![]()
Qazaxların öz sözüylə desəm, bavurluk məmləkət Qazaxıstanın Türküstan şəhərində ilk dəfə 28 il öncə olmuşam. İlk başqanı olduğum Dünya Gənc Türk Yazarlar Birliyi də orada – Xoca Əhməd Yəsəvi adına Uluslararası Qazax-Türk Universitetində keçirilən Vlll Türk Dünyası Gənclik Günləri və Qurultayında qurulub. Axırıncı deməyim, axarıncı dəfə isə 2022-ci ilin oktyabr ahında Türküstanda olmuşam. – Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictimai xadimlər, QHT və KİV təmsilçiləri Yəsəvi adına Universitetdə bir araya gəlmişdi. Tədbir Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü öncəsində tərtib edilmişdi və gənəşik xarakteri daşıyırdı.
İndi budur, Türküstan Türk Dövlətləri başçılarının qeyri-rəsmi Zirvə görüşünün ev sahibidir.
Dövlət başçıları Zirvə görüşünün Türküstan Bəyannaməsini qəbul etdi.
Bəli, tarix bəzən səssiz danışır; bəzən isə bir şəhərin daşında, bir meydanın nəfəsində, bir dövlət başçısının vurğusunda bütöv bir çağın gələcək konturlarını görmək olur. Türküstan – bu dəfə qədim bir mədəniyyət paytaxtı kimi çıxış etməklə yanaşı, yeni geosiyasi düşüncənin, ortaq iradənin və Türk dünyasının yüksələn strateji özünüdərkinin rəmzi kimi danışdı.
Bu gün TDT tarixi, etnik və dil yaxınlığının diplomatik platformu olmaqla birgə, addım-addım qlobal siyasi münasibətlər sistemində öz çəkisini artıran, Avrasiya məkanında yeni güc memarlığının önəmli komponentinə çevrilən strateji birlik modelidir.
Məhz buna görə İlham Əliyevin Türküstandakı qeyri-rəsmi Zirvə görüşündə verdiyi ismarıclar cari siyasi gündəmdən başqa, gələcək onilliklərin də siyasi-fəlsəfi açıqlaması, çağırışı kimi oxunmalıdır.
Türk dünyası artıq nostalji olmaqdan çıxıb; o, iqtisadi marşrutdur, enerji təhlükəsizliyidir, daşımalar arteriyasıdır, mədəniyyət diplomatiyasıdır. Və ən önəmlisi – ortaq gələcək layihəsidir. – Qeyri-rəsmi Türküstan Zirvəsi bax, bu siyasi iradəni nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışında hiss olunan əsas xətt də məhz budur: TDT “emosional yaxınlıq məkanı” olmaq mərhələsini arxada qoyaraq praktik geosiyasi aktora çevrilməkdədir.
Bu dönüş, əlbəttə və qətiyyən təsadüfi deyil. – Hələ-hələ dörd yanımız od tutub yanarkən…
XXI yüzilin böyük siyasi gerçəklikləri yeni güc mərkəzləri formalaşdırır. Dünyanın klassik qütbləri sarsılır, bölgəsəl birliklər ön plana çıxır. Avropa Birliyi, ASEAN (Güney-Doğu Asiya Dövlətləri Assosiasiyası), Körfəz İşbirliyi Şurası (Məclis ət-Təavun li-Duvəl əl-Xəlic əl-Ərəbiyyə; Gulf Cooperation Council (GCC)), Afrika Birliyi kimi platformların fonunda TDT də artıq “gözləmə hövzəsindən” çıxaraq strateji təsir sahəsinə keçir.
Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşünün ən önəmli simvolik hadisələrindən biri isə Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma törəni oldu.
Necə bilirsiz, bu, sadəcə memarlıq layihəsidirmi? – Əlbəttə, yox.
