![]()
IV Şuşa Qlobal Media Forumu artıq birdəfəlik tədbir çərçivəsini aşaraq Azərbaycanın informasiya diplomatiyasında mühüm və davamlı platforma kimi öz yerini möhkəmləndirib.
Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında səsləndirib.
Deputat bildirib ki, 13–14 iyul 2026-cı il tarixlərində Şuşada keçirilən forum “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Onun sözlərinə görə, tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib. Forum çərçivəsində 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox nüfuzlu media qurumu təmsil olunub. Dörd forum ərzində isə ümumilikdə 81 ölkədən 600-ə yaxın iştirakçı Şuşada bir araya gəlib.
N.Həmzəyev qeyd edib ki, bu rəqəmlər Şuşanın beynəlxalq media ictimaiyyəti üçün mühüm görüş məkanına çevrildiyini bir daha təsdiqləyir. Onun fikrincə, forumun mütəmadi olaraq keçirilməsi Azərbaycanın qlobal informasiya məkanında ardıcıl və uzunmüddətli mövqe formalaşdırmasına imkan yaradır.
Deputat vurğulayıb ki, müasir dövrdə medianın əsas vəzifələrindən biri milli maraqların qorunması ilə jurnalist obyektivliyi arasında düzgün balansın yaradılmasıdır. Bu baxımdan Şuşa Forumunda açıq dialoq mühitinin təmin olunması, Prezidentin xarici media nümayəndələrinin suallarını cavablandırması və aktual məsələlərin geniş müzakirəsi xüsusi əhəmiyyət kəsb edir.
N.Həmzəyevin sözlərinə görə, rəqəmsal transformasiya şəraitində cəmiyyətin etibarlı məlumatlarla təmin olunması üçün faktyoxlama mexanizmlərinin və media savadlılığının inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, süni intellekt texnologiyalarının etik prinsiplər əsasında tətbiqi, media plüralizminin təşviqi və hadisələrin yerində müşahidəsini mümkün edən mexanizmlərin yaradılması mühüm amillərdəndir.
Deputat bildirib ki, Şuşa Forumu eyni zamanda ictimai diplomatiyanın təsirli vasitələrindən biri kimi çıxış edir. Xarici jurnalistlərin Qarabağda aparılan bərpa və yenidənqurma işləri ilə yerində tanış olması, müşahidələrini beynəlxalq auditoriya ilə bölüşməsi Azərbaycanın mövqeyinin daha dolğun və obyektiv şəkildə təqdim edilməsinə töhfə verir.
O, təşkilatlanmış media səfərlərinin beynəlxalq jurnalistika təcrübəsində metodoloji baxımdan müzakirə olunan məsələlərdən biri olduğunu diqqətə çatdıraraq bildirib ki, bu cür formatların effektivliyi onların müstəqil yoxlama imkanları və müxtəlif mənbələrdən əldə edilən məlumatlarla tamamlanmasından asılıdır.
Naqif Həmzəyev əlavə edib ki, Azərbaycan mediasının qarşısında duran əsas vəzifələr sırasında Şuşa Forumu kimi beynəlxalq platformaların institusional inkişafının dəstəklənməsi, jurnalistlərin yeni texnologiyalar sahəsində peşəkar bacarıqlarının artırılması, Qarabağda həyata keçirilən layihələrin beynəlxalq auditoriyaya faktlara əsaslanan şəkildə çatdırılması, media plüralizminin möhkəmləndirilməsi və dezinformasiyaya qarşı institusional potensialın gücləndirilməsi xüsusi yer tutur.
Şəlalə Camal
Subyekt.az