
Dünənimizi sabaha bağlayan “körpü”lər -Muzeylər
(18 may Beynəlxalq Muzeylər Günüdür)
Hər il dünyada 18 may Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü- Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Bu bayram bir qayda olaraq, “Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək” şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 150 ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək, milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Otuz ildən çoxdur ki, Yunesko-nun təşəbbüsü ilə 18 May Beynəlxalq Muzeylər Günü kimi dünyada qeyd olunur. Tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları kompleksləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinənin ünvanı muzeylərdir. Muzey əslində elm, maarif müəssisəsidir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra muzeylərə münasibətdə də müsbət dəyişiklər baş verib. Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzey tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Əlbəttə, muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsirlik tarixini, qədimliyini, milliliyini əks etdirir. Mədəni irsin qorunması və təbliğ olunması işində muzeylərin rolu əvəzsizdir. Ən qədim zamanlardan müasir dövrədək xalqımızın tarixini və mədəniyyətini əks etdirən nadir sənət incilərinin muzeylərdə hifz olunması, nümayiş etdirilməsi ənənəsi illərdir ki, öz ahəngindədir.
Bilirsinizmi, muzeylər necə yaranıb?.. Qədimdə müxtəlif sənədlər, şəhadətnamələr, estetik qiymətə malik əşyalar əsasən saraylarda saxlanılırmış. İndiki muzeylərin “Əcdad” ları e.ə. XVI əsrdə Yunanıstanda, e.ə. XIII-XII əsrlərdə Çində yaranmışdır. Qədim Romada isə maddi və mənəvi mədəniyyət abidələri e.ə. XIII-XII əsrlərdə məbədlərdə və bəzi şəxslərin kolleksiyalarında saxlanılırdı. Hazırda müxtəlif ölkələrdə yüzlərlə muzey fəaliyyət göstərir. Məsələn, təkcə qədim arxitekturaları ilə məhşur olan Madriddə (İspaniya) muzeyləri sayı 100-dən artıqdır. Burada hər dövrü əks etdirən muzeylə rastlaşmaq mümkündür. Qonşu Rusiyada ilk muzey 1719-cu ildə Pererburqda açılmışdır. Rusiyanın dünya şöhrətli muzeylərindən Ermitaj 1764-cü ildə, Tretyakov qaleriyası isə 1856-cı ildə yaradılmışdır. Azərbaycanda hazırda onlarla muzey fəaliyyət ğöstərir. Bunların sırasına incəsənət muzeyi, tarix muzeyi, ədəbiyyat muzeyi, musiqi mədəniyyəti muzeyi və digərləri daxildir. Hər bir muzey mənsub olduğu ölkənin, xalqın tarixi, və mədəniyyəti ilə dəyərli informasiya daşıyır.
Orta əsrlərin ən əzəmətli qalalarından biri olan Luvr neçə illər ərzində Fransa krallarının sarayı olub. Son 200 il ərzində isə o, muzeydir. Binanın üzərində olan naxışlar onun tarixinin 800 ildən çox olduğunu göstərir. Luvr sarayı XII əsrin axırlarında Filip Avqust tərəfindən inşa olunub. Dövr getdikcə o, öz görkəmini dəyişməyə başlayır. İllər keçir, krallar dəyişir. Kimisi yenə də bu sarayda yaşayır, kimisi isə ondan kənarda yaşamağa üstünlük verir. Hakimiyyətə gələn kralların hər biri bu sarayın görünüşünə öz zövqünə uyğun yenilik gətirib. İnqilabın qızğın illərindən sonra Napoleon tərəfindən Luvrun inşasına xitam verildi. Qəsrin indiki görünüşü 1871-ci ildə əldə edilib. İlk yığılan rəsmlər isə I Fransiskonun, XII Lyudovikin yığdığı kolleksiyalar idi. Qalereya 10 avqust 1793-cü ildə açılır və muzey adlanmağa başlayır. Kolleksiyaların yığılmasında I Napoleon daha çox təşəbbüs göstərib. O, hər məğlub etdiyi millətdən incəsənət əsəri tələb edirdi. Hal-hazırda muzeyin 400.000 eksponatı olduğu söylənilir. Paytaxt Manejinin iki meydançasında 4-cü “Moskva beynəlxalq incəsənət salonu”nun (MBİS) ekspozisiyası yerləşdirilmişdir. 13 ölkədən təxminən 80 qalereya antik klassikadan tutmuş ən yeni cərəyanlaradək təsviri və dekorativ-tətbiqi sənətin obyeklərini təmslil edir. Müasir incəsənəti təmsil edən qalereyalar arasında “Ricina” qalereyası, Marat Gelmanın qalereyası, XL-qalereya və “Aydan” qalereyası diqqəti cəlb edir. Fransanın “Schmit” qalereyası Pol Sezannın, Mark Saqalın, Haim Sutinin, Pablo Pikassonun və Ogüst Renuarın, Nyu-Yorkun “Chovaiki Mosionzhnik” qalereyası isə Klod Monnenin və Rul Düfinin işlərini göstərir. Həmçinin tanınmış rəngkarlar Piter Breygeri, Rubensin əsərlərini görmək mümkündür.
