəlcə şəhidimizin atası ilə Mingəçevir Şəhidlər Xiyabanında görüşdük. Burada Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizi ehtiramla yad etdik, ruhlarına dualar oxuduq. Daha sonra Şəhid Təbrizin ev muzeyinə yola düşdük.
Ev muzeyində bizi Azərbaycanın şanlı və şərəfli tarixini əks etdirən, şəhidimizin həyat və döyüş yolunu əyani şəkildə yaşadan mənzərə qarşıladı. Uzun müddətdir arzuladığımız bu görüşün məhz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə təsadüf etməsi isə xüsusi məna daşıyırdı.
Muzeydə şəhidimizin keçdiyi döyüş yolu haqqında ətraflı məlumat aldıq. Şəhidimizin valideynləri ilə səmimi söhbətdən sonra sağollaşmaq istədiyimiz anda onlar bizi çay süfrəsinə dəvət etdilər və birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməyi təklif etdilər. Bu dəvəti qəbul etməmək mümkün deyildi. Axı biz də bu bayram günündə onların könlünü bir az da olsa şad etmək, tək olmadıqlarını hiss etdirmək üçün gəlmişdik.
Söhbət süfrə arxasında da davam etdi. Şəhidimizin atası kövrək səslə dedi:
“Bizim kimdənsə maddi gözləntimiz yoxdur. Yetər ki, bizi yada salasınız, şəhidimizi unutmadığınızı göstərəsiniz.”
O bildirdi ki, bu gün ilk dəfə olaraq həm şəhidimizin məzarını, həm də onları ziyarət edənlər biz olmuşuq. Bu sözləri deyərkən gözlərindən qeyri-ixtiyari yaş süzülürdü.
Bu məqamda insan istər-istəməz düşünür: yolka ətrafında əylənməyə vaxt tapan cəmiyyətin şəhid ailələrinin qapısını döyməyə doğrudanmı vaxtı yoxdur? Axı onların istədiyi qeyri-adi heç nə deyil — sadəcə bir telefon zəngi, bir bayram təbriki…
Söhbət zamanı Oğuz Rayon Polis Şöbəsinin rəisinin ailəyə zəng edərək səmimi bayram təbrikini çatdırması valideynlər üçün mənəvi təsəlli oldu.
Şəhidimizin atası söhbət əsnasında Qarabağı, Şuşanı, Kəlbəcəri qarış-qarış gəzdiklərini, oğlunun keçdiyi şərəfli döyüş yolunu xatırladı. Sonda isə xüsusi bir xahiş etdi:
“Xahiş edirəm, oğlumun qəhrəmanlığından yazanda olduğu kimi yazın. Nəsə artırılanda onun ruhunun narahat olacağından qorxuram.”
Bu sözlər bir daha göstərdi ki, şəhid valideynləri üçün ən ali dəyər həqiqət və ləyaqətdir.
ŞUŞA FATEHİ – TƏBRİZ CÜMƏZADƏ
Cüməzadə Təbriz İldırım oğlu 2 fevral 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 2006–2017-ci illərdə Mingəçevir şəhəri İlqar Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Müəllimlərinin sevimlisi olan Təbriz vətənpərvərliyi və davranışı ilə seçilirdi.
2 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmış, 2019-cu ildə xidmətini başa vurmuşdur. Hərbi xidmətini Bakı şəhərindəki Təlim-Tədris Mərkəzində keçmiş, nümunəvi əsgər kimi tanınmışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə əlaqədar olaraq sentyabrın 29-da qismən səfərbərliklə cəbhəyə yollanmışdır. Gəncədə yerləşən N saylı hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsinə göndərilmişdir.
Təbrizin 41 günlük döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd və Şuşadan keçmişdir. Bu ərazilərin azad olunmasında igidlik göstərmişdir. Şuşa şəhərinin alınması zamanı böyük şücaət nümayiş etdirmiş və şəhər azad edildikdən sonra baş nahiyəsindən aldığı snayper gülləsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur.
Təbriz Cüməzadə 8 noyabr 2020-ci ildə Şuşada şəhid olmuşdur. Anası ilə son danışığı 6 noyabrda baş tutmuş və son sözləri belə olmuşdur:
“Mən də sizi çox istəyirəm…”
O, şəhid olacağını hiss edir və anasına demişdi:
“Ana, mənimlə fəxr edərsiniz, mən şəhid olacağam.”
Şəhid Təbriz Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. O, 44 günlük Vətən müharibəsində Mingəçevirdən şəhid olan 44-cü qəhrəmandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli sərəncamları ilə Təbriz Cüməzadə aşağıdakı medallarla təltif olunmuşdur:
“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzuli uğrunda”, “Cəbrayıl uğrunda”, “Xocavənd uğrunda”, “Şuşa uğrunda”.
Bütün Azərbaycan xalqı səninlə fəxr edir, qəhrəman Təbriz!
Adın Vətən, özün Vətən,
Cəbrayılda, Füzulidə,
Xocavənddə izin Vətən.
Sən Şuşanı azad edən,
TƏBRİZSƏN…
Burada sağollaşmaq və növbəti dəfə yenidən qonağınız olacağıma söz verərək getməyin vaxtının çatdığını bildirirəm. Səmimi və qonaqpərvər olan bu mehriban insanlardan ayrılmağın nə qədər çətin olduğunu hiss edirəm.
Çətin də olsa, sağollaşırıq.
Bir daha Şəhid Təbriz Cüməzadənin valideynlərinin timsalında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ailələrini, eləcə də Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2026-cı il Yeni il bayramı münasibətilə təbrik edirəm.











Rövşən Hüseynli
Mingəçevir – Bakı – Kəlbəcər
Subyekt.az