![]()
Azərbaycan mediası təkcə xəbərləri çatdıran vasitə deyil, həm də milli maraqların müdafiəsində duran mühüm strateji platformadır.
Müasir dövrdə informasiya təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə Azərbaycan mediası təkcə xəbərləri çatdıran vasitə deyil, həm də milli maraqların müdafiəsində mühüm strateji platforma kimi çıxış edir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, media operativ, qərəzsiz və peşəkar fəaliyyət göstərməli, cəmiyyətə doğru və dolğun informasiya təqdim etməlidir. Son illər həyata keçirilən islahatlar nəticəsində ölkədə medianın inkişafı üçün hüquqi, iqtisadi və institusional baza daha da möhkəmləndirilib. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbulu, media subyektlərinə tətbiq edilən vergi güzəştləri və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu istiqamətdə atılmış mühüm addımlardır.
Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirdi. Jurnalistlər cəbhə bölgəsindən operativ məlumatlar çatdıraraq dezinformasiyaya qarşı informasiya mübarizəsində fəal iştirak etdilər və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdılar. Postmüharibə dövründə də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkənin inkişafı və regional əməkdaşlıq təşəbbüsləri barədə obyektiv məlumatlandırma medianın əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır.
Bu gün Şuşada keçirilən Qlobal Media Forumu artıq beynəlxalq media dialoqunun mühüm platformasına çevrilib. Forum çərçivəsində dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media etikası, rəqəmsal transformasiya, sülh quruculuğunda medianın rolu və beynəlxalq əməkdaşlıq kimi aktual mövzular müzakirə olunur. Bu isə Azərbaycanın qlobal media gündəminin formalaşmasına verdiyi töhfəni göstərir.
Qarşıdakı dövrdə Azərbaycan mediasının əsas vəzifələri sırasında rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarından səmərəli istifadə, media savadlılığının artırılması, saxta xəbərlərə qarşı mübarizənin gücləndirilməsi və beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsi dayanır.
150 illik zəngin tarixə malik Azərbaycan milli mətbuatı bu gün də öz ənənələrinə sadiq qalaraq peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsipləri əsasında fəaliyyətini davam etdirir. Milli maraqları qoruyan, cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edən media ölkənin demokratik inkişafının və informasiya təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq gələcəyə inamla addımlayır.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini təbrik edir, onlara ölkəmizin informasiya təhlükəsizliyinin qorunması, həqiqətlərin dünyaya çatdırılması və peşə fəaliyyətlərində yeni uğurlar arzulayıram.
#MilliMətbuatGünü #Media #AzərbaycanMediası #ÜlviyyəHəmzəyeva #YAP #MilliMəclis #Deputat #MədəniyyətKomitəsi #Babək #Naxçıvan #Culfa
Subyekt.az