Dünyanın ən qədim muzeylərindən biri də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajıdır. Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-biri ilə əlaqəli tikilib. İlk vaxtlar eksponantlar Qış sarayının otaqlarında yerləşdirilib. “Ermitaj” fransız sözüdür, mənası tənhalıq, tənha yer deməkdir. Ermitaj muzeyinin yaranma tarixi 1764-cü ildən hesablanır. Həmin il Sankt-Peteürburqda Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilir. Kolleksiyanı rus çariçası II Yekatirina alır. Muzeyin indiki kimi eksponatlarla zəngin olmasında II Yekatirina xüsusi yer alıb. Ermitajda metaldan düzəldilmiş plastik sənət nümunələri ilə yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Muzeyin zallarında ən qədim dövrlərdən tutmuş XX əsrin əvvəlinədək Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri var. Vaxtı ilə Qarabağın Xocalı kəndində aparılan qazıntı işləri zamanı tapılmış 3 min illik tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti cəlb edir. Təbriz və Şirvanda toxunmuş nümunəvi Azərbaycan xalçaları muzeyin qiymətləri incilərindən sayılır. Qubanın Pirəbədil, Şamaxının Mərəzə kəndində toxunmuş xalçalarımız rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti cəlb edir. Şamaxı xalçalarının üzərində onun 1881-1885-ci illərdə toxunduğunu bildirən yazı var. Bundan başqa Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi mühafizə olunur.
Ankara Etnoqrafiya Muzeyi Türkiyə Cumhuriyyətində yaradılan ilk dövlət muzeyidir. Əvvəllər Arxeoloji Muzey kimi istifadə olunması düşünülsə də, sonra Rəsm və Heykəl Muzeyi olması ilə bağlı qərar verilib, rəsmi açılışından sonra isə indiki adını daşımağa başlayıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən muzeyin maraqlı tarixçəsi var. O, həm muzey, həm də bir müddət Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün nəşinin saxlanıldığı muzey-mavzoley kimi fəaliyyət göstərib. 1925-ci ildə İstanbul Muzeylər Müdriyyətinin rəhbəri Xəlil Ethemin rəhbərliyi altında muzey eksponatları toplamaq və satın almaq üzrə xüsusi komissiya qurulur. Satın alınan 1250 eksponat 1927-ci ildə inşası tamamlanan muzeydə nümayiş etdirilir. 15 aprel 1928-ci ildə buranı ziyarət edən Mustafa Kamal Atatürk onun muzey kimi fəaliyyəti barədə göstəriş verir. Beləliklə, Türkiyə Cumhuriyyətinin ilk dövlət muzeyi kimi Ankara Etnoqrafiya Muzeyi xalqın xidmətinə verilir. Onu da qeyd edim ki, muzeydə həm də müasir standartlara cavab verən texnika da tədbiq olunub. Dövrünün məşhur memarlarından biri olan Arif Hikmət Koyunoğlunun layihəsi üzrə tikilən Ankara Etnoqrafiya Muzeyinin maraqlı