![]()
Deputat Könül Nurullayeva Sankt-Peterburqda keçirilən MDB Parlamentlərarası Gənclər Assambleyasının XXVI iclasında iştirak edib. Deputat tədbir çərçivəsində “Süni intellekt texnologiyalarının gənclərə təsiri və onların dövlət gənclər siyasətinin həyata keçirilməsində istifadəsi” mövzusunda çıxış edib.
Çıxışı zamanı deputat Azərbaycanda rəqəmsal transformasiya və süni intellekt sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, İlham Əliyev tərəfindən təsdiq edilmiş “2025–2028-ci illər üçün Azərbaycan Respublikasında Süni İntellektin İnkişaf Strategiyası” ölkədə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, rəqəmsal potensialın gücləndirilməsi və insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat, həmçinin Mehriban Əliyeva rəhbərliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırıb. Çıxışda Süni İntellekt Akademiyasının yaradılması, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması, innovasiya və startap ekosisteminin inkişafı istiqamətində görülən işlər xüsusi vurğulanıb.
Könül Nurullayeva qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, dayanıqlı inkişaf və “yaşıl enerji” prinsiplərinin inteqrasiyası ölkənin müasir texnologiyalara əsaslanan inkişaf modelinin mühüm tərkib hissəsidir.
Deputat çıxışında beynəlxalq əməkdaşlığın, xüsusilə MDB məkanında gənclər siyasəti və rəqəmsal texnologiyalar sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini də vurğulayıb.










#MDB #GənclərSiyasəti #Süniİntellekt
Subyekt.az