Cümhuriyyət dövrünün milli mətbuatı və ya təzadlar dövrünün ziyalıları
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa vaxt ərzində ölkədə bir çox sahələrin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Şərqdə ilk demokratik respublikanın qurucuları xalqımızın ən öndə gedən ziyalıları və maarifçiləri olmuşlar. Onlar xalqın ümumi tərəqqisinin təminatına, demoktratik cəmiyyətin formalaşmasına və müstəqil dövlətin sosial-siyası əsasların möhkəmləndirilməsinə çalışmışlar. Xalq Cümhuriyyəti 23 ay ərzində, həqiqətən, xalqa xidmət etdiyini təsdiqləmişdi.
Tədqiqatçıların qənaətinə görə Azərbaycan mətbuatı tarixinin 1918-1920-ci illəri bütün əvvəlki dövrlərə nisbətən özünün ən yüksək inkişaf mərhələsini keçmişdir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrilmişdir. İki il ərzində ölkədə 100-ə yaxın müxtəlif adda qəzet və jurnal çapdan çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyildi, həm də ideya-məzmun zənginliyində idi. Millətə aid siyasi mətləblərin milli mətbuat və milli məktəbdən uzağa getmədiyi bir zamanda milli mətbuatın fəaliyyəti milli məfkurənin formalaşmasında aparıcı rol oynadı.
1918-1920-ci illər mətbuatını tədqiqatçılar ideya istiqaməti baxımından bir neçə yerə bölmüşlər: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, cümhuriyyət hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik xarakterli qəzetlər, jurnallar. Lakin bu istiqamətlər içərisində daha realı və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi. Cümhiriyyət dövründə Bakıda, Gəncədə, Şuşada, Tiflisdə, İrəvan və digər inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə nəşr edilirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, dövlət xadimləri, ideoloqları milli mətbuatımızın təməlini qoyan mütəfəkkirlər idi. İstiqlalçılıq, dövlətçilik, cümhuriyyətçilik fikrən milli mətbuatımızda təbliğ olunurdu. Məhz mətbuat dinamikasında siyasiləşən, proqramlaşan ideyanın gerçəkləşməsi oldu. A.X.C. “Əkinçi” dən qidalanan, “Ziya”, “Kəşkül”, “Şərqi Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Kaspi”, “İqbal”, “Açıq söz”, “Dirilik”, “Təkamül”, “Hümmət” və digər mətbuat orqanları ilə cilalanan milli məfkurənin əməli təntənəsi oldu. Cümhuriyyətin banilərindən M.Ə.Rəsulzadə siyasi mübarizəsini “Şərqi Rus”, “Hümmət”, “Təkamül”, “Dirilik”, “Açıq söz”də xalqına anladırdı və ardınca səsləyirdi. Əlimərdan bəy Topçubaşovun redaktorluğu dövründə “Kaspi” nin məzmunu siması dəyişdi. İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi düşüncəsinə kökləndi. Həsən bəy Ağayev Gəncədə çıxan “Yujni Kafkaz” qəzetinin redaktoru olmuş, maarifçilik ideyalarını yaymışdır. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə mütləqiyyət caynağından qopan ilkin fürsətdə mətbuatımızın “ağır artilleriyası oldular.
Azərbaycan Xalq Cümhuriyyəti mətbuatının həqiqi sələfləri sırasında “İqbal” qəzetinin xüsusi çəkisi vardır. Azərbaycan Cümhuriyyəti bəyan ediləndə milli dövlətin mətbuatı artıq zəngin, ciddi, peşəkar təcrübəyə malik idi. Təqib və təzyiqlər altında yaydıqları fikirləri indi açıq şəkildə daha ucadan deyə bilərdilər. Həm də dövlətin dəstəyi, himayəsi sayəsində milli mətbuat yeni inkişaf mərhələsinə daxil olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” (1918-1920), “İstiqlal” (1918-1920), “Övraqi-nəfisə” (1919), “Müsəlmanlıq”, (1917-1919), “Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu) (1918), “Şeypur” (1918-1919), “Zənbur” (1919), və s. kimi milli ruhlu mətbuat orqanları işıq üzü görmüşdür.
Azərbaycan milli istiqlaliyyətini elan etdikdən sonra milli mətbuatın qarşısında da yeni vəzifələr dururdu. Ona görə də hökumət və parlament mətbuatın və nəşriyyatın işini dövrün tələbləri səviyyəsində qurmaq üçün bir sıra qərarlar qəbul etmişdi. 1919-cu il oktyabrın 30-da parlament tərəfindən mətbuat məsələlərini tənzimləyən ayrıca sənəd-Mətbuat haqqında Nizamnamə qəbul olunmuşdu. Hökumət həmin ilin aprel tarixli qərarına əsasən, nizamnamə layihəsini hazırlamaq Ədliyyə nazirliyinə tapşırılmışdı. Lakin iyunun 20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini bəyənmiş və onu parlamentin müzakirəsinə çıxarmışdı. Nizamnamə söz və mətbuat azadlığı prinsipinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən qanunlara tabe olmalıdır.