quruluşu var. Bina dördbucaqlı olmaqla tək qübbəlidir. Muzeyin önündə at üstündə duran Atatürk heykəli olduqca möhtəşəm görünür. Zalda qoyulmuş video-ekran vasitəsilə muzeyin tarixinə səyahət etmək mümkündür. Muzeydə xüsusilə Anadolu etnoqrafiya və folkloru, sənət tarixi ilə bağlı əsrləri ehtiva edən kitabxana da var. Muzey Ankaraya gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
Dünyanın ən gənc muzeylərindən olan olan NEMO-nun çox maraqlı tarixçəsi var. Muzey 1920-1930-cu illərdə fəaliyyət göstərmiş Əmək muzeyinin bazasında yaradılıb. Əmək muzeyi 1950-1960-cı illərdə Hollandiya Sənaye və Texnologiya İnstitutu kimi fəaliyyət göstərsə də, 1980-ci illərin sonunda isə bu təhsil ocağına ehtiyac olmadığından yenidən muzeyə çevrilmişdir. Ancaq bu dəfə onun ərazisi genişləndirilmiş və 6 il davam edən tikinti işlərindən sonra 1997-ci ildə onun açılışı olmuşdur. Muzeyin lentini Niderland Kraliçası Beatris kəsmişdir. İlk vaxtlar “Yeni metropol” adlanan muzey maliyyə çatışmazlığı üzündən bağlanmaq təhlükəsi ilə üzləşəndə onun yaradıcıları muzeyin yönümünü dəyişmək qərarına gərirlər. Dənizə açılan panoramda gəmiyəbənzər tikilmiş muzey binasında yerləşdirilən eksponatların xüsusiyyətlərini nəzərə alaraq buranı Milli Elm və Texnologiya mərkəzi adlandırsalar da, daha sonra muzeyin başqa adla adlandırılması zərurəti yarandı. Muzeyin əsas tamaşaçıları məktəblilərdir. Digər muzeylərdən fərqli olaraq, uşaqların hər şeylə maraqlanmasını bilən muzey əməkdaşları eksponantlatra əl ilə toxunmağa icazə verirlər, hətta bunu zəruri hesab edirlər. Maraqlıdır ki, eksponatların demək olar ki, hamısı muzey əməkdaşları tərəfindən, əksər hallarda isə tamaşaçının bilavasitə iştirakı ilə düzəldilir. Onlar bunu belə izah edirlər:
Məqsədimiz hər hansı tullantıdan düzəldilmiş müəyyən əşyanı yox, onun necə düzəldiyini nümayiş etdirməkdir. Ona görə də uşaqlar muzeyə daha çox gəlir və bu prosesdə iştirak etməyə can atırlar. NEMO-nu müasir incəsənət meydançası kimi də təsəvvür etmək olar. Muzeydə həmçinin teatr, sərgi salonu, mühazirə otağı da var. Burada da iştirakçıların əksəriyyətini tamaşaçılar təşkil edir. Muzeyə gələnlərin çoxu 6-16 yaşlarında uşaqlar və onların valideyinləridir. Muzey məktəblilərin dünyagörüşünün artmasında, məktəbdə keçirilən dərslərin əyani şəkildə möhkəmlənməsində böyük rol oynayır. NEMO-nun gözəllikləri və möcüzələri ilə tanış olmaq üçün Amsderdama getmək o qədər də vacib deyil. Muzeyin internet saytına daxil olmaqla (www-e- nemo.n : GAMES bölməsi) muzey haqqında çox şey öyrənə və oradakı tədbirlərin iştirakçısı ola bilərsiniz.
