![]()
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşada fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzinə baş çəkiblər.
Qonaqlar burada fəaliyyət göstərən Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının iş prinsipi və göstərilən xidmətlərlə yaxından tanış olublar. Diplomatlara DOST konsepsiyası, filialda tətbiq edilən “bir pəncərə” sistemi və işğaldan azad edilmiş ərazilərdə sakinlərin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Şuşa DOST filialı vasitəsilə vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə operativ və şəffaf xidmətlər göstərilir.
Beynəlxalq nümayəndə heyəti Azərbaycanın sosial sahədə tətbiq etdiyi bu innovativ modelin Şuşada tətbiqini yüksək qiymətləndirib.
Qeyd edək ki, səfərdə 62 ölkəni və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox diplomat, hərbi attaşe və nümayəndə iştirak edir. Heyəti Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

.

Subyekt.az