Əslində, bu mərkəzin təməlində ortaq tarix yaddaşı, ortaq mədəni kodlar, ortaq gələcək ideologiyası dayanır. Türk dünyası uzun illər siyasi sərhədlərlə parçalanmış olsa da, onun mədəni genetikası heç zaman parçalanmadı. Ötükən ruhu, Orxon-Yenisey yazılarının işığı, Dədə Qorqud hikməti, Manas yaddaşı, Yəsəvi nəfəsi, Nizami təfəkkürü, Yunus Əmrə dəyanəti, Əlişir Nəvai estetikası… – bütün bunlar vahid sivilizasiya coğrafiyasının sütunlarıdır.
Türküstanda verilən ismarıc da budur:
Türk Dünyası artıq özünü mirasla yanaşı, gələcəyin layihəsi ilə təsdiqləmək istəyir və buna qadirdir.
Bax, bu məqamda Azərbaycanın rolu özəlliklə diqqət çəkir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Türk dünyasındakı siyasi nüfuzu yeni mərhələyə keçib. Bakının artıq yalnız enerji və logistik mərkəz olmadığını hər kəs bilir; Bakı – eyni zamanda Türk inteqrasiyasının siyasi-intellektual lokomotivlərindən birinə çevrilib.
Zəngəzur dəhlizi ideyası da əslində təkcə bölgəsəl daşımalar layihəsi sayılmır; bu layihə Türk coğrafiyasının parçalanmış damarlarını birləşdirməyə yönəlmiş strateji xəritədir. Türküstandakı Zirvə görüşündə bu düşüncənin alt qatları açıq hiss olunurdu.
Bu gün Bakı, Ankara, Astana, Daşkənd, Bişkek, Quzey Lefkoşa arasında qurulan münasibətlər diplomatik protokol münasibətlərindən daha üstündür. Bunlar yeni Avrasiya tarazlığının formalaşmasında önəmli rol oynayan siyasi koordinasiya modelidir.
Qlobal güclərin diqqəti də təsadüfən Türk dünyasına yönəlmir.
Çünki TDT:
– Xəzərdən Aralıq dənizinə uzanan enerji xəttidir;
– Çindən Avropaya uzanan Orta Dəhlizin əsas dayağıdır;
– Gənc və dinamik demoqrafik potensialdır;
– zəngin təbii resurs bazasıdır;
– böyük bazardır;
– həm də alternativ siyasi-etnik harmoniyanın mümkün modelidir.
Türküstandakı görüşün başqa bir önəmli tərəfi isə mədəniyyətlə geopolitikanın paralel aparılması oldu.
Bu, çox önəmli nüansdır.
Çünki yalnız iqtisadi və siyasi inteqrasiya uzunömürlü birlik yaratmır. Sivilizasiya yaddaşı ilə möhkəmlənməyən ittifaqlar tez dağılır. Türk dünyası isə indi öz siyasi birlik modelini mədəni özünüdərk üzərində qurmağa çalışır.
Türküstanın küçələrində dolaşan liderlər sadəcə tarixi məkanları ziyarət etmirdi; onlar, əslində, ortaq yaddaşın siyasi enerjiyə çevrilməsi prosesinə tanıqlıq edirdi.
Bu gün TDT-nin beynəlxalq çəkisinin artması təkcə türk dövlətlərinin uğuru sayılmamalıdır. Bu, uzun müddət dünya siyasətində periferiyaya sıxışdırılmış böyük bir mədəni-siyasi coğrafiyanın yenidən öz sözünü deməyə başlamasıdır.
Türk dünyası artıq “kimik?” sualından “nə edə bilərik?” mərhələsinə keçir.
– Bax, ən önəmlisi budur!
Bu elə yeni çağın başlanğıcı deməkdir.
Türküstandan yüksələn səs, eyni zamanda, çoxqütblü dünyanın yeni siyasi ritmidir.
Beləliklə, nə görürük? – Görürük ki, bu ritmdə Azərbaycanın səsi getdikcə daha aydın, daha inamlı və daha strateji eşidilir.
“Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.” – Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Türküstan Zirvə görüşündə çıxışındandır: https://president.az/az/articles/view/72386. – Bu çıxışı oxumaq, dinləmək, izləmək, öyrənmək gərək!
Türk dünyasının bayrağı daim uca olsun!

.

.

.

Əkbər QOŞALI
Subyekt.az