Azərbaycanda ta qədimdən daş üzərində müxtəlif rəsmlərin çəkilmə ənənəsi Qobustan, Şüvəlan, Kəlbəcər, Gəmiqaya və digər yerlərdən tapılmış qayaüstü təsvirlərdən (petroqiliflərdən) məlumdur. İlk orta əsrlərdə daş üzərində oyma, bəzəkvurma və fiqur həkk etməklə yanaşı, insanlar daşdan müxtəlif məzmunlu heykəllər də düzəldiblər. Muzeyin ekspoziyasında ən nadir abidələr hesab edilən Şamaxının Xınıslı və Acıdərə-Çıraqlı ərazisindən tapılmış müxtəlif daşlardan yonulmuş, fərqli həcmli qəbirüstü heykəllər (e.ə. I minillik), Qarabağ, Gədəbəy, Lənkəran ərazilərindən 3 minillik tarixi olan nəhəng daş qutu qəbir, Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı tapılmış IV-VI əsrə aid alban daş kitabəsi nümayiş etdirilir. Burada ən çox maraq doğuran eksponatlar sırasında Oğuz türklərinə aid təsvirlər, üzərinə Qurani-kərim ayəsinin həkk olunduğu sənduqə, XIV əsrə aid üzəri ov və döyüş səhnələrinin təsviri ilə kalliqrafik yazılı qoç fiquru qəbirüstü daş, Şirvan-Azbşeron memarlıq məktəbinə aid üzəri nəbati naxışlı sənduqələr və Azərbaycan xalqına aid mərmərdən yonulmuş qəbir başdaşları öz möhtəşəmliyi ilə seçilir. Tarixin yadigarı onu yaradan, yazan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdəndir. Belə nümunələrin qorunduğu məkanlardan biri də muzeylərdir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi 100 ildən çoxdur ki, yaradılıb. Bu gün siz xalqımızın tarixi keçmişini əks etdirən minlərlə eksponatın qorunub saxlandığı muzeyə gəlmisiniz. Hazırda muzeydə 11 fond fəaliyyət gösrtərir. Onlardan biri “Qiymətli metallar fondu”dur. Buraya muzeyin digər fondlarında saxlanılan, arxeloji qazıntılar, həmçinin təsadüfü tapıntılar nəticəsində və əhalidən satınalma yolu ilə alınan qiymətli metallardan hazırlanan eksponatlar daxil edilib. Bu fondda 1570 eksponat saxlanır. Onlardan 556 ədəd gümüş, 300-ü qızıl, 714-ü isə numizmatik kolleksiyaya aiddir. Muzeydə eksponatların dəqiq siyahıya alınması, yerləşdirilməsi, xüsusi səliqə-sahman göstərir ki, tarix yadigarların vəziyyətinə ciddi diqqət göstərilir. Əhalidən alınan əşyaların qiyməti mütəxəssislərdən ibarət komissiya tərəfindən müəyyən edilir və alqı qarşılıqlı razılaşma əsasında gerçəkləşir. Son dövrlərdə 1712 ədəd yeni material alınıb. Arxeloji qazıntılar zamanı əldə olunan 11 ədəd qızıl muncuq və spiralşəkilli bəzək əşyası muzey eksponatlarının sırasına daxil edilib. 2008-2015-ci illərdə aparılan qazıntılar nəticəsində Tovuz rayonun Menteş qədim yaşayış yerindən tapıldığını deyir. Onun sözlərinə görə, kurqan qəbirdən əldə olunan bu arxeloji materialların e.ə. VI-IV minilliyə aid olması müəyyən edilib. Qədim zinət əşyaları qadın skletinin üzərindən aşkar olunub. Muzeyin ötən əsrin 40-cı illərindəki fəaliyyətini əks etdirən unikal fotomateriallar əldə olunub. Muzeyin birinci zalında Azərbaycanın kosmosdan çəkilmiş xəritəsi diqqəti cəlb edən eksponatlardandır. Xəritədə ölkəmizin ərazisi, əhalisi, relyefi, flora və faunası faydalı qazıntıları və s. barədə məlumatlar var. Buraya həmçinin böyük monitorda kinofilmlərə də baxmaq olur. Ekspozisiyada nümayiş olunan Daş dövrünə, Paleolit, Neolit, Eneiolit, Tunc və dəmir dövrlərinə aid çaxmaqdaşı, dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, antik sikkələr, qadın bəzək əşyaları və s. ziyarətçilərin marağına səbəb olur. Muzeyin yeni qurulan ekspozisiyasında Azərbaycan-türk, islam mədəniyyəti