![]()
Noyabrın 25-də qədim türk yurdu olan Naxçıvan şəhərində tarixi bir hadisə baş vermişdi. Belə ki, həmin gün 100-dən çox qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin QHT-ləri Platformasının təsis konfransı keçirilmişdi. Platformanın Katibliyinin daimi əsaslarla məhz Bakıda fəaliyyət göstərməsi barədə qərarın verilməsi olduqca əhəmiyyətli, elə həmin tədbirin özü kimi də möhtəşəm bir hadisə olmuşdu. Bu qərarın xeyrinə səs verməklə dəstək göstərən bütün QHT-lərə dərin təşəkkürümü bildirirəm.
Onu da qeyd etməyi özümə borc bilirəm ki, belə bir qərarın əldə olunması elə də asan olmamışdı. Bu yazı həmin yolun lap başlanğıcında, uzaq 1992-ci ildə üzləşdiyimiz çətinliklər və həmin dövrdə yaşadığımız təlatümlər haqqındadır. Belə ki, artıq müstəqilliyini əldə etmiş Azərbaycanda, həm də ölkənin hüdudları xaricində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları hazırkı mərhələyə çatana qədər uzun və keşməkeşli bir yol qət etmişdilər. Kazan şəhərində 1988-ci ildən fəaliyyət göstərən və ətrafında 30 mindən çox azərbaycanlını birləşdirən “Oğuz” cəmiyyəti belə təşkilatlardan biri olmuşdur.
1992-ci ilin fevral ayında “Oğuz” cəmiyyətinə “Azadlıq” Tatar Gənclərinin İttifaqının təşəbbüsü ilə Dünya Türk Gəncləri Qurultayının keçirilməsinə dair qərarın verilməsi və bunun üçün təşkilat komitəsinin yaradılması barədə məlumat daxil olmuşdu. Cəmiyyətimizdə qərara alındı ki, təşkilat komitəsində təşkilatımızı İdarə Heyətinin üzvü və sədr müavini kimi mən təmsil edim və burada, həmçinin Azərbaycanda gedən proseslər barədə geniş məlumat verim. Mart ayından etibarən bizim iclaslarımız başlamış (ŞƏKİL 1) və nəhayət, 1992-ci il mayın 9-da Kazan şəhərində Dünya Türk Gənclərinin I Qurultayı keçirilmişdi (ŞƏKİL 2).
Həmin proseslərin iştirakçıları olan gənclərin çoxu, xüsusilə də Tatarıstandan olan “Azadlıq” Tatar Gənclərinin İttifaqının sədri Talqat Axmadişin, təşkilat komitəsinin katibi Zülfiyyə Saqdeyeva və mən də daxil olmaqla digər şəxslər çox güclü siyasi təzyiqlərə məruz qalmış, bu təzyiqlər nəticəsində ciddi zərərlər görmüş, hətta məhrumiyyətlərlə üzləşmişdilər ki, bu da başqa bir yazının mövzusudur.
Cəmiyyətimizin vətənpərvər gəncləri — “Oğuz” cəmiyyətinin sədr əvəzi İbrahim İbrahimov, İdarə Heyətinin üzvləri Elman Tağıyev, Bilal Heydərov, Azər Rəhimov və adlarını çəkmədiyim digər fəal soydaşlarımız həmin hadisələrin fəal iştirakçıları idilər. Onlar da təsdiq edərlər ki, həmin dövr çox ağır, amma eyni zamanda çox şərəfli bir dövr idi. Biz həmin illərdə üzərimizə düşən vəzifələri bütün təhlükələrə baxmayaraq layiqincə yerinə yetirməyə çalışırdıq. Nə xoş bizə ki, həmin tarixi hadisələr sonrakı illərdə həyata keçirilmiş məqsədyönlü fəaliyyətlər nəticəsində daha da möhkəmlənmiş və türk dünyasının daha sıx inteqrasiyası üçün yeni imkanlar yaratmışdır.
Zaman keçdikcə türk dövlətləri daha da güclənmiş və onların fəal şəkildə təmsil olunduğu Türk Dövlətləri Təşkilatı böyük bir geosiyasi mərkəzə çevrilməkdədir. Müəyyən olunmuş məqsəd və vəzifələrə çatmaq üçün TDT-nin nəzdində çoxsaylı platformalar təsis edilmiş və bu gün həmin platformalar uğurla fəaliyyət göstərməkdədir. 2025-ci il noyabrın 25-də Naxçıvanda təsis edilən Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin QHT-ləri Platforması da bu təsisatlardan biri olmuşdur.
Təsis konfransında iştirak edən türk dünyası QHT-ləri ortaq tariximizdən, mədəni bağlılıqlarımızdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gələrək, türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında və dərinləşməsində vətəndaş cəmiyyətinin oynadığı mühüm rolu xüsusilə qeyd etmiş, belə bir Platformanın yaradılmasına yekdilliklə qərar vermişlər. Bununla qürur duyuruq və türk dünyamız üçün xeyirli, uğurlu olsun deyirik.


Milli Majlis
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Azərbaycan Milli QHT Forumu
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
Subyekt.az