![]()
Bu gün ölkə mediasının manşetlərini zəbt edən xəbərlərdən biri cəmiyyət üçün ciddi siqnal xarakteri daşıyır. Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərindən birinə qarşı terror aktı törətməyi planlaşdıran dəstə üzvlərinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən vaxtında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində zərərsizləşdirilməsi dövlətimizin təhlükəsizlik sisteminin gücünü bir daha nümayiş etdirdi.
Lakin məsələ bununla bitmir. Xüsusilə təəssüf doğuran məqam ondan ibarətdir ki, din pərdəsi altında fəaliyyət göstərən radikal və terrorçu qrupların təsir dairəsinə düşən ölkə vətəndaşlarının sayı az deyil. Bu cür qruplar cəmiyyətin müxtəlif təbəqələrinə sızaraq, dini dəyərlərdən sui-istifadə etməklə insanları yanlış yollara sürükləməyə çalışırlar.
Maraqlıdır ki, bu xəbəri oxuduqdan az sonra ev telefonumuza tanımadığımız nömrədən zəng gəldi. Zəng edən şəxs özünü təqdim etmədən “Allah kəlamlarından danışmaq istədiyini” bildirdi. Təbii sual yaranır: tanımadığın evlərə zəng edərək insanları narahat etmək hansı dini və ya mənəvi dəyərə sığır? Əgər məqsəd saf niyyətdirsə, bu çağırışlar niyə ailə üzvlərinə, yaxın çevrəyə ünvanlanmır?
Bu kimi hallar göstərir ki, təhlükə artıq təkcə sərhədlərimizdə deyil, bəzən birbaşa evlərimizin içinə qədər daxil olur. Radikal ideologiyaların yayılması üçün müxtəlif vasitələrdən – telefon zənglərindən, sosial şəbəkələrdən, fərdi təmaslardan istifadə edilir.
Bu baxımdan ölkə başçısına və dövlətimizin güc strukturlarına çağırış etmək hər bir vətəndaşın haqqıdır: bu məsələlərə səthi yanaşmaq olmaz. Azərbaycanı din pərdəsi altında cəhalətə, xaosa sürükləmək istəyən, terror ocaqlarından qidalanan qüvvələrə qarşı mübarizə daim sərt və prinsipial olmalıdır.
Unutmayaq ki, təhlükəsizlik yalnız xüsusi xidmət orqanlarının deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Ayıq-sayıqlıq, məlumatlılıq və vətəndaş mövqeyi bu mübarizədə ən güclü silahlarımızdır.
PS. Qeyd etmək istərdim ki, sözügedən zəng edilən telefon nömrəsi tərəfimdən qeydə alınmışdır. 012 371 17 13 Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlayaraq müvafiq araşdırma aparacaqlar. Xüsusilə qadınlardan istifadə edilməklə həyata keçirilən bu tip zənglərin hansı mərkəzdən və hansı məqsədlə edildiyi ictimaiyyət üçün aydınlaşdırılmalıdır. Bu cür üsulların arxasında hansı niyyətlərin dayandığı ciddi şəkildə araşdırılmağa ehtiyac duyur.
Rövşən Hüseynli
Subyekt.az