nümunələri yer alıb. Zalda qoyulan miniatür nümunələri isə orta əsrlərdə bu sənətin ölkəmizdə necə bir inkişaf dövrü yaşadığını göstərir. Milli Azərbaycan Tarix Muzeyi maddi mədəniyyət nümunəlirimizin qorunduğu məkan olmaqla yanaşı, həm də burada müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur. Muzeydə yubileylərlə əlaqədar olaraq bir sıra sərgi təşkil olunmuşdur. “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi tamaşaçıların diqqətinə səbəb olmuşdur. Sərgi muzeyin fondlarında qorunan eksponatlar və toplanılmış materiallar əsasında hazırlanmışdır. 483eksponat, 230 fotoşəkil və 13 rəsm əsərindən ibarət sərgidə ön və arxa cəbhələrdə vuruşan əsgərlərin şəxsi əşya, sənəd və digər əşyalar sərgidə nümayiş olunmuşdur. Gələn turistlərə sərginin materialları haqqında Azərbaycan, Rus, İngilis dilində məlumat verilmişdir. Sərgidə muzeyin tarixi ilə əlaqədar geniş məlumat verilmişdir. Milli Azərbaycan Tarix Muzeyinin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq nümunə qorunur. Bu kolleksiya ziyarətçi və tədqiqatçılara ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir. 2005-ci ildən “milli” sütatusunu almış Azərbaycan Tarix Muzeyi bu gün ölkə prezidentinin qayğısı ilə respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilmişdir. Tarix Muzeyinin əsas vəzifələrindən biri də tarixi həqiqətin muzeydə qorunan maddi sərvətlər vasitəsi ilə təqdim və təsdiq olunmasıdır. Tariximizin, mədəniyyətimizin qorunub saxlanması üçün mütləq tarixçi, arxeoloq və etnoqrafların, eləcə də muzey işçilərinin böyük zəhmət və məhəbbətlə topladıqları eksponatlar qayğı və mütləq sevgi ilə mühafizə edilməlidir.
Ölkəmiz maddi-mədəni irsi və tarixi abidələri ilə də tanınan ölkədir. O cümlədən dünyada tətbiqi sənətin nadir nümunələrindən olan xalçaçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Xalçalar gözəl sənət incisidir. Təsadüfü deyil ki, 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Azərbaycan xalçaları yüksək bədii tərtibatı və toxunma texnikası baxımından özünəməxsus keyfiyyətlərə məxsusdur. Həqiqətən də, müxtəlif böyük rəmzi məna daşıyan kompozisiyası, motivlərin orijinallığı və milli koloritliyi ilə seçilən Azərbaycan xalçalarının özü kimi nadir bir muzey binasında saxlanması və qorunması istəyi çox xoş bir niyyətdən və məramdan xəbər verir. Məlumat üçün bildirək ki, ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondalarında 130 min 300 dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Xatırladaq ki, Azərbaycan xalçalarının qorunması və inkişaf etdirilməsi haqda müvafiq qanun da qəbul edilmişdir. Xalçaçılıq sənətinin vətəni olan Azərbaycan dünyada Qarabağ, Gəncə, Qazax, Quba, Bakı, Şirvan və Təbriz xalçaları ilə məşhurdur. Bu xalçalar əsrlər boyu Azərbaycana şöhrət gətirmişdir. Xalq sənəti əsərləri kimi xalçalarımızda Gəmiqaya, Qobustan, Kür-Araz mədəniyyətindən qaynaqlanan elementlər, ünsürlər, yüz illər sonra da yaşaya bilmiş və bugünümüzə gəlib çatmışdır. Bu rəmzlər və simvollar Azərbaycanın qədim tarixi haqqında çox şey deyir və təlqin edir. Ona görə də görkəmli alim, professor, rəssam Lətif Kərimovun təşəbbüsü ilə 1960-cı illərin sonlarında Azərbaycanda Xalça Muzeyi açılıb. Həmin illərdə ulu öndər Heydər Əliyevin dəstək və təşəbbüsü ilə muzeyin fondlarının zənginləşdirilməsi üçün vəsait ayırıb. Xalça Muzeyi müstəqillik illərində Muzey Mərkəzində davam etdirilib.
