![]()
Cövhər Dudayevin anım günü
Cövhər Dudayev 1944-cü ilin fevral ayında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün edilərkən o, cəmi 15 günlük körpə idi.
Dudayev sürgündə keçən uşaqlıq illəri haqqında belə deyirdi:
“Mən dinimi anamın qoynunda öyrəndim. Tamamilə ateist təhsili aldım və ateist bir ordu olan ‘Qızıl Ordu’da generallığa qədər yüksəldim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə almışdım. Sürgündə olduğumuz illərdə niyə Vətəndən uzaqda olduğumuzu, xalqımıza edilən zülmü anamdan və böyüklərdən öyrəndim. Uşaqlıqda dostlarımla bunları danışar, Vətəni xəyal edərdik. Bir gün mütləq azad yaşayacağımıza inanırdıq. Bu gün o illəri xatırlayanda düşünürəm: görəsən, bu gün Çeçenistanda baş verənləri gələcəyin böyükləri necə dəyərləndirəcək? Bu işğal və zülm unudulmayacaq. Mən müsəlman olduğumu heç vaxt unutmadım.”
Onun uşaqlıq illəri Sibirdə ağır şəraitdə keçdi. Orta təhsilini də orada tamamladı. 1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasını, 1966-cı ildə isə Uzaq Məsafəli Təyyarələr üçün pilot və mühəndis hazırlayan akademiyanı bitirdi. 1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademiyasını da başa vuraraq birinci dərəcəli pilot və mühəndis oldu.
Keçmiş SSRİ tərəfindən 12 medalla təltif olunan Dudayev tümgeneral rütbəsinə qədər yüksəldi və Sovet tarixində Strateji Hava Qüvvələrində diviziya komandiri olmuş ilk müsəlman kimi adını tarixə yazdırdı.
1989-cu ildə Estoniyada xidmət edərkən Baltikyanı ölkələrdə başlanan azadlıq hərəkatlarını zorla yatırmaq əmri aldı. Lakin o, “Azadlığı uğrunda mübarizə aparan xalqa bomba atmaram” deyərək bu əmri yerinə yetirmədi. Bu addımına görə “qiyamçı general” adlandırıldı və vəzifədən uzaqlaşdırıldı. 1990-cı ilin mayında istefa verdi.
Həmin ilin noyabrında Çeçen Xalq Qurultayına dəvət edildi və sonradan “Çeçen Beynəlxalq Konqresi” adlanan qurumun rəhbəri seçildi. 1991-ci ilin avqustunda SSRİ-də baş verən hadisələr zamanı Mixail Qorbaçov əleyhinə təşkil olunan proseslərdə iştirak etdi.
1994-cü il dekabrın 11-də Rusiyanın Çeçenistana hərbi müdaxiləsinə qarşı Dudayev xalqını müqavimətə çağırdı. Onun rəhbərliyi altında çeçenlər iki ilə yaxın davam edən ağır mübarizə apardılar və 1996-cı ilin mayında bölgə faktiki olaraq rus qoşunlarından təmizləndi.
Dudayev deyirdi:
“Üzərimdəki uniforma mənim kəfənimdir. Şəhidliyi şərəf hesab edirəm. Qanımın son damlasına qədər Vətənimin azadlığı uğrunda mübarizə aparacağam.”
21 aprel 1996-cı ildə onun olduğu yer raket zərbəsi ilə vuruldu və Dudayev həyatını itirdi.
Onun ölümünün necə baş verdiyi uzun müddət müzakirə mövzusu oldu. Sonradan bəzi mənbələrdə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məlumat ötürdüyü iddiaları səsləndirilsə də, bu versiyalar rəsmi şəkildə təsdiqlənməyib.
Bu gün Cövhər Dudayev Çeçen xalqının yaddaşında azadlıq uğrunda mübarizənin simvolu kimi yaşayır. 1996-cı ildə Latviyanın paytaxtı Riqa şəhərində küçələrdən birinə onun adı verilib.
Subyekt.az