Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib, sammitin rəsmi hissəsindən sonra Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı da təşkil olunub.
Konsert proqramında dünya şöhrətli muğam ustadı, Xalq artisti Alim Qasımovun və balaban ustası, Xalq artisti Əlixan Səmədovun birgə çıxışı ilə ərsəyə gələn “Sarı gəlin” mahnısı xüsusi marağa səbəb olub.
“Azərbaycan musiqiçilərinin çıxışları onları dinləyən hər kəsin, o cümlədən xarici vətəndaşların da ürəyinə yatdı. Bizim üçün də bir şərəf idi ki, bizi eşitməyən, musiqilərimiz haqqında məlumatsız olan çoxsaylı ölkələr mahnılarımızı, mədəniyyətimizi öz gözləri ilə gördü, xalqımızın milli adət-ənənələri ilə yaxından tanış oldu. Mədəniyyət xadimlərimiz üzərlərinə düşən vəzifənin öhdəsindən çox yaxşı gəldilər. Belə böyük tədbirdə ölkəmizi təmsil etmək qürurvericidir. Həmin tarix yaddaşımızda unudulmaz gün kimi qalacaq”.
Alim Qasımovun ifasını balabanda müşayiət edən Əlixan Səmədov qeyd edib ki, 80-ə yaxın dövlət rəhbərinin qarşısında illərdir mübahisəsi gedən “Sarı gəlin”imiz, balabanımız, muğamımızın bizə aid olduğunu bir daha göstərdik.
“COP29-u iqlim dəyişikliyi ilə birlikdə, Azərbaycan mədəniyyəti üçün də xüsusi tədbir hesab edirəm. Bu cür böyük tədbirdə mədəniyyətimizi nümayiş etdirmək bizi 5-10 addım da irəli atdı. Sənətçilərimiz Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edir, yayır, amma COP29 sayəsində öz ölkəmizdə minlərlə insana, xarici liderlərə mədəniyyətimizi göstərmək daha şərəfli, daha rahat idi”,- deyə o qeyd edib.
Subyekt.az