Xalı ilə xalçanın fərqi nənələr və xalçaçılıq sənətinin biliciləri daha yaxşı bilir. İlk dəfə nənələrimiz xalı toxuyublar. Bunun da əsasən tərəkəmə ellərində köçəri həyatın üstünlük təşkil etməsi ilə bağlı olduğu bildirilir. Belə ki, qışda aranda qışlayan, yayda yaylaqda yaylayan elat tayfaları otağı və keçədən qurulmuş alaçığı bəzəmək üçün xalılar toxuyub. Əsasən ilk vaxtlar xalılar xovsuz toxunub, yəni, palaz, kilim, şəddə və s. formada. Sonralar xalıların ölçüsü də dəyişilib xalçaya çevrilib və əsasən xovlu toxunublar. Xalça muzeyininn yeni binası isə Azərbaycan tarixinin və mədəniyyətinin kitabəsi olan xalçanı dəyərləndirən xalqımıza ən böyük töhfədir. Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Naxçıvanda əldə olunan qədim xovlu, xovsuz xalça məmulatları var ki, onların yan haşiyəsinin naxışları yazılardan ibarətdir. Bu hərflər əsasən ox şəkillidir. Qədim türk əlifbasında ox şəklində yazı işarəsi bugünkü latın qrafikasındakı “k” hərfini ifadə edir. Xalqımızın qan yaddaşından süzülüb gələn bu naxışlar daha çox elat camaatının məişətində geniş istifadə edilib. Xalq yaradıcılığında ənənəyə çevrilmiş bu naxışlar əsrlər boyu nəsildən-nəslə ötürülərək mücərrəd bəzək elementinə çevrilmişdir. Təbriz xalçası da öz kompozisiya əlvanlığı, kamil bədii quruluşu ilə fərqlənir. Xalının ara sahəsi dördbucaq formalı damalar arası şauquli və üfüqi istiqamətli zolaqlar üzərində yerləşdirilmiş şəkəri yerlikli kətəbələrdə əski əlifba ilə “talik” hüsnxət üslubundadır və “Ey badi-səba, zülf-ü pərişanıma dəymə” misrası toxunmuşdur. Bu sətirlər xalça boyu dəfələrlə təkrarlanır. Daha bir sujetli xalça Cənubi Azərbaycan milli azadlıq hərakatının başçısı Səttarxana həsr olunub. Xalçanın baş tərəfində medalyonun içərisində “Səttarxan sərdare-milli” sözləri toxunub. Xalçanın digər bir surəti Azərbaycan Xalça muzeyində muhafizə olunur. Bu xalça hicri təqvimi ilə 1326-cı ildə (1908) toxunub. Üzərində Səttarxanın silahdaşlarının da obrazları yaradılıb.1916-cı ildə Qarabağda toxunan orijinal üsluba malik xalça da maraq doğurur. Onun ərişi və xovu yundan, arğacı isə pambıqdandır. İstifadə edilmiş boyalardan qırmızı və yaşıl rənglər süni tərkibli, qəhvəyi rəng isə quyun yununun təbii rəngindəndir. Bütün sənət nümunələrində, növlərində dəst-xət deyilən anlam var. Xalça sənəti də istisna deyil. Xalçalar, onlardakı naxışlar da uzaq-yaxın keçmişimizdən süzülüb gələb nişan, damğa olmaqla yanaşı, tariximizin yaddaşıdır.
Aynur Turan
Subyekt.az