![]()
Azərbaycan vətəndaşlarının bank hesablarından pul vəsaitlərini mənimsəyən transmilli kiberdələduzluq şəbəkəsinin Kiyevdə fəaliyyət göstərən qanunsuz “Call Center”ləri ifşa olunub. Əməliyyat nəticəsində 11 nəfər saxlanılıb, beynəlxalq axtarışda olan dörd əsas təşkilatçı Azərbaycana gətirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) Ukrayna polisi ilə birgə Ukrayna ərazisində genişmiqyaslı əməliyyat keçirib.
Subyekt.az xəbər verir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən əməliyyat nəticəsində Azərbaycan vətəndaşlarını aldadaraq onların pul vəsaitlərini ələ keçirən mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib. Şəbəkənin əsas təşkilatçıları beynəlxalq axtarışda saxlanılaraq Azərbaycana gətiriliblər.
Müasir dövrdə kibercinayətkarlıq qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi çağırışlardan birinə çevrilib. Rəqəmsal texnologiyaların sürətli inkişafı ilə paralel olaraq, cinayətkar qruplar da fəaliyyət metodlarını təkmilləşdirir, müxtəlif ölkələrin hüquqi və texnoloji mühitindən istifadə etməklə transmilli dələduzluq mexanizmləri formalaşdırırlar.
DİN-in məlumatına görə, Ukraynada keçirilən əməliyyat Azərbaycan vətəndaşlarını hədəfə alan belə mütəşəkkil cinayətkar şəbəkələrdən birinin fəaliyyətinin aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində mühüm nəticə verib.
Araşdırmalar zamanı müəyyən edilib ki, cinayətkar şəbəkə Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında fəaliyyət göstərən qanunsuz çağrı mərkəzləri (“Call Center”) yaradıb. Həmin mərkəzlərə yeni əməkdaşların cəlb edilməsi üçün “Telegram” platformasında informasiya texnologiyaları və müştəri xidmətləri sahəsində yüksək əməkhaqqı vəd edən saxta iş elanları yerləşdirilib.
Nəticədə ayrı-ayrı ölkələrin vətəndaşları qanunsuz fəaliyyət göstərən həmin mərkəzlərə cəlb olunublar.
Vətəndaşları psixoloji manipulyasiya yolu ilə aldadıblar
İstintaq materiallarına əsasən, çağrı mərkəzlərində çalışan şəxslər əvvəlcədən hazırlanmış danışıq ssenariləri əsasında Azərbaycan vətəndaşlarına zəng edərək müxtəlif psixoloji manipulyasiya üsullarından istifadə ediblər.
Onlar özlərini hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim edərək vətəndaşlara bank hesablarında şübhəli əməliyyatların aparılması, vəsaitlərinin təhlükə altında olması, bank kartlarının bloklanacağı və ya adlarından qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi barədə yalan məlumatlar veriblər.
Bəzi hallarda isə vətəndaşlar yüksək gəlir vəd edən saxta investisiya təklifləri ilə aldadılıb.
Cinayətkarlar yaratdıqları qorxu və təşviş mühitindən, eləcə də insanların asan qazanc əldə etmək istəyindən istifadə edərək onları vəsaitlərini guya təhlükəsiz hesablara köçürməyə, bank kartlarının məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi məlumatlarını açıqlamağa sövq ediblər.
Kiyevdə 11 nəfər saxlanılıb, əsas təşkilatçılar Azərbaycana gətirilib
Ukrayna Daxili İşlər Nazirliyi ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində Kiyev şəhərində fəaliyyət göstərən qanunsuz çağrı mərkəzlərində işləyən 11 nəfər saxlanılıb.
Saxlanılanlar arasında şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov da olub. Onlar Azərbaycana gətiriliblər.
Araşdırmalar zamanı, həmçinin Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyevin kiberdələduzluq yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması prosesində iştirak etdikləri müəyyən olunub.
Məlumata görə, həmin şəxslər xaricdə fəaliyyət göstərən şəbəkə üzvləri ilə “Telegram” vasitəsilə əlaqə saxlayaraq talanmış vəsaitləri istifadələrində olan bank kartı hesablarında toplayıblar. Razılaşdırılmış faiz məbləğini götürdükdən sonra qalan pulu kriptovalyutaya çevirərək xaricə göndəriblər.
Cinayət işi başlanılıb, təşkilatçılar həbs edilib
Faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Şəbəkənin əsas təşkilatçıları barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslərlə bağlı isə istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlara bir daha xəbərdarlıq edərək sosial şəbəkələrdə yüksək əməkhaqqı və asan qazanc vəd edən şübhəli iş təkliflərinə ehtiyatla yanaşmağı tövsiyə edib.
Vətəndaşlara bank kartlarının məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələri naməlum şəxslərlə paylaşmamaq, şübhəli zənglər zamanı səsləndirilən məlumatları rəsmi mənbələrdən yoxlamaq və kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal polisə müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, Ukraynada həyata keçirilən bu əməliyyat kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq hüquq-mühafizə əməkdaşlığının əhəmiyyətini bir daha nümayiş etdirir. Transmilli cinayətkar şəbəkələrin ifşası və onların maliyyə kanallarının müəyyənləşdirilməsi rəqəmsal təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Subyekt.az