Mətbuat azadlığına yekdilliklə tərəfdar çıxan parlament üzvləri qanun layihəsini ən ciddi sənədlərdən biri hesab edirlər. Bununla belə, layihənin hər üç oxunuşu qızğın müzakirələrlə keçmişdi. “Hümmət” partiyası və sosialist fraksiyası layihənin əleyhinə çıxmışdılar və bildirmişlər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz. Nizamnamə demokratiya və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsil, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğurmuşdu.
Cümhuriyyət hökuməti mətbuat azadlığı, milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi. Məlumdur ki, Xalq Cümhuriyyəti yaranana qədər çar Rusiyası tərkibində olan Azərbaycanda mətbuat azadlığı yox idi. Ana dilinndə yazıb-oxumaq böyük maneələrlə qarşılaşır, qəzet və jurnallar ciddi senzuraya məruz qalırdı. Belə bir rejim milli şüurun, milli mədəniyyətin inkişafına ağır zərbə vururdu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu.
O dövrdə əsas vəzifə Xalq Cümhuriyyətini qoruyub saxlamaqdan, daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi.Yeni vəzifələri həyata keçirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə özünü rəsmi orqanı olan “Azərbaycan” qəzetini nəşr etdirməyə başlamışdı. Qəzetin müxtəlif vaxtlarda redaktorları Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim olmuşlar. Cümhuriyyətin ictimai-siyasi, iqtisadi və mədəni təsisatların tarixi mənzərəsi bu qəzetdə geniş əksini tapmışdır.
Milli siyasi birliyə çağırış Cümhuriyyət dövründə bütün Azərbaycan mətbuatının başlıca şüarına çevrilmişdi. 1918 -ci il martın 31-də Bakıda, habelə Azərbaycanın müxtəlif bölgələrində erməni-daşnak və rus-bolşevik qara güruhçuları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən kütləvi soyqırımları da milli mətbuatın başlıca mövzusu idi. Həmin vaxtlarda “Açıq söz” qəzeti yazırdı: “Dəhşətli saat gəlir, birlik gərəkdir”. Qəzet Azərbaycan xalqının siyasi partiyalarını xarici irticaya qarşı birliyə çağırırdı. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apardığı maarifçilik təbliğatı yaxınlaşmaqda olan dümən təxribatının ifşasında böyük rol oynayırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin həftəlik qəzeti olan “İstiqlal” ın da bu istiqamətdə fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bakıda nəşr olunan qəzetin ilk nömrəsi 1919-cu il fevralın 4-də, son nömrəsi 1920-ci ilin aprelin-23 də (cəmi 42 nömrə) çıxmışdır.
1919-cu il martın 11-də nəşrə başlayan “Övraqi-nəfisə” jurnalı ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919-cu ilin mart-avqust aylarında Bakıda cəmi 6 nömrəsi nəşr edilmiş jurnalın redaktoru Əlabbas Müznib, naşiri bəstəkar Zülfüqar bəy Hacıbəyli, rəssamı Əzim Əzimzadə idi. Jurnalda F.Köçərli, Abdulla Şaiq , Zülfüqar Hacıbəyli, Əmin Abid, Məhəmməd Hadi, və s. müəlliflər çıxış edirdilər.
Həmin illərdə Azərbaycanda milli ideyalı “Şeypur” jurnalı da nəşr olunmuşdur. İlk nömrəsi 1918-ci il oktyabrın 5-də çıxmış “Şeypur” un naşiri Səməd Mənsur, redaktoru Məhəmmədli Sidqi idi.
1920-ci ilin əvvəlində nəşrə başlamış “Qurtuluş” jurnalı ədəbi-mədəni sahədə xeyli iş görmüş, Azərbaycan xalqının milli mədəniyyətinin təbliğində mühüm rol oynamışdır. Qətiyyətlə deyə bilərik ki, A.X.C. dövrünün milli mətbuatı bütün bu tarixi mübarizələrinin önündə olmuş, salnaməsini yazmışdır. Milli mətbuatımız bu tarixin təkcə yol yoldaşı olmadı, bu tarixi yaratdı, ona mübarizlik ruhu verdi, müstəqil dövlətçiliyin bərpasına qovuşurdu.
Çağdaş milli mətbuatımız təməli, ənənəsi fəxarət doğuran bir məktəbin yetirməsidir. Peşəkarlıq prinsiplərini yüksək tutan samballı jurnalistlər ordusuna Şeyx Xiyabani öyüdünü yada salmaq yersiz olmaz: “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyimizin qazanıldığı illərdə də mətbuat milli dövlət quruculuğu prosesində ön mövqedə dayandı. Odur ki, istər əsrin əvvəlində, istərsə də sonunda Azərbaycan milli mətbuatının uğurları birbaşa istiqlal düşüncəsi, dövlət müstəqilliyi ilə bağlıdır.
Milli jurnalistikamızın bu taleyüklü dövrünün mətbuatı bu gün də bütün incəliyinə, detallarına qədər öyrənilməli, təhlil olunmalı və dəyərini almalıdır.
Aynur Turan
Subyekt.az