![]()
Dilçi-tarixçi alim olaraq tanıdılan Firudin Cəlilov böyük elmi nüfuz sahibi kimi müdrik görkəm alaraq son günlər müzakirə mövzusu olan məsələ ilə bağlı belə bir açıqlama verib:
“Fazil Mustafaya deyin, gedib XIV əsrdə Rəşidəddinin qələmə aldığı Oğuznaməni oxusun. 600 il bundan qabaq yazılıb. Oğuz xan türklərin ulu babasıdır. Oğuz xan deyir ki, Azərbaycan adı Azər xalqı ilə bağlıdır. Azərlər türklərdir. Türklərdə azman adam, hörmətli adam, nüfuzlu adam, intellektual səviyyəsi olan adamlara Azər deyilir. Bayqan da həmin adamların ölkəsi – Azərbayqan.
Bunu 600 il öncə Oğuz xan deyib. Bunları oxusunlar, ondan sonra danışsınlar. Tarixdən, dünyadan xəbəri olmayan adamlar özlərini alim kimi ortalığa atırlar. Hələ bilmirlər ki, azərlər elə xəzərlərdir. Dialekt fərqi var, eyni xalqdır – azər, xəzər. Gedib onu öyrənsinlər. Bu mənada Səyyad Aran haqlıdır”.
Sözün doğrusu, burada mənim ən xoşuma gələn cümlə, heç şübhəsiz ki, bu oldu:
“Tarixdən, dünyadan xəbəri olmayan adamlar özlərini alim kimi ortalığa atırlar”.
Bu cümləni semantik təhlil etsək, onu işlədən şəxsin sadəcə dil bilgisinə şübhə ilə yanaşmaq olar. Çünki tarixdən bilgisi olmaqla, dünyadan bilgisi olmaq ekvivalent ifadələr deyil. Bizim hamımızın tarixdən bilgimiz səthidir və əldə olunan yarımçıq mənbələrə istinad edərək yüz il, min il, iki min il öncə barədə təsəvvürlərimizi ifadə etməyə çalışırıq. Dünya haqqında bilgimiz isə bu gün yaşadığımız və müşahidə etdiyimiz şeylər barədə təsəvvürlərimizdir və bunun fenomen olaraq tarixlə elə bir əlaqəsi yoxdur. Çünki tarix fəlsəfəsi ilə məşğul olan elmi nəzəriyyə sahibləri – filosoflar – da belə düşünürlər ki, tarix fenomen olaraq bilinməz; biz sadəcə öz zehni qurğularımıza və təsəvvürlərimizə “tarix bilgisi” adı veririk.
Bu səbəbdən də bir çox elmlərdə olduğu kimi, xüsusən tarix elmində mütləq arxayınlıqla iddialarda bulunmaq tarix elminin özünə zidd bir davranışdır və elm sahibi olan bir alim mütləq iddialardan uzaq durmalıdır. Əlbəttə, hamımızın hər ikisi ilə bağlı az-çox xəbərimiz olsa da, bilgilərimiz yetərsizdir.
Bəli, Azərbaycan cəmiyyətində cahillik o səviyyədədir ki, Firudin Cəlilov kimilər özlərini uzun illərdir “alim” kimi ortaya ata bilirlər. Həm də bu cür “alimlər” elmi nəticələri və düşüncə mətnləri ilə deyil, türkçü-millətçi kimliyi ilə ün qazanmağı hədəf seçirlər. Və bu “alim” adını geninə-boluna işlədənlər mərhum Əbülfəz Elçibəyin siyasətini müəyyənləşdirdiyi, Kamran İmanov və mərhum Vurğun Əyyubun isə tətbiq etdiyi testin müəllifliyini mənimsəməyə, ümumtürk əlifbasının qəbuluna dar azərbaycanlı baxışı ilə əngəl olmağa qədər nə dilçiliyimiz, nə tariximiz, nə də maarifçiliyimiz üçün faydalı bir iş ortaya qoymuşlar.
