![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa çempionatında komanda hesabında yüksək nəticə əldə etmiş güləşçilərlə görüşməsi ölkəmizdə idmana göstərilən diqqət və qayğının növbəti bariz nümunəsidir.
Bununla bağlı Subyekt.az-a açıqlama verən millət vəkili Mircəlil Qasımlı bildirib ki, bu görüş Azərbaycan idmanının sistemli inkişaf yolunda qazandığı nailiyyətlərin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini göstərir.
“Azərbaycan idmanının uğurları təsadüfi xarakter daşımır. Bu nailiyyətlərin əsasında ardıcıl və məqsədyönlü dövlət siyasəti dayanır. Son illərdə ölkəmizdə müasir idman infrastrukturu yaradılıb, regionlarda Olimpiya İdman Kompleksləri inşa edilib, idman federasiyalarının fəaliyyəti genişləndirilib. Bütün bunlar idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsi üçün möhkəm zəmin formalaşdırıb”, – deyə deputat vurğulayıb.
Mircəlil Qasımlı qeyd edib ki, güləşçilərimizin Avropa çempionatında komanda hesabında çempion olması Azərbaycan idman məktəbinin gücünü və davamlı inkişafını nümayiş etdirir. Onun sözlərinə görə, güləşlə yanaşı, cüdo, boks, taekvondo, gimnastika və digər idman növlərində əldə olunan uğurlar ölkədə idman siyasətinin kompleks xarakter daşıdığını sübut edir.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin idmançılarla mütəmadi görüşləri, onların əməyini yüksək qiymətləndirməsi və yeni hədəflər müəyyənləşdirməsi idmançılar üçün mühüm motivasiya mənbəyidir. Bu diqqət idmançılarda vətənpərvərlik ruhunu daha da gücləndirir və onları yeni qələbələrə ruhlandırır.
“Bu gün Azərbaycan idmanının əldə etdiyi nailiyyətlər düşünülmüş dövlət strategiyasının məntiqi nəticəsidir. Əminliklə demək olar ki, qarşıdakı illərdə də idmançılarımız beynəlxalq yarışlarda yeni qələbələr qazanacaq, Azərbaycan bayrağı mötəbər arenalarda yüksəklərdə dalğalanacaq”, – deyə o fikrini yekunlaşdırıb.








Subyekt.az