İndi geri dönüş edək Firudin Cəlilovun şəxsən mənə yönəlik məlum “qiymətli” tövsiyə və şərhinə. Qeyd edim ki, Firudin müəllimin vurğuladığı mənbələri “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” kitabı üzərində işləyərkən diqqətlə oxumuşam və dəqiq bilirəm ki, onun söylədiyi tezislər adını qeyd etdiyi mənbələrdə iddia etdiyi şəkildə yer almamışdır. Yəni dilçiliklə, tarixlə əlaqədar yazdığı bütün mətnləri kimi, sadəcə bu tezislər də elmi əsası olmayan nağıllar kimi anlaşılmalıdır.
Bu cür millətçi-türkçü adının arxasında gizlənib saxta tarixi bilgisiz insanlarımıza sırıyaraq ün qazanmış “nüfuz sahibləri” gərək gizləndiyi yerdən çölə çıxmasınlar. Yaxud da özünün ifadə etdiyi kimi, “ortaya atılmasınlar”, hətta daha sərt desək, “ortalığı öz cəfəngiyyatları ilə batırmasınlar”.
Məsələn, ciddi elm adamı, fikrimcə, öz tövsiyəsini belə ifadə edərdi:
“Rəşidəddinin yazdığı Oğuznamənin filan ildə nəşr olunmuş nüsxəsinin filanıncı səhifəsində bu barədə dəqiq yazılıb”.
Halbuki Oğuznamənin biri uyğurca, digəri isə farsca olmaqla indiyədək iki əsas mətni əldə edilib. Hər iki mətn də Elxanlı (İlhanlı) saray çevrəsində təqribən eyni vaxtda və ya bir əsr içində yazılmışdır. Uyğurca Oğuz-Kağan dastanı mənzum formada yazılmış, başlığı və sonluğu əksikdir. Bu kitabın Paris Milli Kitabxanasında olan uyğur hərfləri ilə yazılmış 21 vərəqdən (42 səhifədən) ibarət əlyazmasını tədqiqatçılar XV əsrə aid edirlər. Rusca tərcüməsi A. M. Şerbakın 1959-cu ildə nəşr etdiyi “Oğuznamə–Məhəbbətnamə” kitabında yer alır. Rəşidəddinin farsca yazılmış məşhur “Cami ət-təvarix” əsərindəki Oğuznamənin tamamlandığı tarix isə 1310-cu il göstərilir. Ardınca Xivədə yazılmış Əbülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” (“Türkmənlərin soy kitabı”) əsəri gəlir ki, bunu da bizə daha yaxın dövr olan 1818–1819-cu illərə aid edirlər.
Adı keçən bu ən ünlü Oğuz dastanlarında “Azər” sözünün türklərlə əlaqələndirilməsinə ümumiyyətlə rast gəlinmir. Hətta V. V. Radlovun 1893-cü ildə nəşr olunan “Türk ləhcələri lüğəti təcrübəsi” kitabında da bu sözün yer almadığını görürük. Sadəcə Bartold “Orta Asiya türk tarixi haqqında dərslər” (İstanbul, 1927) əsərində oğuzlardan bəhs edərkən qırğızların qonşusu olan “az”lar barədə qısa bilgi vermişdir. Bunun Azər və ya Azərbaycanla əlaqələndirilməsini ciddi elmi ədəbiyyatda görmək mümkün deyildir.
Yəni Azərbaycan adının “Azər xalqı”ndan gəlməsi, azərlərin türk olması, türklərdə “Azər” sözünün “azman, nüfuzlu, hörmətli, intellektual adam” mənası daşıması, Bayqan / Azərbayqan = həmin adamların ölkəsi kimi tezislərin heç biri Firudin Cəlilovun qeyd etdiyi formada Rəşidəddinin mətnində yoxdur.
Subyekt.az